QARABAĞDA TAM ZƏFƏRİN MÜJDƏSİ YAXINDIR! - Azərbaycanın cəmi 40 gündə üç mühüm uğuru və...

Qarabağda hərbi əməlliyatların başlamasından cəmi 41 gün keçsə də, Azərbaycan üçün zəngin uğurlu nəticələr var. Təkcə bir faktı qeyd etmək kifayətdir: Azərbaycan Ordusu Laçın dəhlizinə çıxaraq Şuşa şəhərini üç tərəfdən mühasirəyə almağa müvəffəq olub, Laçın, Xocavənd uğurunda qızğın döyüşlər gedir, burada hərbi əhəmiyyətli strateji yüksəkliklərə nəzarəti ələ keçirib.

Yerli və xarici ekspertlər əmindirlər ki, qısa müddətdə düşmənin bu istiqamətdəki mövqeləri darmadağın edləcək. Uğursuzluğu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsun Hovannesyan da dolayısı ilə etiraf edib.

O sosial şəbəkədə yazıb ki, ola bilsin, noyabrın 9-da Azərbaycanda Bayraq Günü olduğuna görə Şuşanın bəzi nöqtələrində Azərbaycan bayrağı dalğalandırılsın...

Müharibənin başlamasından cəmi 40 gün ötsə də, Azərbaycan bu nöqtəyə böyük çətinliklərə, manelərə sinə gərərək gələ bilib. Həm hərbi, həm də diplomatik, siyasi planda düşmənin havadarları ilə birgə qurduğu mürəkkəb kombinasiyaları darmadağın etmək düzgün strategiya, böyük zəhmət, gərgin fəaliyyət tələb edib.

Keçən müddətdə baş verənlərə qısa nəzərə salsaq, Azərbaycanın qazandığı 3 böyük uğuru belə qruplaşdırmaq olar:

- İşğalda olan ərazilərinin dörddə birini azad etmək;

- Azərbaycanı dayandırmağa çalışan güclü xarici təzyiqləri dəf etmək;

- Süni bəhanələrlə münaqişəyə kənar müdaxilə cəhdlərini neytrallaşdırmaq.

Müdafiə Nazirliyi hərbi əməliyyatların gedişi və əldə olunan nəticələrlə bağlı cəmiyyəti vaxtaşırı məlumatlandırır. Bu günə qədər əldə olunan nəticə işğalda olan 4 rayon - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları əsasən, Xocavənd, Laçın rayonlarının isə bir neçə yaşayış məntəqələri işğaldan azad edilib.

Azərbaycan-İran dövlət sərhədinə nəzarət tamamilə bərpa olunub. Azərbaycan Ordusu hazırda düşmən üçün həyatı əhəmiyyət daşıyan Laçın dəhlizinə, Vardenis-Ağdərə yoluna nəzarət edir, habelə Şuşa ətrafında həlledici döyüş aparır.

Hərbi ekspertlər bildirirlər ki, Şuşanın azad edilməsi, Xankəndinin və Laçının təmizlənməsi üçün də unikal imkanlar yaradır. Bundan sonra cəbhənin şimal cinahında - Agədərə, Ağdam istiqamətində cəmləşdirilən düşmən qüvvələrinin darmadağın edilməsi asanlaşacaq.

Çünki buradakı hərbi birləşmələrin arxa ilə əlaqəsi kəsilib, onlar nə qədər möhkəmləndirilmiş mövqelərə sahib olsalar belə, Azərbaycan Ordusunun bir neçə istiqamətdən endirdiyi zərbələr qarşısında məhv olacaqları qaçılmaz görünür. Rəsmi məlumatlara görə, artıq Xocavənd və Hadrut istiqamətindən düşmənin mövqelərinə gücül artilleriya, aviasiya zərbələri endirilib. Nəticədə çoxlu sayda canlı qüvvə, hərbi texnika, silah anbarları sıradan çıxarılıb.

Daha sonra Ermənistanla 132 km sərhədi olan Kəlbəcər rayonunun azad edilməsi istiqamətində addımlar atıla bilər.

Ermənistan rəhbərliyi döyüşlərin ilk günündən Azərbaycan Ordusunun sözgedən reallıqları yaratmasına imkan verməməyə çalışırdı. Paşinyan hökuməti, erməni lobbisi, Fransa, Rusiya və ABŞ-dakı siyasi dairələrlə koordinasiyalı şəkildə Azərbaycana sistemli, ardıcıl təzyiqlər göstərilməyə başladı. 

