“SÜLHMƏRAMLI QÜVVƏLƏRİN ÖZ FUNKSİYASI VAR...” – “Əfsuslar olsun ki...”

"Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. 

"Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb", - dövlət başçısı bildirib.

Prezident sülhməramlı qüvvələrin qarabağa qanunsuz səfərlərə imkan verməsinin də yolverilməz olduğunu  bildirib: " Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük. Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər. Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri.

Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq.

İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır"

"Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar..." - deyə Prezident Əliyev bildirib. 

635x100

Şərhlər

Vəliyə cavab 2021-01-07 23:05:21

Prizident elə deməlidir.bu səyəsətdir. yox bir konfort bir şərait də onlar üçün olacaq.Allah vurub onlarl.

Deputat 2021-01-07 16:58:28

"Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın..." Dem'y' s[z yoxdur... 30ildir "mələdirlər" bu milləti, biz düşünürük ki, qışdır, erməniyə soyuq dəyər... Nə deyim daha...

M.Əsgərov 2021-01-07 15:54:57

bax belə cənab Prezident, halaldır cənab Ali Baş Komandan.....

Vəli 2021-01-07 14:51:11

Düşmənə humanistlik göstərilməsə daha yaxşı olar. Yenə qudurub düşəcəklər canımıza

Cəmşid Dərələyəzli 2021-01-07 13:12:31

Bu yöndə yürütdüyünüz hər bir siyasətdə arxanızdayıq, cənab Prezident, Sizin bu siyasəti anlamayanlar nə qədər ağız-ağıza versələrdə boşdur mənasızdır.

Son yazılar