“GÖRÜNÜR, AZƏRBAYCAN MÜHARİBƏ XƏBƏRDARLIĞI EDİB...” – “Yenidən hərbi əməliyyatlara başlamalıyıq”

“Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatdan sonra tamamilə məhv olmaqdan qurtulan erməni ordusu indi Azərbaycana qarşı hərbi taktiki dəyişikliklərə gedib. Düşmən qüvvələri hazırda nizami ordu hücumları əvəzinə, 6-10 nəfərlik diversiya qrupları halında Azərbaycan postlarına zərbə endirib əsgərlərimizi qətlə yetirdikdən sonra hadisə yerindən uzaqlaşırlar”.

Bu fikirləri Ovqat.com-a açıqlamasında Ədalət partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov deyib.

İlyas İsmayılovun sözlərinə görə, bu “vur-qaç” taktikası, klassik terminlərlə desək, partizan müharibəsi metodudur və gücünü bizim xoşməramlılığımızdan alır: “Bununla belə, etiraf etməliyik ki, Azərbaycan Silahlı Qüvvələri bacardığı qədər erməni təxribatının qarşısını almağa çalışır və ordumuzun bu fəaliyyətini təqdir etməmək mümkün deyil. Dekabrın 30-da DTX rəisi Əli Nağıyevin Moskvada erməni və rus həmkarları ilə görüşü də bu cəhdlərin tərkib hissəsidir. Rusiya mediasının məlumatına görə, həmin görüşdə tərəflər Dağlıq Qarabağda son zamanlar artan erməni diversiya qruplarının təxribatçı fəaliyyətini və bunun doğuracağı nəticələri müzakirə ediblər”.

İlyas İsmayılovun fikrincə, DTX-nın rəsmi məlumatı da bu iddianı təsdiqləyir: “Rəsmi məlumata görə, görüşdə bir sıra məsələlərlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə ətrafında müzakirələr aparılıb”.

Azərbaycan rəsmiləri Moskva görüşünün təfsilatı barədə yetərli məlumatlar verməsə də, Rusiya mediasına istinad edən İlyas İsmayılov bildirib ki, məlum görüşdə həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya kəşfiyyat orqanlarının rəhbərləri bir sıra məsələlərdə ortaq fikrə gəliblər: “Ermənistan tərəfi erməni terrorçuları ilə daha aktiv mübarizə aparılacağına söz verib. Azərbaycan tərəfi isə erməni terrorçularının “vur-qaç” taktikasına qarşı mübarizənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələr və DTX-nın əməliyyat qrupları vasitəsilə anti-terror əməliyyatları aparacağını tərəflərin diqqətinə çatdırıb. Rusiya isə Azərbaycan və Ermənistan xüsusi xidmət orqanları arasında məlumat mübadiləsini koordinasiya edilməsini öz boynuna götürüb”.

Rus mətbuatında dərc olunan bu məlumatların işığında ötən ay yaşanan bəzi hadisələri analiz edən partiya sədri öz qənaətlərini belə ümumiləşdirib: “Məlumatların analizi deməyə əsas verir ki, dekabrın ilk günlərindən erməni terrorçularının başlatdıqları “vur-qaç” taktikalı diversiya hücumları Azərbaycan tərəfinin ciddi narazılığı ilə qarşılanıb. Belə görünür ki, dekabrın ilk günlərində rəsmi Bakı öz iradını Laçın və Kəlbəcərə səfər edən DTX rəisi Əli Nağıyev vasitəsilə rus sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova çatdırıb. Rüstəm Muradovun cavabı isə qənaətbəxş olmayıb. Rus sülhməramlılarının bu cavabından sonra ölkə rəhbərliyi qarşı tərəfə vəzifə borcunu xatırladıb və ona təyinatı üzrə vəzifələrini yerinə yetirə bilməyəcəkləri təqdirdə Azərbaycanın yenidən hərbi əməliyyatlara başlamaq hüququnun doğacağını bildirib. Bu iraddan sonra Rüstəm Muradovun Ermənistan və “DQR” yetkililəri ilə söhbətləşdiyi xəbər verilir. İrəvan erməni terrorçularını nəzarət altına ala bilmədiklərini “etiraf edib”. Bildirib ki, bəzi erməni “könüllüləri” noyabrın 10-da imzalanan bəyanatı qəbul etmir və 6-10 nəfərlik kiçik qruplar halında Azərbaycan tərəfinə hücum edirlər. Qısası, erməni hərbçiləri “vur-qaç” taktikasının məsuliyyəti paylaşmaq istəməyiblər. Beləcə, rus “sülhməramlı”larının təyinatı üzrə fəaliyyəti Azərbaycan-Rusiya arasında müzakirə mövzusuna çevrilib”.