Rəsmi Bakıdan müharibəni dayandırıb sülh danışıqlarına başlamaq tələb olunurdu. Bunu Minsk Qrupu həmsədrləri ən yüksək səviyyədə, özü də bir neçə dəfə ifadə etdilər. Rusiya rəhbərliyinin təzyiq cəhdləri isə paralel olaraq düşmənin boşalan hərbi arsenalını yeni silahlarla doldurmaqla müşayiət olunurdu.

Azərbaycan, müttəfiqi Türkiyə ilə koordinasiyalı fəaliyyət sərgiləyərək, görünməmiş basqılara duruş gətirdi. Moskvada, Vaşinqtonda, Cenevrədə təşkil olunan görüşlər nəticəsiz bitdi: Ermənistan Azərbaycanın şərtlərini qəbul etməkdən imtina etdi və hərbi əməliyyatların dayandırılması üçün heç bir legitim əsas olmadı.

Prezident İlham Əliyev də dövlətin mövqeyini xarici mətbuata müsahibələrində, həm ikitərəfli danışıqlarda bəyan edərək yeganə şərtin Ermənistanın işğalda olan əraziləri tamamilə boşaltması olduğunu bildirdi.

Beləliklə, Azərbaycanı beynəlxalq hüquqa uyğun olan haqlı mövqeyindən geri çəkilməyə məcbur etmək mümkün olmadı. Vasitəçi həmsədrlər yenidən əvvəlki "tərəfsiz" mövqelərinə qaytımağa məcbur oldular. 

Azərbaycana qarşı hədə-qorxuların heç biri realda həyata keçirilmədi, BMT, ATƏT, Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası Bakını qınayan heç bir bəyanat səsləndirmədilər. Bu, Türkiyənin dəstəyi ilə Azərbaycan diplomatiyasının prinsipal mövqeyindən irəli gələn mühüm uğur idi.

Ermənistana verilən hərbi, siyasi, diplomatik dəstəyin fiaskoya uğraması bəzi xarici qüvvələri "sonuncu silahı" işə salmağa vadar edib. Konret Rusiya və İran hakimiyyət dairələrindən guya Azərbaycan tərəfdən Suriyadan gətirilmiş muzdlu dəstələrin vuruşduğuna dair iddialar səsləndirilir. 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir neçə gün əvvəl "Kommersant" qəzetinə müsahibəsində Qarabağda 2000-ə yaxın muzdlunun döyüşdüyünü iddia edib. Ardınca isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin onun iddialarını təkrarlayıb. Bildirib ki, Yaxın Şərqdəki müttəfiq kəşfiyyat xidmətlərindən alınan məlumatlarda "terrorçuların" döyüşlərdə iştirakı barədə dəqiq məlumatlar əldə olunub. Narışkin daha da uzağa gedərək Türkiyə kəşfiyyat qurumlarının Qarabağda aktiv fəaliyyət göstərdiyini də vurğulayıb.

Xatırladaq ki, İranın dini lideri Ayətullah Əli Xameneyi də münaqişəyə dair bəyanatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı bölgədəki xarici muzdlulardan söz açıb. Onların İran sərhədlərindən uzaq tutulması barədə çağırış edib. Dini liderin bəyanatının bu hissəsi erməni və rus mediasında tirajlanıb.

Bu əsassız ittihamlara Türkiyənin münasibəti çox sərt olub. Prezident R.T. Ərdoğan bəyan edib ki, bu cür iftiralar atmaq Azərbaycanı və Türkiyəni yolundan döndərə bilməz. 

O, Dağlıq Qarabağa Suriyadan 1500-dən artıq PKK militanlarının gətirilməsini vurğulayaraq, bu cür fəaliyyətlərin Türkiyənin qırmızı cizgilərini aşdığı barədə xəbərdarlıq edib. Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyi dünən döyüşlərdə PKK yaraqlılarının öldürüldüyü barədə məlumat yayıb.

Prezident İlham Əliyev bu iftiralara bir neçə dəfə cavab verib. Dövlət başçısının İspanıyanın EFE informasiya agentliyinə müsahibəsində cavabı isə daha sərt olub: “Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası informasiyadan və şayiələrdən istifadə edirlər".

