“Nicat Quliyevlə Vasif Talıbov eyni kənddən olsalar da, qan qohumluqları yoxdur”

Bu ilin avqust ayının 7-də həbs edilən Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyevin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu olduğu haqda məlumat təsdiqini tapmayıb. N.Quliyevi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs ediblər və ona qarşı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Bəzi məlumatlara görə keçmiş naziri Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla münasibətlərinə görə həbs ediblər. Bu barədə R.İbrahimbəyov da müsahibələrinin birində danışmışdı.

“Yeni Müsavat” qəzeti isə bu günlərdə N.Quliyevin Vasif Talıbovun xalası oğlu olduğuna dair sensasiyalı məlumat yayıb.

“Bu ilin avqust ayının 7-də həbs edilən Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyevlə bağlı redaksiyamıza sensasion məlumat daxil olub. Məlumatda deyilir ki, artıq 4 aya yaxındır həbsdə olan N.Quliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun doğma xalası oğludur”, deyuə yazan qəzet daha sonra əlavə edib ki, Vasif Talıbovla Nicat Quliyevin münasibətləri yaxşı olub.

“Məlumata görə, N.Quliyevin atası sovet dövründə DTK-da işləyib. N.Quliyev də Yevlaxda-atasının xidməti ezam olunduğu rayonda anadan olub. V.Talıbovun qohumları sırasında N.Quliyevə münasibəti həmişə isti olub. O, hər Naxçıvana gələndə V.Talıbov şəxsən onu qarşılamaq üçün aeroporta gedib və öz evində qonaq saxlayıb. N. Quliyevin 2005-ci ildə məhz Vasif Talıbovun xahişi və səyi nəticəsində həbsdən buraxıldığı da iddia olunur. Bu dəfə isə N.Quliyevlə bağlı ittihamlar o qədər ciddidir ki, V.Talıbov neçə aydır onu həbsdən buraxdıra bilmir. Xəbərə görə, hakimiyyətin ən qüdrətli şəxslərindən olan, üstəlik, eks-prezident Heydər Əliyevə yaxın qohumluğu çatan V.Talıbovun xalası oğlu ilə bağlı məsələ prezidentə məruzə edilib. Onun R.İbrahimbəyovla (ehtimal edilir ki, N.Quliyev Milli Şurada başqa şəxslərlə də telefonla danışıb və onlar da qeydə alınıb) telefon danışıqları xüsusi-xidmət orqanları tərəfindən fiksə edilib. Prezidenti inandırıblar ki, məsələ daha ciddidir və onun həbsi qaçılmazdır. Bundan sonra isə onun həbsinə qərar verilib. Mənbə deyib ki, məsələ ilə bağlı V.Talıbov prezidentlə də görüşüb. “Prezidentin seçkiqabağı Naxçıvana getməməsinin səbəblərindən biri də bu həbslə bağlıdır. Vasif Talıbov hakimiyyət üçün çox vacib və inanılmış bir fiqurdur. Amma görünür, yaxın qohumunun müxalifətlə əlaqəyə görə həbs edilməsi onu incidib.”

Bu, “Yeni Müsavat” qəzetinin yazısından bir parçadır.

MTN tərəfindən həbsə alınmış Nicat Quliyevin Vasif Talıbovun xalası oğlu olduğu haqda məlumat, sözün əsl mənasında sensasiya xarakterli idi. Lakin bu məlumat öz təsdiqini tapmayıb. Belə ki, əslən Şərur rayonundan olan jurnalist Məhəmmədəli Qəribli Vasif Talıbovla Nicat Quliyevin qohumluq əlaqələrini araşdırıb və məlum olub ki, “xalaoğlu” söhbəti reallığı əks elətdirmir.

Belə ki, Nicat Quliyev Vasif Talıbovla eyni kənddən olsalar da qan qohumluqları yoxdur. Lakin uzaq qohumluq əlaqələri həqiqətən də var.

Vasif Talıbovun Mikayıl adlı dayısı oğlu Nicat Quliyevin əmisinin qızı ilə ailə həyatı qurub.

V.Nəsibov

AzPolitika.info