İlyas İsmayılovun qənaətincə, DTX rəisi Əli Nağıyevin dekabrın 9-da Laçın və Kəlbəcər səfərindən bir həftə sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun regiona səfəri təsadüfi deyildi. Məqsəd gərginliyi azaltmaq və yenidən böyük müharibənin başlanmasının qarşısını almaq olub: “İlk əvvəl Ermənistanda səfərdə olan Aleksandr Bortnikov ertəsi gün – 18 dekabrda Azərbaycana gəlib. Həmin gün Prezident İlham Əliyev və DTX rəisi Əli Nağıyevlə görüşən Bortnikov rəsmi Bakının iradlarının haqlı olduğunu qəbul edib. Daha sonra Moskvaya qayıdan FTX direktorunun erməni tərəfi ilə danışıqları da, belə görünür ki, heç bir nəticə verməyib. Erməni diversantları yenə hücumlarını davam etdirib. Düşmənin xüsusilə dekabrın 27-də Xocavəndin Ağdam kəndinə hücumları ciddi rezonans doğurub”.

Xatıradaq ki, həmin hücum zamanı 6 nəfərdən ibarət erməni terrorçu dəstəsi azərbaycanlı hərbçilərlə döyüşə girmişdi. Rus mediasının yazdığına görə, guya, gizli yolla Hadrut rayonuna gələn diversantlar müşahidə postuna hücum edib, döyüş nəticəsində bir nəfər azərbaycanlı hərbçi həlak olub, daha bir nəfər yaralanıb. Diversiya qrupu günün ikinci yarısında növbəti dəfə hücuma keçərkən Azərbaycan əsgərləri tərəfindən vaxtında aşkarlanıb və mühasirəyə alınaraq məhv edilib.

İlyas İsmayılov hesab edir ki, həmin hadisədən sonra rəsmi Bakı məsələni sərt şəkildə Ermənistan və Rusiya rəhbərliyi qarşısında qaldırıb və İrəvandan məsuliyyətsiz cavab gəlib: “Bizim bu hücumdan xəbərimiz yoxdur, Azərbaycan yenə əfsanə uydurur”: “Belə görünür ki, rəsmi Bakının məhv edilmiş diversant qrup barədə təfsilatlı məlumatı tərəflərə göstərməsindən sonra İrəvan təxribatın baş verdiyini etiraf etmək məcburiyyətində qalıb. Yəqin ki, rəsmi Bakının yenidən döyüş əməliyyatlarına başlaya biləcəyinə dair xəbərdarlığından sonra FTX direktoru Aleksandr Bortnikov həmkarlarını Moskvaya görüşə dəvət edib”.

Partiya sədrinin fikrincə, 3 dövlətin xüsusi xidmət orqanlarının Moskva görüşü zamanı Ermənistan Baş Qərargah rəisi Onik Qasparyanın da Rusiya paytaxtına səfər etməsi və bu məsələnin onunla da müzakirə olunması göstərir ki, Azərbaycan tərəflər qarşısında məsələni xeyli sərt şəkildə qoyub: “Yəqin ki, bu məsələnin qarşısı alınmasa, Azərbaycanın yenidən müharibəyə başlaya biləcəyi erməni tərəfinin diqqətinə çatdırılıb. Görünür, məsələnin anti-terror əməliyyatları çərçivəsindən çıxaraq növbəti müharibəyə çevrilmə perspektivi Ermənistan Baş Qərargah rəisinin də Moskvaya gəlməsini şərtləndirib. Çünki müharibə perspektivi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın səlahiyyətini aşan məsələdir. Bu məsələ barədə yaranan suallara Ermənistanın Baş Qərargah rəisi cavab verə bilərdi”.

