AZƏRBAYCAN GORUS-QAFAN YOLUNDAN KEÇƏN İRAN MAŞINLARINDAN VERGİ YIĞIR? - Gömrük Komitəsindən açıqlama + FOTOLAR


Dövlət Gömrük Komitəsi ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Qeyd edək ki, Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyması və İrandan Ermənistana gedən yük maşınlarını saxlayıb yoxlamağa başlaması Yerevanda növbəti çaxnaşmaya səbəb olub. Yayılan məlumata görə, Azərbaycan indi bu yoldan keçən İran TIR-larını nəinki saxlayıb yoxlayır, onlardan yol vergisi də alır. Bu barədə Ermənistan parlamentinin müxalif “Ermənistan” blokundan deputat Vaqe Akopyanın arvadı Elizabet Poqosyan özünün Facebook səhifəsində bildirib. 

Virtualaz.org xəbər verir ki sosial şəbəkələrin erməni seqmentində İran yük maşınlarının sürücülərindən birinin Azərbaycan tərəfinə ödədiyi yol vergisinə dair qəbzin fotosu da paylaşılır.

Fotoya əsasən vergini Cənub Ərazi Baş Gömrük İdarəsi tutur, qəbzdə tutulan verginin məbləği 221 manat göstərilir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə və beynəlxalq yükdaşımalara dair normalara əsasən ölkə ərazisindən tranzit keçən yük maşınlarından yol vergisi tutulur. Azərbaycan bu qaydanı Gorus-Qafan yolundan keçən İran yük maşınlarına da tətbiq etməyə başlayıb. Çünki yolun bəzi hissələri Azərbaycanın suveren ərazilərindən keçir. İndiyədək Azərbaycan tərəfi bu yolda sərbəst hərəkətə icazə vermişdi, sadəcə vizual nəzarət həyata keçirirdi. Lakin bir neçə həftə əvvəl Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində erməni hərbçilərinin Azərbaycan sərhədçisinə bıçaqla hücum etməsinin ardınca Azərbaycan tərəfi yolda hərəkəti dayandırdı. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra yolda hərəkətə yenidən icazə verildi, amma Azərbaycan sərhədçiləri yolun ən azı iki hissəsində hərəkət sürətini minimuma endirmək üçün beton bloklar qoydular. Ehtimal edilirdi ki, bu süni maneələr məhz İrandan Qarabağa şübhəli yük daşıyan TIR-ları saxlayıb yoxlamaq üçün qoyulub.

Belə görünür ki, bu ehtimallar özünü doğruldub. Azərbaycan tərəfi yolda polis postu qoyaraq İrandan Ermənistana gedən TIR-ları yoxlamağa başlayıb və onlardan tam qanuni olaraq yol vergisi də toplamağa başlayıb. Çünki Gorus-Qafan yolunun həmin hissələri Azərbaycanın suveren ərazilərindən keçir və Ermənistanda bu vəziyyətlə də barışmağa məcbur olacaqlar. Üstəlik Azərbaycanın səlahiyyəti var ki, yolda sərhəd-keçid rejimi də tətbiq etsin. O zaman Ermənistan sakinlərinin bu yoldan keçməsi üçün Azərbaycandan viza alması tələb olunardı, hansı ki, diplomatik münasibətlər mövcud olmadığından Azərbaycan Ermənistan vətəndaşlarına belə viza verə bilməz.

"AzPolitika.info"

635x100

Şərhlər

Shah 2021-09-14 09:05:35

171+51=222 1 manat hara getdi?

qaraguruh 2021-09-13 22:09:27

nə əladır ki ???

qaraguruh 2021-09-13 21:58:13

bizə qarşı çox qəddardılar--iran və rusiyaya qarşı DİŞSİZDİLƏR--HƏQİQƏT BUDUR

Səbuhi 2021-09-13 21:54:31

Çox gözəl. Belə də olmalıdır. Bizim torpaqdan istifadə edib 1000 hoqqa çıxarırlar. Bu yük maşınları əlavə yoxlamışlardan keçirmək lazımdır. O cümlədən RENTGEN APARATINDAN.

Azer 2021-09-13 15:23:41

Ela

Son yazılar