“PARTİYA YÜKÜ” VƏ AĞDAM MƏSCİDİNİN QAPISI... - YAP-a 5, yoxsa 45 partiya birləşməli idi?

Uzun illərin təcrübəsi göstərir ki, məmləkət, xalq, dövlət, büdcə olaraq hər cür lazımlı və lazımsız yükü götürmək və daşımaq bacarığına malikik. Bu, iqtisadi, sosial, mənəvi və hətta siyasi yük də ola bilər. Həmin bu yükün tərkib hissələrindən birini də cəmiyyətin böyük hissəsinin tanımadığı, adını bilmədiyi, ölkənin siyasi həyatına heç bir real təsiri olmayan, hətta seçkidən-seçkiyə də varlığı, aktivliyi hiss olunmayan, əvəzində leqal, yaxud qeyri-leqal yollarla maliyyələşən siyasi partiyaları hesab etmək olar...

Bir neçə gün əvvəl “partiya sədrləri” adı ilə 50-yə yaxın şəxsin Ağdama səfərə aparılması, daha sonra bir neçə partiyaya qərargah verilməsi və bu tendensiyanın davam edəcəyinə dair söhbətlər, eləcə də məlum dairələrdə partiyaların maliyyələşməsi məsələsinin müzakirə olunması və s. Azərbaycandakı siyasi partiyaların sayı və əhəmiyyəti mövzusunu yenidən gündəmə gətirmiş oldu.

Sosial şəbəkələrdə və mətbuatda son zamanlar “adından başqa heç nəyi olmayan” partiyalara önəm verilməsinə, onların qərargahla təmin olunmasına, bu və ya digər yollarla maliyyələşməsinə “müftəyeyənlər, belimizə yük olanlar az idi, bunlar da bir tərəfdən çıxdı” kimi reaksiyalar verilməkdədir.

Təbii ki, həyat səviyyəsi, sosial durumu yüksək olan toplumlarda bəlkə də sözügedən təşkilatlara (əgər belə demək mümkünsə-C.M) bu münasibət yaranmazdı. Lakin Azərbaycanda, xüsusilə camaatın “qəpiyə güllə atan” indiki vaxtında belə reaksiyalar başadüşüləndir. Bəs, bu münasibət haradan qaynaqlanır və nə dərəcədə ədalətlidir?

Rəsmi statistikaya görə, Azərbaycanda dövlət qeydiyyatından keçən partiyaların sayı 56-dır. Lakin 6-7 partiya istisna olmaqla, əhali arasında onların böyük əksəriyyətinin nəinki adını bilən, heç olmasa sədrini üzdən tanıyan belə yoxdur. Ancaq bu, onların adlarındakı pafosu qətiyyən azaltmır. Özü də bu pafos əksər hallarda təkrarçılıq və primitivliklə müşayiət olunur. Onların çoxlarının adları eyni mənanı daşıyır və böyük ehtimalla proqram və nizamnamələri də heç nə ilə fərqlənmir. Məsələn, Vəhdət Partiyası“Milli Vəhdət” Partiyası, Azərbaycan Kommunist PartiyasıAzərbaycan Vahid Kommunist Partiyası, Vahid Azərbaycan Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Birlik Partiyası - bunların arasında istər ad, istərsə də mahiyyət baxımından hansı fərqlər ola bilər?

Yaxud, digər adlara fikir verin - Demokratik Azərbaycan Dünyası Partiyası, “Qorqud” Partiyası, "Azərbaycan Mübarizləri" Partiyası - sanki partiya yox, “reket qəzet” adlarıdır. Ümumiyyətlə, siyahıda adları da varlıqları kimi absurd olan partiyalar kifayət qədərdir...

Əlbəttə, bu partiyaların sədrlərinin böyük əksəriyyəti, yəqin ki, ayrı-ayrılıqda şəxsiyyət olaraq savadlı, vətənpərvər, müasir siyasi dünyagörüşünə malik insanlardır. Hər halda buna ümid edirik. Lakin bu şəxslərin əhəmiyyətli bir qisminin məqsədi, məramı qeyri-müəyyən, hətta qaranlıq görünür. Onların arasında adını Azərbaycan Naminə Alyans qoyub da, nəyə, kimə xidmət etdiyi sual yaradan Abutalıb Səmədov kimilərinin və bu qəbildən olan digərlərinin partiyaları var...