Partiya sədri xüsusi xidmət orqanlarının Moskva görüşündən sonra da Ermənistan tərəfinin boynuna götürdüyü öhdəlikləri yenə yerinə yetirmədiyi qənaətindəndir: “Rusiya mediasından oxuduğuma görə, həmin görüşdən bir gün sonra Laçın-Şuşa yolunda yenə erməni diversiya qrupunun hücumu qeydə alınıb və terrorçular yerindəcə məhv olunub”.

Məhz bu hadisədən sonra Türkiyənin hərbi müşahidə qrupunun Azərbaycana gəlməsini təsadüfi saymayan İlyas İsmayılov, deyib: “Bilirsiniz ki, Türkiyə Milli Müdafiə naziri Hülusi Akar və TSQ-nin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və digər qoşun növü komandanları Yeni ili Azərbaycanda qarşılayıblar. Dekabrın 31-də Azərbaycana səfər edən Türk generallarının Yeni il kimi əlamətdar günü öz evlərində yox, bizim hərbçilərin əhatəsində keçirməsi onların bu səfərinin də təcili xarakter daşıdığını göstərir. Görünür, Türkiyə generaliteti də Azərbaycanda erməni diversantlarının təxribat xarakterli hücumlarının böyük müharibəyə çevrilməsi ehtimalından narahatdır. Məlumata görə, Azərbaycana gələn 35 türk ali rütbəli zabiti terrorizmə qarşı mübarizədə püxtələşmiş kadrlardır. Onların Dağlıq Qarabağda aparacağı müşahidələrin nəticələrinə görə addım atacağı istisna edilmir. Hətta erməni diversant hərəkatı dayandırılmasa, Türkiyə ordusunun Dağlıq Qarabağa eynilə Rusiya kimi sülhməramlı kontingent göndərməsi belə, gündəmdədir”.

İlyas İsmayılov sonda onu da vurğulayıb ki, Dağlıq Qarabağ ermənilərinin son zamanlar apardığı siyasət terror əməliyyatlarının dayandırılması üçün nikbin olmağa əsas vermir: “Bildiyiniz kimi, “DQR”-nin Təhlükəsizlik Şurasının Baş katibi vəzifəsi istefada olan general Vitali Balasanyana həvalə edildi. Bu adam I Qarabağ döyüşlərində əli Azərbaycan xalqının qanına batan erməni hərbçisidir. Yeni vəzifəyə təyin olunandan sonra Balasanyan mediaya verdiyi ilk açıqlamasında Hadrut, Əsgəran və digər rayonlara nəzarəti bərpa etməyə çalışacağını vurğuladı. Eynilə “DQR”-nın “prezidenti” Araik Arutyunyan da Azərbaycanla revanş müharibəsinə hazırlaşdıqlarını bildirdi. Bu ritorika kapitulyasiya aktına imza atmış dövlətin davranışı deyil və Azərbaycan ordusu erməni terrorizminin kökünü kəsmək üçün və Dağlıq Qarabağa tam nəzarət etmək uğrunda hərbi əməliyyatlara başlamalıdır”.

635x100

Şərhlər

Moshu 2021-01-05 21:17:08

Əliniz, qolunuz yorulmasın İlyas müəllim. Möhtəşəm analiz. Azərbaycan rəhbərliyi bu yazını əlində rəhbər tutmalıdır

Bozqurd 2021-01-05 18:40:00

Razılaşmada qeyd edilən əsgər sayından artıq rus əsgəri (hansı ad altında gətirilmələrindən asılı olmayaraq) ölkədən çıxarılmalıdır

M.Əsgərov 2021-01-05 18:26:17

çox güclu müqavimət göstərmək lazımdır, əməliyyat keçirərək terrorçuları məhv etmək lazımdır, bundan sonra rus da erməni də yerində oturacaq........

