“RUSİYANIN BİR MƏQSƏDİ PAŞİNYANI DEVİRMƏKDİR” – “Türkiyə ilə müttəfiqlik sazişi imzalamalıyıq”

Ermənilərin sentyabrın 27-də səhər saatlarındakı təxribatlarından sonra Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı uğurlu əks-hücum əməliyyatının davam etdiyi bu günlərdə bir çox iddialar yayılıb. 

Bunlardan biri Rusiyada fəaliyyət göstərən və daha çox “vaqnerçilər” kimi tanınan “Vaqnerin özəl hərbi şirkəti”nin muzdlu döyüşçüləri ilə bağlıdır. Onların Qarabağa gəlib, Azərbaycana qarşı vuruşa biləcəkləri deyilir. Modern.az Rusiyanın Ura.ru saytına istinadən bildirir ki, “vaqnerçi”lərdən biri bu barədə açıqlama verib. “Siqnal gələn kimi Qarabağa yola düşəcəyik. Biz Ermənistan tərəfdə vuruşacağıq”, - deyə muzdlu döyüşçülərdən biri sayta danışıb.

Bu tipli iddiaların meydana çıxmasına baxmayaraq, əksəriyyət bu iddiaların doğru olacağına inanmır, bunu yalana bənzədir. Bu da daha çox əməliyyatların başlamasından sonra keçən günlər ərzində Kremlin proseslərə seyrçi mövqedən yanaşması ilə bağlıdır. Çoxları hesab edir ki, belə bir şəraitdə şimal qonşumuz Qarabağ müharibəsinə “Vaqnerçilər”lə müdaxilə etməz.

1992-93-cü illərdə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında hər bir informasiyanın diqqətə alınmasının vacib olduğunu bildirdi: “Öncəliklə onu qeyd edim ki, biz hazırda müharibə aparırıq və müharibədə informasiya, psixoloji savaş indiki strateji savaşın ayrı-ayrı ünsürləridir. Savaş əslində strateji xarakter alıb. Yəni çoxtərəfli, çoxyönlü aparılır. Ona görə də, bu informasiyaların hər birinə təbii ki, ehtiyatla, diqqətlə yanaşılmalıdır. Bunlar Azərbaycanın xüsusi xidmət orqanları, o cümlədən qardaş Türkiyə və Azərbaycanın təbii, potensial müttəfiqi olan ölkələrin xüsusi xidmətləri tərəfindən araşdırılır. Qeyd etdiyim kimi, hər bir informasiya yoxlanılmalıdır. Digər tərəfdən, bilirsiniz ki, ”Vaqner" rəsmi olaraq özəl hərbi şirkət hesab olunsa da, əslində Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə tabedir. Yəni birbaşa Rusiya Müdafiə Nazirliyinin bir ünsürüdür. Sadəcə olaraq, müasir vəkalət müharibələrində istifadə olunan alətlərdən biridir. Bu baxımdan, əgər Rusiya Ermənistan tərəfindən hadisələrə dolayısı yolla müdaxilə etmək qərarı versə, təbii ki, bu zaman “Vaqner”dən istifadə oluna bilər. Amma onu nəzərə almaq lazımdır ki, Rusiya bu hissələrdən o zaman istifadə edəcək ki, Azərbaycanın hücumları artıq Rusiyanın ölkəmizdəki işğal zonası ilə bağlı maraqlarına zidd olsun və Kremlin siyasi diplomatik təzyiqləri nəticə verməsin. Belə olan halda təbii ki, Rusiya Azərbaycana təzyiq vasitəsi kimi o ünsürlərdən istifadə edə bilər. Amma yenə deyirəm ki, bu, sadəcə, bir ehtimaldır. Əsas məsələ bütün informasiyaların yoxlanılması və təsdiqlənməsindən keçməlidir".