İlham Əliyev qeyd edib ki, bizdə heç bir muzdlu yoxdur: "Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil".

Prezident vurğulayıb ki, dəfələrlə vasitəçilərin bitərəf olması barədə danışıb: "Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən çıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun və ittihamlardan uzaq durun. Əgər biz muzdlularla bağlı bizi ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik. Buna görə biz tərəfdaşlarımızdan eynisini gözləyirik”.

Prezidentin dedikləri Rusiya hakimiyyət dairələrinin iftira dolu iddialarına tutarlı cavabdır. Bu kəsərli arqumentlərin qarşısında Lavrovun, Narışkinin nə deməsi artıq əhəmiyyət daşımır.

Onların "muzdlu terrorçu" iddiası o qədər əsassızdır ki, Qərbdəki ermənipərəst dairələr də ondan istifadə etməkdə çətinlik çəkirlər. Böyük dövlətlərin mövqelərində Rusiyanın bu iddiaları ilə sinxron təşkil edən hər hansı bəyanata rast gəlmək mümkün deyil.

Ona görə, əminliklə demək olar ki, beynəlxalq birlikdən dəstək almadan belə uydurma "faktlar" düzəltməklə münaqişəyə müdaxilə edib Ermənistanı xilas etmək mümkün deyil. 

Bu gün-sabah Azərbaycan bayrağı Şuşada dalğalanacaq...

Elçin Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Xalq 2020-11-07 14:57:49

Başda Komandanımız və Ərdoğan olmaqla ordumuz da sağ olsun! Sən də sağ ol Elçin bəy!

Qarabag Azerbaycandir! 2020-11-07 11:44:47

Ovanissyan sen Hadrutu alanda da gelib bayraq asib sekil cekib cixib gedibler dedin. Ne oldu bes? Hadrut bizimdir. Indi sene sualim var. Bizler gelende sizin bayragi cixarib ayaqlar altina atib ucrengli bayragimizi ucaldanda senin qorxmaz, qehreman, igid, ruh yuksekliyi ile dolu olan sucaetli esgerlerin harda olmusduler? Bu yalana yalniz axmaqlar inanar. Sen qabaqdangelmislik edirsen bilirsen ki artiq Susa elden cixir. Resmi melumat yoxdu bilmirem Susa alinib ya yox ama inaniram ki mutleq alinacaq Ve sen de bunu gozel bilirsen. Odur ki yalanlarini qiraga qoy heqiqeti catdir Oz dirnaqarasi qehreman milleti ve ki senin cezani yungul versinler

Qarabag Azerbaycandir! 2020-11-07 11:34:10

Yadima usaq vaxti oxudugum hekaye dusdu. Ata oglanlarindan 7 nar cubugu getirmeyi isteyir Ve onu birlesdirib qirin deyir. Oglanlari onu ne qeder etseler de qira bilmir. Sonra tek tek verir Ve qirin deyir. Oglanlari bir anda qirib atirlar. Ata gorursuz siz bu 7 nar cubugu kimi birlessez sizi hec kim yixa bilmez yox eger tek.qalsaz bir andaca mehv olarsiz. Indi bu gun xalq ordu Ve hakimiyyet bir yumruq olmusuq Ve bizi hec kim yixa bilmez. Gucumuz birliyimizdir. Ermenistanin hal hazirda olan durumu bizim 90- ci illerde olan durumumuza benziyir. Allahin edaleti.

t.ədalət 2020-11-07 11:12:06

Bizə qələbələr gətirən hər kəs tarixin yaddaşını zənginləşdirəcək!Yurdumuzun torpaqları onların adı ilə şərəflənəcək!

Tural 2020-11-07 10:22:45

Qələminə sağlıq Elçin bəy!.

Eli 2020-11-07 10:14:21

İnşaalah yaxın günlerde bayrağımız tek Şuşada yox bütün Qarabağda dalğalanacaq.

OQTAY 2020-11-07 09:46:02

Ali Bas Komandanmiz,hemise qeyd edirdi ki,vaxt gelecek Qarabaqda ve elede Irevanda izebt olmus torpaqlarda Azerbaycan bayraqi dalqalanacaq!!!Hemin vaxt gelib cixdi,Allah Ali Bas Komandanin rehberliyi ile Qehreman Ordumuzu qorusun!!!AMIN!!!

Son yazılar