London səfər sentyabrın 11-dən başlayacaq
Böyük Britaniyanın paytaxtı Londona səfəri nəzərdə tutulan Milli Şuranın nümayəndə heyətinə viza verilib. Bu barədə nümayəndə heyətinə daxil olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Yeni Müsavat”a məlumat verib. Onun sözlərinə görə, avqustun 5-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən onlara vizaları gəlib götürmələri barədə məlumat verilib. Fuad Qəhrəmanlı günün ikinci yarısı vizaları götürüb.
F.Qəhrəmanlı bəyan etdi ki, səfərin təxirə salındığı barədə bəzi saytlarda yayılan xəbərlər yanlışdır. Səfər təxirə salınmayıb, sadəcə vaxtında bir neçə gün dəyişiklik edilib: “Bu səfərdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin iştirakı əsas şərtlərdən biridir. Səfərin vaxtında bir neçə günlük dəyişiklik edilməsinin səbəbi Cəmil Həsənlinin imza toplama kampaniyasının son gününə qədər bu prosesdə iştirakının zəruriliyi ilə bağlıdır. Eyni zamanda sentyabrın 10-da Bakıya ABŞ dövlət katibinin müavini Tomas Melianın gəlişi gözlənilir, Cəmil Həsənlinin Melia ilə görüşü nəzərdə tutulub. Ona görə də çox güman ki, London səfərimiz sentyabrın 11-dən başlayacaq”.
F.Qəhrəmanlı nümayəndə heyətinin tərkibinin əvvəldən nəzərdə tutulan şəxslərdən ibarət olacağını bildirdi.
“Böyük Britaniya səfərinin qarşısını alacaq ciddi problem olmasa da, səfərin vaxtının dəyişdirilməsi gündəmdədir”.

Qeyd edək ki, Böyük Britaniya Kral İnstitutu Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu, qurumun prezidentliyə namizədi Cəmil Həsənlini, Müsavat başqanı İsa Qəmbəri, AXCP sədri Əli Kərimlini (Onun əvəzinə Fuad Qəhrəmanlı gedəcək), El Hərəkatının sədri Eldar Namazovu müzakirələr aparmaq üçün dəvət edib.

Şərhlər