Nə verib bu partiyalar indiyə kimi ölkənin ictimai-siyasi mühitinə, hansısa yeni, fərqli istiqamət yarada, yaxud gənc siyasi fəal qrup, qüvvə yetişdirə bilibmi? Yox. O zaman bu partiyalarlın sayının 56 yox, 5-6 olması daha məntiqli olmazmı? Məsələn, 5 partiaynın YAP-a birləşməsinə dair məlumat yayıldı. Bunun ölkənin siyasi həyatına hansısa təsiri oldumu? Xeyr.

Necə ki, 5 yox, hətta eyni qaydada daha 45 partiya YAP-a birləşsəydi, bunun heç bir “yan təsiri” olmayacaqdı...

Əgər məqsəd doğrudan da xalqa, millətə, azad siyasi rəqabət mühitinin yaradılmasına xidmət etməkdirsə, o zaman olmazmı ki, bu şəxslərin heç olmasa bir qismi vahid partiyada birləşib, daha ciddi, müəyyən siyasi yükə malik qüvvəyə çevrilsinlər, ortaya rəqabət qabiliyyətli vahid partiya kimi çıxsınlar və ən azından lağlağı obyekti olmaqdan qurtulsunlar?

Axı, kəmiyyətin keyfiyyətə keçməsi qanununu heç kim qüvvədən salmayıb. Nə vaxta qədər özləri hakimiyyəti seçki saxtakarlığında günahlandırmaqla yanaşı, bir toyun adamını belə toplamaq imkanları olmadığı halda, saxta qurultaylar keçirəcək, saxta partiya üzvləri siyahısı təşkil edəcəklər?

Yaxşı, tutaq ki, hakimiyyətin siyasi partiya adı ilə bu şəxsləri önə çəkməsində, onları maliyyələşdirməsində, siyasi qüvvə kimi təqdim etməsində hansısa maraqları var. Ən azı siyasəti biznesə, əqidələrini alver predmetinə çevirən "partiya liderlərinin" Azərbaycana qarşı heç də xoş niyyət güdməyən xarici qüvvələrin təsiri altına düşməsinin, "5-ci kolona" qoşulmasının qarşısını almaq məqsədi güdülür.

Bəs, bunların özlərinə nə gəlib? Başqa vaxt xalqdan, dövlətdən, millətdən danışan həmin adamların şəxsiyyəti buna necə imkan verir? Bu partiyaların, 6-7-sı istisna olmaqla, siyasi vitrin yaradılması xatirinə nəyinsə qarşılığında həmin vitrində dilsiz-ağızsız maneken olmağa razılıq verməsi onlara başucalığı gətirə bilərmi?...

Xeyli müddətdir ki, siyasi partiyaların büdcə hesabına maliyyələşməsi məsələsi gündəmə gətirilir və hazırda müşahidə edilən tendensiya bununla bağlı qərarın qəbul edilməsi ehtimalının yüksək olmasından xəbər verir...

Deməli, yaxın vaxtlarda, böyük ehtimalla, büdcənin belinə yüklənən maddələrin biri də artacaq. Və özlərini partiya sədri hesab edənlər də bundan bəhrələnəcəklər. Bu, istər-istəməz həmin “partiya rəhbərləri”nin Ağdama səfəri zamanı Ağdam məscidinə baş çəkmələrini yada salır. Bəli, bütün məscidlər kimi, Ağdam məscidinin də qapısı açıq idi...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Dövlətini sevən 2021-03-28 23:07:38

Azpolitika sizdən xahiş edirik, Şəffalığa önəm vermək üçün Hakimliyə test imtahanları verənlərin topladıqları bal ilə yanaşı adları qeyd edilməsini xahiş edirik. Ört-basdır etmək üçün siyahını verməyirlər, müəyyən adamların adlarını siyahıya əlavə etmək istəyirlər..... Xahiş edirik qarşısını alın ? Test imtahanları verənlərin adları və topladıqları ballar göstərilsin ictimaiətə.

