“OMİKRON” ŞTAMINDA İNSAN GENİ AŞKARLANDI - Bu nə ilə nəticələnə bilər?

ABŞ-ın Kembric universitetindən olan (Massaçustes ştatı) virusoloqlar koronavirusun hazırda dünyanı lərzəyə salan “omikron” ştamında insan geni aşkar ediblər.

Virtualaz.org xəbər verir ki, araşdırmanın nəticələri “OSF Preprints” saytında dərc olunub, araşdırma qrupuna Venki Saundararacan rəhbərlik edib, məlumatların analizi ilə məşğul olan “Nference” şirkəti araşdırmaya dəstək verib.

Virusoloqlar müəyyən ediblər ki, “omikron” ştamı koronavirusun genetik kodunda və eyni zamanda insan genində yer alan və soyuqdəymə xəstəliyini yaradan mutasiyalardan birini əldə edib. Başqa sözlə, koronavirusun bu mutasiyası soyuqdəymə xəstəliyini yaradan digər respirator virusunun genetik materiallarının bir hissəsini özünə götürüb.

Alimlər müəyyən ediblər ki, bu cür genetik ardıcıllıq koronavirusun indiyədək rast gəlinən heç bir digər mutasiyasında aşkarlanmamışdı. Bu səbəbdən “omikron” həmin gen fraqmentini əldə edərək “daha insani xarakter alıb” və bu da yeni ştama insanın immun sisteminin hücumunu dəf etməyə imkan verir.

Amma alimlər hesab edirlər ki, insan geninin və soyuqdəymə virusunun geninin kodlarını özündə əks etdirən yeni ştam xəstəliyin ağır keçməsinə səbəb olmayacaq. Başqa sözlə, “omikron” ştamına yoluxanlarda xəstəlik yüngül və simptomsuz keçə bilər. 

Lakin alimlər yeni ştamın əvvəlkilərə nisbətən nə qədər çox sürətlə yayılacağı haqda suala cavab tapa bilməyiblər. Bu səbəbdən doktor Saundararacan xəstələnməmək üçün ən yaxşı yolun koronavirusa qarşı peyvənd vurdurmaqdan ibarət olduğunu bildirir.

Bu arada Dünya Səhiyyə Təşkilatının (DST) baş elmi rəsmisi də adamları koronavirusun “omikron” variantından qorxuya düşməməyə çağırıb. Sumya Svaminatan bunu da deyib ki, mövcud vaksinlərin “omikron”a görə modifikasiyasına ehtiyac ola biləcəyinə dair ehtimal yürütmək hələ çox tezdir. Xanım Svaminatan “Reuters” agentliyinə habelə deyib ki, “omikron”un dünya boyunca dominant ştam olub-olmayacağını da hələlik demək mümkün deyil.

“Omikron” variantı artıq Asiya, Afrika, Amerika qitələrində, Yaxın Şərq və Avropada qeydə alınıb. Svaminatan deyib ki, virusun bu variantına qarşı tədbirlər hələ müəyyənləşdirilməyib: "Çoxmu narahat olmalıyıq? Biz hazırlıqlı və ehtiyatlı olmalıyıq, panikaya düşməməliyik, çünki hər halda bir il əvvəlki vəziyyətdə deyilik. Bütün dünyadakı yoluxmaların 99 faizi Delta ştamı ilədir. Təzə variant daha yoluxucu olmalıdır ki, dominantlığı Deltadan ala bilsin. Bu mümkündür, amma proqnozlaşdırmaq mümkün deyil”.

“Omikron” indiyədək 20-dən çox ölkədə qeydə alınıb, amma Delta hələ ki, əsas ştam olaraq qalır. Svaminatan deyib: "Gözləməliyik. Ümid edək ki, təzə variant daha yumşaq olsun…Lakin bu ştam haqqında bütövlükdə fikir söyləmək hələ çox tezdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar