"İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə üçtərəfli görüş ərəfəsində - ötən gün Zəngəzurun icra orqanlarının rəhbərləri ilə görüş keçirib. N.Paşinyan görüşdə İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışıb.

Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, görüş zamanı Nikol Paşinyan Qarabağla bağlı etiraflar səsləndirib.

O, Qarabağın Azərbaycanın olduğunu söyləyib və görüşdə iştirak edənlərdən də bu fikri qəbul etmələrini istəyib.

“Qarabağ Azərbaycanındır, bizi 30 il ərzində aldadıblar, məsələnin sonu da baş verənlər kimi olmalıydı”, - deyə o qeyd edib.

Görüş çərçivəsində Nikol Paşinyanın erməni ictimaiyyətində sensasiya kimi qarşılanan daha bir etirafı da diqqətdən yayınmayıb. O, faktiki olaraq Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq gücdə olmadığını etiraf edib.

O bildirib ki, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz. “Çünki, Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.