Xalq a 2021-03-23 16:42:09

Qeyd etdiyiniz birləşmə saxtakarlığa razılıqmı? Nədən, formalizmi buraxıb, yenidən biri-digərinə adekvat canlı partiyalar yaratmayaq? Dövlət məmurları da (5 illik) vəzifə müddətində partiya məramını icra etsələr də partiya daxili səlahiyyətlərini dayandırmaları obyektiv işə şərait yaradar!

Cəmşid Dərələyəzli 2021-03-22 11:29:58

Bu gün, əksəriyyətiinin papkasından və özündən başqa heç bir siyasi dayağı və ayağı olmayan bu zadlara baxanda rəhmətlik Kefli İsgəndərin ağacdan düşüb mollaya dediyi sözlər yada düşür. Əslində əksəriyyəti əllərindən heç bir iş gəlməyən, siyasi düşünəcdən kasad bu adamların yaratdıqları “partiya”ların bir adı olmalıdır və o adda qabağındakı rəqəmlərlə fərqləndirilməlidir. Məsələ “Gülüş” partisi No-1 və s. Yən ad eyni, sadəcə nömrələri dəyişərdi. Qaldı onların maliyyələşməsinə. Qeydiyyatdan keçən-keçməyən hər birinə minumum 10000 nəfər dümirəm, ən azından 5000 partiya üzvünün, ünvanı, şəxsiyyət vəsiqəsi imzası ilə təsdiq tələb olunsun, gətirən o siyahıya düşsün.

B.Qarabağlı 2021-03-22 11:11:37

2018ci il debatında 8 partiya ultimat qərarına gəldi! Heç bir partiya onu bəyan və tələb etmədi? Ötən il nəticəsinin şahidi olduq.O vaxtdan həmin aparıcı partiyaların belə Azərbaycana aid olduqları şübhə doğurur.

Cefer Memmedov 2021-03-22 00:08:44

Yol əhvalatında Qurban dayı deyir: " camaat şir, pələng saxlayır". Mürşüd deyir:" atamın yadigarıdır".

ELSAD 2021-03-21 23:09:12

Bu REHBERLER cox boyuk cesaretlilik tecessumudurler. O yerlerde herdenbir minaya -falan duwurler deye ewidirik.Allah qorusun,cox ehtimal,bir-iki heyvan kesdirib qelebeni de qeyd etmiwler,bir qismat corek de yemiwler...Cox wukur saq-salamat qayitmiwlar.

Veteran 2021-03-21 22:41:00

Bildirçinin bəyliyi xırmanda dən qurtarana qədərdir. Bunlarda utanan sifət var?Bir teatr tamaşasında olduğu kimi mindilli obrazı.

.EJDER 2021-03-21 22:13:54

ela tehlildi

E. Əliyev 2021-03-21 19:26:05

Gözəl təhlildir. təşəkkürlər azpolitika. info saytına

Xalq 2021-03-21 18:39:50

ölkənin bütün partiyaları "birləşin" YAP-a!

Amin 2021-03-21 18:33:05

Təşəkkürlər Cəlal bəy!Yenə"onluğa"vurmusan.Yazının axırı tamam bir aləmdir.Bir daha təşəkkürlər!

Əliəddin 2021-03-21 17:38:07

Cəlal Məmmədova minnətdarlığımı bildirirəm. Doğrudan da, məscidin qapısı açıqdır deyə .... heç abır-həya olmamalıdır? Anlaşılmayan odur ki, belə iyrənc qurumlarla demokrasi görüntüsü yaratmaq nəyə lazımdır? Belə ucuz gedişlərlə nə dünyanı, nə də Azərbaycan toplumunu aldatmaq olmaz.

t.ədalət 2021-03-21 15:42:37

Siyasi partiyalar milli bütövlüyümüzə və ölkəmizin taleyinə sancılmış düşmən xəncərləridir.Düşmənlərimiz,ancaq partiyalar vasitəsi ilə hakimiyyətə yol tapır,ölkəmizin gələcəyioni təhlükə altına qoyurlar.

Son yazılar