UKRAYNA MÜHARİBƏSİNDƏKİ 20 GÜN VƏ 20 NƏTİCƏ - Putin “dahi”, Zelenski isə “başıboş təlxək” deyilmiş!...

Artıq 20 gündür ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı, bütün dünyanın işğalçılıq savaşı, hərbi avantüra hesab etdiyi, Rusiyanınsa hələ də israrla “xüsusi əməliyyat” adlandırdığı qanlı müharibə davam edir.

Bu 20 günün statistikasında hərbidən iqtisadiyyata, təyyarədən tanka, topa, gəmiyə qədər müxtəlif istiqamətlərə dair rəqəmlər var. Ancaq müharibənin ən dəhşətli statistikası ölən və yaralanan günahsız insanların, yetim qalan uşaqların, vətənindən didərgin düşənlərin, hələ də bombardman altında ac-susuz qalanların sayıdır və təəssüf ki, bu say artmaqda davam edir...

Bununla yanaşı, ötən 20 gün Ukraynaya qarşı işğalla bağlı bir çox siyasi, hərbi, iqtisadi, humanitar və s. nəticələr çıxarmağa əsas verir. Bu nəticələr olduqca çoxdur, ona görə də 20 günün tamamında simvolik olaraq, onlardan önəmli hesab etdiyimiz 20-sini nəzərinizə çatdıraq:

1. Rusiyanın heç bir sözünə, vədinə, imzasına inanmaq olmaz! Müharibədən öncə Putindən Lavrova, Peskovdan Zaxarovaya qədər bütün Kreml elitası Ukraynaya qarşı təcavüzün olmayacağını qətiyyətlə bəyan edirdilər. Reallıq isə bunun əksini göstərdi - Rusiya təcavüz, işğal və hərbi cinayətlər törətməkdə davam edir.

2. Putin Rusiyasının SSRİ, yaxud Rusiya imperiyası qurmaq niyyətləri barədə iddialar təsdiqini tapdı. Hansı ki, müharibəyə qədər əksər ciddi politoloqlar, şərhçilər, siyasətçilər bunu ağlasığmaz, mənasız və gülünc iddia kimi qəbul edir, Putininsə buna cəhd edəcək qədər ağılsız olmadığını düşünürdülər. Reallıq isə bunun əksini göstərdi.

3. Müharibəyə qədər dünyanın 2-ci ordusu sayılan Rusiya ordusu uzun illərdir ətrafında yaradılan mif qədər güclü, təşkilatlanmış, yenilməz və peşəkar deyilmiş. Nüvə silahını çıxsaq, bu ordu nə idarəetmə, nə şəxsi heyətin peşəkarlığı və motivasiyası, nə də texniki və logistik təminat sarıdan ordular arasında nəinki 2-ci yerə, bəlkə də ilk onluğa düşməyə belə layiq deyil. Korrupsiya orduda kəşfiyyat və əks-kəşfiyyatdan texniki təminata, silah tədarükü və kadr təyinatlarına qədər bütün səviyyələrdə “öz sözünü“ deyib.

4. Rusiya təbliğat maşını qardaş xalqın belə qanının axıdılmasına, istənilən qonşu dövlətə qarşı işğala, hətta nüvə müharibəsinə haqq qazandıracaq qədər prinsipsiz, bütün mənəvi-əxlaqi dəyərlərdən uzaq, həyasızlığına görə dünyada tayı-bərabəri olmayan səviyyədə rəzilliyə imza atmağa hazırdır. Ancaq artıq o da Rusiya rəhbərliyinin başlatdığı hərbi avantüraya haqq qazandırmaqda və insanları inandırmaqda çətinlik çəkir...

