BALANSLAŞDIRILMIŞ XARİCİ SİYASƏTDƏN İMTİNA... – Prezidentin son bəyanatları nədən xəbər verir?

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul etdi. Dövlət başçısı adətən səfirləri qəbul edəndə onlarla ancaq ikitərəfli əlaqələrin müsbət məqamlarından danışır. Bu dəfə belə olmadı. İlham Əliyev səfirə Yunanıstan haqqında bütün tənqidi düşüncələrini açıq dedi.

Birincisi, preizdent dedi ki, Yunanıstan iki il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanan “Tərəfdaşlıq Prioritetlərinə” sənədinə zidd siyasət aparır. Həmin sənəddə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Bu səbəbdən Yunanıstanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi Azərbaycanın haqlı narazılığına səbəb olub. Digər tərəfdən İlham Əliyev Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığını səsləndirdi.

İkincisi, İlham Əliyev Afinanın bir neçə il əvvəl Bakıya verdiyi vədini yerinə yetirmədiyini xatırlatdı: “Yunanıstanın keçmiş hökuməti bizə Yunanıstanın qaz şirkəti olan “DESFA”nın özəlləşdirilməsində SOCAR-ın iştirakını təklif etmişdi. Biz tenderə qoşulduq və qalib olduq. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu 6 il əvvəl olub. Biz düşündük ki, Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. Ancaq əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik”.

Üçüncüsü, İlham Əliyev Yunanıstan səfirinə açıq dedi ki, o Şərqi Aralıq dənizində yaranan hazırki gərgin durumda birmənalı şəkildə qardaş və strateji müttəfiq Türkiyəni dəsətkləyir: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsində dəstəkləyirik”.

İlham Əliyev Yunanıstan səfirinə sonda onu da dedi ki, Yunanıstanla Azərbaycan arasında əlaqələrdə müsbət məsələ tapa bilmir. İlham Əliyevin sözlərinə görə, ikitərəfli əlaqələr Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq.

Aydındır ki, Yunanıstan hökuməti Azərbaycanla bağlı siyasətini dəyişməyəcək. Afina SOCAR-a “DESFA”nın səhmlərini verməyəcək, Ermənistanla sıx əlaqələrdən imtina etməyəcək və Şərqi Aralıq dənizində Türkiyəyə müqavimət göstərməkdə davam edəcək. Bu is o deməkdir ki, Azərbaycanla Yunanıstan arasındakı əlaqələrin inkişafını gözləmək yersizdir. İki ölkə arasındakı əlaqələr sadəcə, Azərbaycanın Yunanıstana qaz satmasından ibarət olacaq.

İlham Əliyev Yunanıstan səfiri ilə görüşdə Rusiyanın Ermənistana hərbi yüklər göndərməkdə davam etdiyini də xatırlatdı. İlham Əliyev bir müddət əvvəl bununla bağlı iradını rusiyalı həmkarı Vladimir Putinə çatdırdıqdan sonra da Kreml Ermənistana hərbi yüklər göndərməkdə davam edir. Demək, rəsmi Bakı Yunanıstanla olduğu kimi Rusiya ilə siyasi münasibətləri korrektə etmək məcburiyyətindədir.

Bu isə rəsmi Bakının illərdir apardığı balanslaşdırılmış xarici siyasətin korrektə olunması deməkdir. Bu doğru strategiyadır.

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Xalq 2020-09-03 17:35:02

bu strategiyanı dəstəkləyirik, rusiyanın nazı ilə çox oynadıq. Artıq yetər

Cəmşid Dərələyəzli 2020-09-03 15:40:39

Azərbaycan Dövlət Başçısının son dövrlərdəki siyasətini alqışlayırıq. Çünki, balanslaşdırılmış siyasətdən imtina artıq zamanın tələbidir və bunu bölgədə ve regoonda gedən proseslər diqtə edir. Tarixin bütün dövrülərində ölkəsinin çıxarları naminə bu addımı atan Dövlət Başçılarının qətiyyəti sonda öz sözünü deyibdir. İnşallah Azərbaycan da bu siyasəti ilə son 32 ildə demədiyi sözünü deyər. Allah yardımçımız olsun.

Son yazılar