Vüqar Məmmədov 2021-01-05 11:50:31

Hörmətli İlyas müəllimin bu məsələni təhlil edib münasibət bildirdiyi üçün minnətdaram. Həqiqətən də, DTX, Ordu, hüquq-mühafizə orqanlarının hazırkı fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir... Baş verən diversiyalar Rus ordusunun Azərbaycana 28 ildən sonra qayıdışının gözlənilən nəticələridir. Rusların gəlməsinə razılıq verilən zaman bunlar nəzərə alınmalı idi.... Onlarla Rus hərbi təyyarələri razılaşmanın hələ mürəkkəbi qurumamış artıq Azərbaycana yerləşmək üçün havadaydı.... Bu cür planları cızanları, rus generallarını Azərbaycana gətirib yerləşdirməklə "Pandora" qutusunun ağzı açıldı...Dünən qarşımızda fiziki olaraq tək erməniydisə, bu gün rus-erməni birləşməsi olacaq.... Qarşımızda çətin işlər olacağını düşünürəm. İlyas müəllimin təkliflərini dəstəkləyirəm.... Allah Azərbaycanı qorusun!

Vüqar Məmmədov 2021-01-05 10:51:39

İlyas müəllimin hərbi əməliyyatları başlamaq təklifini dəstəkləyirəm. Rus orduau

Vasif 2021-01-05 09:58:31

Rus sakit duran deyil. Nə baş verir hamısını edən rusdur. Rus olmasa erməni irəvandan da hansı yolla gəlib o yolla da qayıdıb gedər çıxar

Eli 2021-01-05 01:33:57

Hörmetli İlyas müellimin fikiflerinde mentiq var ve yeqin ki yanvar ayı etzinde bütün qaranlıqlar aydınlaşar İnşaallah Türk qardaşlarımızın desteyi ile.Ve biz hemişe oldığu kimi nakişi sözünün yiyesi olmayan milletle be onun özü kimi baştıtanları ile üz üzeyik.İnşallah her şey yaxşı olar

RT 2021-01-04 21:48:27

Men inanmaq isterdim ki, hôkumetimiz xalqdan qizlin , milletin xeyrine nese edir )))) Yeqin ki, fikrimi anlata bildim ..

Özgür 2021-01-04 21:15:44

rusun gücünün qabağında Türk gücü dayanmalıdır! Onda balans yaranacaq!

Xalq 2021-01-04 21:12:15

Nə qədər ki, postlarda rusun yanında Türk sülhməramlısı dayanmayıb belədə davam edəsidir. Türk Ordusu 20 minlik Ordu ilə Qarabağa girməlidir yoxsa bu hadisələr belə də davam edəcək!

Roma 2021-01-04 20:31:19

Mənim fikrimcə ermənini silahlandıran və hərtərəfli terror əməliyyatlarına sövq edən Rusiyadır. Əgər Rusiya işə qarışmasaydı 3-4 günə bütövlükdə bu Qarabağ məsələsi tarixin arxivinə gedəsiydi, ancaq Rusiya buna imkan vermədi və münaqişənin birdəfəlik həllini pozdu...

t.ədalət 2021-01-04 20:24:35

Nə qədər ki rus quldurməramlıları Xankəndindədir,Putin erməniləri belə hazırlayıb təxribat törətdirəcəkdir.Rus quldurməramlıları bizim ordu tərəfindən çərçivəyə alınmalı,rusların regiona daşıdığı anti-Azərbaycan nə varsa nəzarətrə götürməlidir.Rusiyanın məqsədi ermənini qorumaq yox,Azərbaycan ərazisini işğal altında saxlamaqdır və bunu da edir.

Son yazılar