5. Rusiya cəmiyyətinin və elitasının böyük hissəsi hələ də ötən əsrin 50-ci illərindədir və dünyanın indiyə qədər təsəvvür etdiyindən qat-qat artıq miskin mənəvi-əxlaqi durumdadır. Əhalinin böyük qismi hakim rejimi (onun yalançı və oğru olduğunu bilə-bilə) passiv də olsa dəstəkləyir, qonşu və qardaş saydığı xalqın qırğınına haqq qazandırır və hələ də imperiya, SSRİ xülyaları ilə yaşayır. Rus ziyalıları və elitası isə, bəzi istisnaları çıxmaq şərtilə, məddahlıq və qorxaqlıq nümunələri göstərməkdə davam edir...

6. Rusiya iqtisadiyyatı və maliyyə-bank sistemi uzunmüddətli rəqabətə və davamlılığa malik deyil. Rus rublu və qiymətli kağızları dünyanın ən etibarsız maliyyə alətləri, Rusiya iqtisadiyyatı isə yatırım üçün ən təhlükəli iqtisadiyyatdır.

7. Qərb doğrudan da Rusiyaya qarşı indiyə qədər misli görünməmiş sanksiyalar tətbiq edir və onların Rusiyaya güclü təsir etməyəcəyi barədə iddialar özünü doğrultmur. Əksinə, Rusiya iqtisadçıları, iş adamları, hətta ölkə rəhbərliyi səviyyəsində sanksiyaların ölümcül təsiri etiraf olunur.

8. Qərb və Avropa nəinki Rusiya maliyyə bazarları, biznes strukturları və s. gözlənilənlərin əksinə olaraq, hətta Rusiya neftindən və qazından belə imtina edəcək qədər qətiyyətli mövqe tutdu.

9. ABŞ və Qərb kəşfiyyatı Rusiya kəşfiyyatından öndədir, daha güclü və məlumatlıdır. Bunu sübut edən xeyli məqamlar var. Onlardan biri - ABŞ Prezidentinin və digər Qərb liderlərinin Rusiyanın işğal planı və hətta onun tarixi ilə bağlı xəbərdarlıqları informasiya müharibəsindən daha çox gerçəkliyi əks etdirdi. 

10. ABŞ Rusiyadan daha ağıllı və incə oynayır. NATO-nun parçalandığı, hətta Emmanuel Makronun dediyi kimi, “beyin ölümü” keçirdiyi barədə iddialar özünü doğrultmur. Əgər buna bənzər bir prosses gedirdisə də, Rusiyanın Ukraynaya təcavüzü Şimal Alyansına ikinci nəfəs verdi. 

11. Ukraynanın Qərb tərəfindən hərbi dəstək, silah təminatı nə yarıtmaz və zəif, nə də yüksək səviyyəli və qənaətbəxş hesab edilə bilər. Buna baxmayaraq, Ukraynaya dəstək 2014-cü illə müqayisədə xeyli güclüdür və Qərb bu məsələdə prinsipiallığını qoruyur, geri çəkilənə də qətiyyən bənzəmir. 

12. Ukrayna Ordusu və xalqı nəinki Rusiyanın, hətta Qərbin də təsəvvür etmədiyi dərəcədə döyüşkən, motivasiyalı və bacarıqlıdır. Əgər Ukrayna Ordusu eyni templə inkişaf etsəydi və müharibə indi yox, məsələn, 3-5 il sonra baş versəydi, Rusiya Ukrayna ərazisində hətta bugünkü qədər də irəliləyə bilməzdi və daha böyük zərbələrə məruz qalardı. 

13. “Ukraynalılar döyüşmək istəmir”, “ruslarla ukraynalılar eyni xalqdır” kimi iddialar mifdir. Ukraynalılar “qardaşlarından” bir baş üstün olduqlarını sübut edirlər. Eləcə də Ukraynanın qərbi ilə şərqinin ayrı-ayrı xalqlar olduğu, həmrəylik göstərmədiyi, Ukrayna cəmiyyətinin dağınıq və başıpozuq olduğuna dair iddialar cəfəngiyyatdır. 

14. Zelenskini doğrudan da xalq seçib və o, “başıboş təlxək” deyil! 

15. Lukaşenkonun, Əsədin, yaxud Eritreya kimi dövlətin ümidinə qalan Putinin “dahi”, “təcrübəli”, “məğlubedilməz” və s. lider olduğuna dair yaradılan təsəvvür sabun köpüyünə dönür və təəssüf ki, onun hətta nüvə silahı işlədəcək mənəvi-psixoloji durumda olduğuna dair iddialar aktuallığını qoruyur... 

16. Azərbaycandakı rus “5-ci kolonu”nun nümayəndələri həyasızlıq, abırsızlıq, mənəviyyatsızlıq və s. sarıdan solovyovlardan, simonyanlardan, zatulinlərdən geri qalmır və qətiyyən çəkinmədən özlərini büruzə verirlər. Bu “cəsarətləri” göstərir ki, hakimiyyətin hansısa qollarında yüksək səviyyəli dayaqlara malikdirlər... 

17. Özü də işğalın nə demək olduğunu yaxşı bilən Azərbaycan xalqının və cəmiyyətinin mütləq əksəriyyəti Ukraynanın yanındadır, onu haqlı sayır və dəstəkləyir. Rusiyanı haqlı hesab edənlər isə cüzi saydadır, onların da əksəriyyəti bu ölkəyə ya siyasi səbatsızlıq, ya maddi maraqlar, ya da agentura şəbəkəsi ilə bağlıdırlar. 

18. Türkiyənin və Azərbaycanın yürütdüyü xarici siyasət, Ukrayna məsələsində tutduğu mövqe qənaətbəxşdir, reallığa uyğundur və dünya birliyi tərəfindən qəbul olunur. 

19. Qərb müəyyən iqtisadi itkilərə baxmayaraq, Rusiya ilə müqayisədə qalib durumdadır. 

20. Rusiya dövlət, ordu, imperiya olaraq uduzur və Ukraynada istədiyinə nail ola bilməyəcək!

Əlbəttə ki, əslində nəticələr burada sadalananlardan xeyli çoxdur və bu siyahını uzatmaq olar. Ancaq ümid edək ki, bu qanlı savaş tezliklə haqqın qələbəsilə bitəcək və onun təkcə Ukrayna deyil, bütünlükdə sivilizasiya üçün yaratdığı təhlükələr və dağıdıcı nəticələr qısa müddətdə aradan qaldırılacaq.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Doktor 2022-03-16 02:19:23

cox gözəl şərhdir.Mehmanin o gunki şərhi urəkbulandirici idi.

Ferid 2022-03-15 23:44:44

Derin analizdir, bu muharibe rusnefaşizminin sonu olacaqdır

Veteran 2022-03-15 23:07:01

Faktlara əsaslanan bu məzmunlu və dolğun şərhə bircə onu əlavə edə bilərəmki balaca putinə və "böyük "rusiyaya arxalananlar bu şərhi təkrar-təkrar,dönə-dönə o boş qafanıza yeridin. Sonra sizin və yaxınlarınız üçün çooox kec olar.Onsuzda sizlər hər biriniz üzdəsiniz.Hamı sizi tanıyır . .

Kənar adam 2022-03-15 23:03:57

Düppədüz

Владимир 2022-03-15 22:15:04

Zelenski ele dogurdanda telxek aktyordu Bu aksiomadi Sadece bu aktyorun ipleri natoda dir

QM 2022-03-15 19:55:51

Təhlil təqdirəlayiqdir

Ramo 2022-03-15 17:56:52

Rusiya ordusu eynən ermənistan ordusu kimidir, fərq yalnız hərbçi və texnika sayının çox olmasındadır. Ermənilər də ordularını məğlubedilməz sayırdı, aqibətləri isə hamıya məlumdur, əsas məsələ kəmiyyət deyil, keyfiyyətdir və bir də döyüş ruhudur. Bu qədər bəsit.

Oxucu 2022-03-15 17:29:22

Əla qiymətləndirmədir

Son yazılar