Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvləri Azər Qasımlı, Natiq Cəfərli və Erkin Qədirli noyabrın 2-də Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində qurumun sədri İlqar Məmmədovla görüşüblər.

“Media forum” saytına danışan Azər Qasımlı deyib ki, 3 saata yaxın çəkən görüşdə bütün məsələləri ətraflı müzakirə etmək imkanı olub: “İlqar bəy xahiş etdi ki, əfv ərizəsi yazan “Nida”çılarla bağlı mövqeyini sizlərlə bölüşək. O hesab edir ki, heç kəsin ərizə yazan gəncləri günahlandırmağa mənəvi haqqı yoxdur, əfv müraciəti yazmaq istəyən hüquq müdafiəçiləri, QHT rəhbərləri, gənc fəallar bunu çəkinmədən edə bilərlər. İlqar Məmmədov dedi: “Onlar özlərini qorumalı, özlərini mövcud siyasi rejimə qurban verməməlidirlər. Çünki onlar bu ölkəyə gərəkli olacaqlar. Əsas məsələ daxildən sınmamaqdır”.

İlqar Məmmədov daha sonra bildirdi ki, siyasi təşkilat rəhbəri kimi əfv ərizəsi yaza bilməz və yazmayacaq. Bir sözlə, bu məsələdə möhkəmdir”.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Oktyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti qüvvəyə minib.