ERMƏNİSTANIN “SİYASİ MÜNƏCCİMİ” – Rusiya mediası Ter-Petrosyana hücuma keçdi

Ermənistanda növbədənkənar seçki yaxınlaşdıqca, siyasi qruplaşmalar arasındakı mübarizə daha kəskin və amansız xarakter alır, kompramat savaşları, qarşılıqlı ittihamlar güclənir.

Lakin nə qədər qəribə görünsə də, 44 günlük müharibədəki biabırçı məğlubiyyətə, müharibədən sonra sərhəddə baş verənlərə, Ermənistanın hər mənada rəzil duruma düşməsinə rəğmən, Nikol Paşinyan liderlik mövqeyini saxlamış kimi görünür və əksər sorğu mərkəzləri məhz onun rəhbərlik etdiyi siyasi qüvvənin müharibədən əvvəlki qədər olmasa da, üstünlüyünü qoruduğunu bildirirlər.

Çoxları üçün gözlənilməz olsa da, seçki öncəsi ən çox aktivləşən və ictimai rəyə təsir imkanları qazanan siyasi qüvvələrdən biri kimi, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi hərəkat özündən söz etdirməyi bacarıb. Onun başçılıq etdiyi "Erməni milli konqresi" istər hakimiyyəti, istərsə də əsas müxalif siyasi qüvvələri tənqid edir və müharibədəki məğlubiyyətə, eləcə də hazırda Ermənistanda yaranmış xaosa, dərəbəyliyə görə hər iki tərəfi günahlandırır.

Bununla yanaşı, birinci prezident sanki 1990-cı illərin sonlarında onu zorla hakimiyyətdən uzaqlaşdıran “Qarabağ klanı”ndan və bu klanın Ermənistandakı tərəfdarlarından intiqam alır. Ter-Petrosyan hər imkan düşəndə vaxtilə Azərbaycan və Türkiyə ilə razılaşmaya getməyi, kommunikasiyaların açılmasını, Qarabağ münaqişəsinin mərhələli şəkildə və Azərbaycana müəyyən güzəştlərə getməklə həll olunmasını təklif etdiyini və məhz “Qarabağ klanı”nın dikbaşlığı, hikkəsi və siyasi səbatsızlığı ucbatından onun təklifinin qəbul olunmadığını, nəticədə də Ermənistanın bugünkü acınacaqlı duruma düşdüyünü ermənilərin başına qaxınc edir.

Və birinci prezident hər nə qədər müxalifətlə yanaşı hakimiyyəti də ittiham etsə belə, onun tezisləri daha çox Paşinyanın lehinə işləyir. Çünki onun çıxışlarında və müsahibələrində əsasən Ter-Petrosyan hakimiyyətdən uzaqlaşdırılandan sonra barışmaz, maksimalist siyasət yürüdən Koçaryan-Sarqsyan cütlüyü və onların timsalında “Qarabağ klanı” hədəfə çıxarılır. Paşinyan isə bir növ bu axmaq siyasətin girovu və zorən davamçısı kimi göstərilir...

Ter-Petrosyanın yuxarıda qeyd edilən və daha çox Paşinyanın maraqlarına uyğun olan mövqeyi, həmçinin onun söylədiklərinin müharibədən sonra əzilən, miskinləşən erməni cəmiyyətinin əhval-ruhiyyəsinə daha uyğun olması və kütlə tərəfindən dəstəklənməsi, revanşist hesab olunan siyasi qüvvələri və onların havadarlarını narahat etməyə başlayıb. Məsələn, ötən gün Moskvanın layihəsi olan “Sputnik Armenia”-da L.Ter-Petrosyanı kəskin şəkildə tənqid edən məqalə dərc olunub. Həmin məqalədə Ter-Petrosyan “yalançı siyasi münəccimlik”də günahlandırılır. Bildirilir ki, Ermənistanda “Qarabağ klanı” anlayışını gündəmə gətirən və Qarabağ ermənilərilə Ermənistandakı ermənilər arasında qarşılıqlı nifrətin kökünü qoyan məhz Ter-Petrosyan olub. Məhz o, Qarabağ ermənilərinin Ermənistan üçün əlavə yük kimi təqdim olunmasının, Ermənistanın Azərbaycan və Türkiyə qarşısında məğlubiyyətinin qaçılmaz olduğu fikrinin cəmiyyətə aşılanmasının əsas təşəbbüskarıdır: “Məhz onun komandası tərəfindən illər öncə “Qarabağ klanı” anlayışı dövriyyəyə buraxılıb. Uzun illər boyu onun tərəfdarları Ermənistanın bütün bəlalarının günahkarının məhz həmin “klan” olduğunu sıravi vətəndaşların beyninə yeridiblər.”

Yazıda bildirilir ki, hazırda Ermənistan cəmiyyətinin iki barışmaz hissəyə - Paşinyanın və “Qarabağ klanı”nın tərəfdarlarına bölünməsinə və bu tərəflərin antaqonist ziddiyyət içərisində olmasına görə Ter-Petrosyan günahkardır: “İnsanların özləri də bilmədən “Qarabağ klanı”na qarşı nifrətləri bütün Qarabağdan olanlara qarşı mənfi münasibətə çevrildi...” Məqalədə qeyd olunur ki, 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə Ermənistanda çoxları onun Qarabağdan deyil, İcevandan olmasını eyforiya ilə qarşılamışdılar: “Nəticədə hər şeyin təkcə Qarabağ üçün deyil, Ermənistan Respublikası üçün də faciəyə çevrilməsi artıq başqa söhbətin mövzusudur”. Müəllif sonda bildirir ki, Ter-Petrosyan hər nə qədər Paşinyanla məsafə saxladığı görüntüsü yaratmağa çalışsa da, ikincinin “mənəvi atası” məhz birinci prezidentin özüdür. Və hazırda Ermənistan cəmiyyətində partlayış, hətta vətəndaş müharibəsi həddinə çatan ikitirəliyə görə də əsas məsuliyyət məhz Ter-Petrosyanın üzərinə düşür.

Bir sözlə, hər zaman Rusiyanın siyasi mövqeyini ifadə edən “Sputnik Armenia” Ter-Petrosyana qarşı nifrətini gizlətmir və dolayısı ilə onun indiki həssas məqamda Paşinyanın “əlinə oynamasını” bağışlaya bilmir.

Ermənilərinsə böyük əksəriyyəti hazırda Ter-Petrosyanın dediklərinə daha çox inanır. Çünki hər şey sadə insanların gözü qarşısında baş verib, onun vaxtilə etdiyi xəbərdarlıqlar, verdiyi proqnozlar düz çıxıb. Və dünya erməniliyi üçün nə qədər acınacaqlı olsa da, Ter-Petrosyanın bir neçə gün öncə verdiyi növbəti proqnoz da qətiyyən sakitləşdirici deyil: “Erməni xalqını yenə itkilər və məyusluq gözləyir...”

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar