“BİZ HEÇ NƏ İTİRMİRİK...” – 9 aydan sonra ilk görüşdə nədən danışılıb?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), Stefan Viskonti (ABŞ), İqor Xovayev (Rusiya) və onların iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub.

Bu barədə sentyabrın 25-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında germəkləşib: “Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb”.

Həmçinin bildirilib ki, Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüşü şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu, müharibədən keçən 9 ayda xarici işlər nazirlərinin ilk görüşüdür.

“Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında videoformatda çıxışı zamanı deyib ki, Azərbaycanla konstruktiv dialoqa hazırdır. Paşinyan bildirib ki, 10 noyabr bəyanatının 9-cu bəndində istinad edərək regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edir. Paşinyan eyni zamanda bölgədə dinc inkişafın vacib şərtlərindən biri kimi iqtisadi əlaqələrin qurulmasını və Türkiyəni Ermənistanla birləşdirən dəmir yolunun açılmasını vacib hesab edib”, - deyə politoloq erməni Baş nazirin dediklərindən sitat gətirib.

E.Şahinoğlu xatırladır ki, Nikol Paşinyan artıq neçənci dəfədir ki, dialoqdan, əlaqələrin bərpasından, kommunikasiya xətlərinin açılmasından, bir sözlə sülh və sabitlikdən danışır: “Azərbaycan da bunu istəyir. Paşinyanın sülh və əməkdaşlıqda nə qədər istəkli olduğunu danışıqlarda müəyyənləşdirmək olacaq. Bu baxımdan Bakı ilə İrəvan arasında müxtəlif səviyyələrdə birbaşa danışıqların başlaması faydalıdır. Biz heç nə itirmirik. Əgər İrəvan danışıqlardan vaxtı uzatmaq məqsədilə istifadə edəcəksə, danışıqlara fasilə veriləcək, bu isə Ermənistanın problemlərini artacaq”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar