Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.

Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.

Azərbaycan Respublikasında “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılır:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etməli, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

İşçi qrupa Sərəncamdan irəli gələn digər məsələləri həll etmək də tapşırılıb.

Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görməlidirlər.

635x100

Şərhlər

Oxucu 2023-07-08 13:12:26

Hörmətli Cənab Prezident, Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların müraciətlərini saymayır və vətəndaşı qəbul etmir ? Bundan nə gözləmək olar ?

Son yazılar