S.Əkbər müharibə başlayandan indiyə qədər keçən müddət ərzində şimal qonşumuzun sərgilədiyi mövqedən çıxış edərək, fikirlərinə bu cür davam etdi: “Fürsətdən istifadə edib Rusiyanın niyyəti barədə danışmaq istəyirəm. Fikrimcə, Ermənistanın bu hərbi təxribatlara cəlb olunmasının arxasında Kreml durur. Təbii ki, burada digər ölkələr də var. Amma burada başlıca oyunçu Rusiyadır. Onda sual verə bilərsiniz ki, rəsmi Moskvanın burada niyyəti nədir? Çox konkret olaraq, burada Rusiyanın niyyətini görürəm. Birincisi, burada əsas niyyətlərdən biri Ermənistanda Paşinyan hökumətinin - hansı ki, Kremlin istəklərinə, maraqlarına cavab vermir - pis vəziyyətə salınması və erməni baş nazirin devrilməsi üçün hərəkətə keçilməsi, Paşinyan hökuməti devrildikdən, yaxud sındırıldıqdan sonra ”Kazan prinsipləri"nə hər iki tərəfin razı salınmasıdır. Şimal qonşumuz Ermənistanı Azərbaycanla müharibəyə təhrik etməklə iki başlıca istəyinə nail olur. Həm Paşinyan hökumətini devirir, yaxud sındırır, “Kazan prinsipləri”, yəni Rusiyanın variantı ilə həllə razı salır. Eyni zamanda rəsmi Bakını da buna razı salır. Lavrovun beş rayonun qaytarılması məsələsi ilə bağlı açıqlamasını xatırlayaq. Azərbaycanın beş rayonunu qaytarmaqla Qarabağa sülməramlı qüvvələr adı altında öz qüvvələrini yeridir və Qarabağı, üstəlik, iki rayonu da tam leqal şəkildə öz nəzarəti altına keçirir. Yəni ölkəmizin əli ilə həm Ermənistanda öz istəyinə nail olur, həm də Azərbaycanda öz istəyini həyata keçirir. Həmişə deyirdim ki, Kremlin min bir oyunu bunun başındadır, yəni Azərbaycana sülhməramlı qüvvələr adı ilə öz hərbi bazasını yerləşdirmək. Bununla Rusiya bir gedişlə həm Ermənistanda, həm də Azərbaycanda öz istəyinə nail olmaq istəyir.

Ona görə də, neçə ki, bu istək istiqamətində proseslər gedir, Rusiyanın kobud şəkildə müdaxilə edəcəyini düşünmürəm. Amma Azərbaycan Moskvanın baxışı ilə həddindən artıq irəli getsə və Kreml görsə ki, hadisələr Rusiyanın nəzarətindən çıxa bilər - burada Türkiyə faktorunu də nəzərə almaq lazımdır - o zaman dolayısı yolla, hətta lazım gəlsə birbaşa müdaxilə edə bilər. Bu baxımdan Türkiyə faktoru burada çox önəmlidir. Yorulmadan bir daha bu fikri təkrar edirəm ki, Azərbaycan fürsətdən istifadə edib, qardaş dövlətlə hərbi müttəfiqlik sazişi imzalamalıdır. Bu sazişin imzalanması çox güclü, çəkindirici amil olacaq. Bununla Moskvaya da ciddi mesaj veriləcək. Hətta burada Rusiya ilə Türkiyə arasında hər hansı bir danışığın, yaxud çərçivə razılaşmasının olmasını da inkar etmirəm. Çünki bilirsiniz ki, Moskva-Ankara arasında mürəkkəb münaqişələrin birgə idarə olunması modelləri var. Bunu biz Suriyada da, Liviyada da görürük. Prinsipcə İdlib modelinə bənzər bir model ətrafında Rusiya və Türkiyə anlaşa bilər. Hadisələri diqqətlə izləyirik. Azərbaycan xalqı da prosesləri diqqətlə izləməlidir. Biz imkan verməməliyik ki, ölkəmizin maraqlarına zidd bir anlaşma olsun".

635x100

Şərhlər

kate 2020-10-08 15:45:08

Azərbaycan Türkiyədən təkcə siyasi dəstək görür. Bu müharibəni biz apaririq. Tanrı türkü qorusun..

Özgür 2020-10-01 16:02:42

Türkiyə ilə mütləq hərbi müttəfiqlik sazişi imzalanmalıdır.

Xalq 2020-10-01 12:24:40

Sülhəddin bəy, vaqnerçilər Suriyadan və Liviyadan qovuldular. Əgər döyüşə girsələr neytrallaşdırılacaqlar Qardaş Türkiyəmiz tərəfindən.

Izabella 2020-09-30 12:28:00

Rusiyanin meqsedi ... saq olsun Erdogan vaxtinda mudaxile olundu,5 kolon zamininda ifsa olundu ,birce Agalarovlarin ayagi da burdan kesilse idi deyerdim, bu lap ela,Allah Turkey yar olsun

Vətəndaş 2020-09-30 10:05:14

Türkiyə ilə hərbi müqavilə bağlamaq vacibdir. Biz eyni millətik,niyə də bu olmasın. Türkiyə durub bu müharibənin qarşısında. 27 ildir 1 metr belə torpaq alınmayıb. Türkiyənin varlığı ortaya çıxandan sonra şükür Allaha özümüzə gəlmişik. Türkiyə ilə ittifaqı rəsmləşdirmək və möhkəmlətmək lazımdır. Türkiyə olmasa bizi məhv edərlər. Bizim birliyimiz Türkiyə üçün də,Türk dünyası üçün də vacib amildir.

Son yazılar