“PUTİNİN ÇIXIŞINDA TƏHLÜKƏLİ MƏQAMLAR DA AZ DEYİL” - Ekspertlərin şərhi

Rusiya prezidenti Vladimir Putin “Rossiya” kanalına müsahibəsində Dağlıq Qarabağla bağlı xeyli mətləblərə toxunub.

O, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirib. Amma eyni zamanda status məsələsinin həllinin bu günün məsələsi olmadığına da işarə edib. Rusiya rəhbəri Ermənistanın noyabrın 10-da əldə olunmuş üçtərəfli razılaşmaya əməl etməsinin vacibliyini vurğulayıb.

"Əks təqdirdə, bu Ermənistan üçün intihar olar"- deyə, Putin qeyd edib.

Rusiya prezidentinin dediklərini şərh edən politoloq Elxan Şahinoğlu Putinin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarının detallarını açıqlamasına toxunub: "Putin Paşinyanı "baqaja" qoydu. Bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib.

Ancaq Putinin çıxışında bizim üçün təhlükəli məqamlar da az deyildi. Kreml sahibi Dağlıq Qarabağın “status-kvosunun” davam edəcəyini vurğuladı. Bu o deməkdir ki, oradakı separatçılar və onların qanunsuz silahlı qüvvələri fəaliyyətlərini davam etdirə bilərlər.

Jurnalistin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına isə cavabı belə oldu: “Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın özmüqəddarıtını qəbul etdik...” 

Yəni, Kreml sahibi bununla sanki demək istədi ki, “hərbçilərimizə bir şey olsa, Azərbaycana problem yarada bilərik”. Cənubi Osetiyanın “tanınması” məhz sülhməramlılarla əlaqəli olmuşdu".

Politoloq qeyd edib ki, Putin müharibə dövründə Ermənistana kifayət qədər silah və hərbi sursat göndərdiyini ilk dəfə açıqlamış oldu: "Rusiya prezidenti dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi".

Xatırladaq ki, Vladimir Putin müsahibədə Türkiyə haqqında da fikirlərini bölüşdü. 

E. Şahinoğlu deyir ki, Kreml sahibi faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu vurğuladı: "Putin bunu deyərkən ermənilərin etirazına istinad etdi: “Ermənilər ötən əsrin əvvəllərindəki soyqırımı unutmayıblar”. Yəni, Putinin sözlərinə görə, Türkiyə sülhməramlıları ermənilərə psixoloji təzyiq vasitəsi ola bilər. O bunu istəmir. Ancaq Putin sözlərinə onu da əlavə etdi ki, Azərbaycan istəsə, Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər. 

Putin Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını da sözlərinə əlavə etdi. Başqa sözlə, Kreml sahibi demək istədi ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət də az deyil".

Azərbaycan Demokratiya və Rifah Hərəkatınının rəhbəri Qubad İbadoğlu isə Rusiya prezidentinin mesajlarından aşağıdakı nəticəyə gəldiyini yazıb:

"1. Qarabağ probleminin yaranmasında və digər məsələlərdə də SSRİ-nin zəifləməsini və dağılmasını səbəb bilir. SSRİ-nin bərpasında hələ də marağı qaldığını nümayiş etdirir.

2. Qarabağ probleminin həllində tutduğu mövqeni beynəlxalq hüquqa hörməti ilə əsaslandırır və rus qoşunlarının Qarabağda mövcudluğunu legitim sayır.

3. Çalışır ki, rus qoşunlarının hazırkı fəaliyyətinə görə nə Ermənistanda, nə də Azərbaycanda ictimai etimadını itirməsin, əksinə tərəfdarlarını artırsın.

4. Qarabağda rus qoşunlarını saxlamağa və bölgədə kommunikasiya xətlərinin bərpasına uzunmüddətli layihə kimi baxır.

5. Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir, onu nə Azərbaycana, nə də Ermənisana vermək istəmir. Hətta Gürcüstan nümunəsini göstərərək hər iki tərəfi təhdid də edir".

"AzPolitika.info"

635x100

Şərhlər

B.Qarabağlı 2020-11-19 13:31:38

Böyük RUS qardaşlarımız və V.V. Putinlə razılaşmalıyıq! A 1921ci ildə Paris Sülh konfransının təsdiq etdiyi AXC xəritəsini Azərbaycan heç zaman beynəlxalq aləmə çıxarmayıb? 2 AXC VARİSİ Yeni Azərbaycanın Konstitusiyasında nəinki həmin, heç AzSSRin xəritəsi də əlavə olunmayıb? C Milli söz birliyini axıra qədər icra edə bilmirik?

Cəmşid Dərələyəzli 2020-11-19 09:33:01

Həmişə demişik, Rusun üzünə gül, amma inanma. Bir dövlət ki, anadan hiylə ilə doğuldu, ondan səmuimiyyət bəkləmə. Amma Rusiya bizim Tağı demişkən nə qədər burcudur -burcuutsun, o Türkütəyə heç nədə yox deyə bilməyəcək. Çünki, bu gün beynəlxalq güclərin Rusiyanı boğmaq təcrid etmək amacı ortada. O da öz xilasını Türküyə ilə yaxınlıqda arayır. İkincisi də o bununla yenə də dünyaya mən hələ ayaqdayam və bu bölgə mənim himayəmdədir demək istəyir. Amma yanılır, artıq zaman Rusiyanın əlehinə işləyir.

Roma 2020-11-18 15:10:51

Rusiyanın bölgəyə girməsi Azərbaycanın suveren hüquqlarını tapdamasıdır və məncə onlar orada əbədi qalacaqlar...Elxan Şahinoğlu çox düzgün qeyd edir:"Rusiya prezidenti dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi"...

Akif m. 2020-11-18 12:36:38

Maraqlı fikirlər var. Amma "Hətta Gürcüstan nümunəsini göstərərək hər iki tərəfi təhdid də edir". şübhəsi gerçəkləşə bilən ideya deyil. Gürcüstanda Türkiyə amili yox idi. Amma burada Türkiyə var. Son rusların xəyal etdikləri kimi olacaqdısa, Türkiyə onda bu fəaliyyətləri niyə davam etdirmək istəyər? İnşallah, yaxşı olar.

Son yazılar