PUTİNİN “PLAN” ÜZRƏ GEDƏN “XÜSUSİ ƏMƏLİYYATI”... - Və ya Rusiya prezidenti 23 gündə nəyə nail olub?

Ukraynaya qarşı işğalın ilk günlərindən xəyalının suya, daha doğrusu bataqlığa düşdüyünü görən Rusiya rəhbərliyi sonrakı günlərdə özünə və zombiləşmiş vətəndaşlarına təskinlik vermək üçün guya hər şeyin öncədən hazırlanmış plan üzrə getdiyini bəyan etməyə başladı.

Hansı ki, məsələn əməliyyatın ilk günlərində marqarita simonyan konkret tarix göstərərək, tezliklə Kiyevdəki Borispol aeroportunda olacağını demişdi. Eyni ədanı Kremlin həndəvərində quyruq bulayan çoxsaylı rusiyalı politoloqlar, hərbi ekspertlər, jurnalistlər, hətta elm və mədəniyyət “xadimləri” də sərgiləyirdilər.

Ancaq savaşın başlanmasından 23 gün keçsə də, bu məxluqlar nəinki Kiyevə gələ, ümumiyyətlə, Rusiyadan kənara addım ata, yəni girdikləri deşikdən çıxa bilmirlər. Eyni şey solovyova və Kremlin digər siçan-pişiyinə də aiddir.

Həmçinin, hər kəsə məlum idi ki, Rusiyanın planı iki-üç gün ərzində Kiyevi götürmək və hakimiyyətə öz marionetkasını oturtmaq idi. Bunu Qərb kəşfiyyatı da dəfələrlə bəyan etmişdi. Ancaq olmadı, alınmadı və alına da bilməzdi...

Bütün bunlara baxmayaraq, demək olar hər gün Putindən Lavrova, Şoyqudan Peskova kimi bütün Rusiya rəhbərliyi “xüsusi əməliyyat plana uyğun şəkildə davam etdirilir” bəyanatını təkrarlayır. Son olaraq, ötən gün Putin özü növbəti dəfə bütün dünyanın, eləcə də Rusiya vətəndaşlarının əhəmiyyətli bir qisminin inanmadığı həmin tezisi təkrarladı.

Bəs, dünya bu bəyanatlara niyə inanmır?

Ən azından ona görə ki, heç bir normal, sivil düşüncə sahibi, yaxud azacıq da olsa insanlıq, mərhəmət, ədalət hissi və stabil psixoloji durumu olan və sözünə, bəyanatına inanılası şəxs, yaxud şəxslər “xüsusi əməliyyat” adlandırdıqları bu qanlı savaşı, işğalı ümumiyyətlə başlatmazdı.

Əgər Putinin və ətrafının dediyi kimi “hər şey plan üzrə gedirsə”, deməli, “plan” milyonlarla ukraynalını öz vətənindən didərgin salmaq, minlərlə günahsız qocanı, qadını, uşağı qətlə yetirmək, ac-susuz qoymaq, şəhərlərə, dinc əhalinin başına bombalar yağdırmaq, mədəniyyət, incəsənət ocaqlarını, hətta kilsələri dağıtmaq, humanitar fəlakət yaratmaq və bütün bunları törədən rusları, rus əsgərini “faşist” qismində dünyaya təqdim etmək olub.

Deməli, “plan” Rusiyanın dünyada olan-qalan siyasi nüfuzunu, diplomatiyasını, dövlət olaraq sözünün çəkisini “bir qara qəpikdən” də ucuz etmək olub.

Deməli, “plan” rus ordusu ətrafındakı mifi dağıtmaq, onun hərbi texnikasının, silahının, əsgərinin hansı miskin durumda olduğunu, Suriyadan və digər ölkələrdən gətirilən muzdluların, eləcə də Kadırovun başıpozuq dəstəsinin ümidinə qaldığını bütün dünyaya göstərmək, onu biabır etmək, rus hərbçilərinin meyitlərini Ukrayna çöllərinə səpələmək və onlara sahib çıxmamaq, “yenilməz rus əsgəri”nin necə topa-topa əsir düşdüyünü, qaçıb meşələrdə gizləndiyini, evlərə girib toyuq-cücə oğurladığını, yaxud çörək növbəsində duran günahsız insanları güllələyəcək qədər rəzil vəziyyətdə olduğunu isbatlamaq olub.

Deməli, “plan” NATO hərbi məktəbinin, strategiyasının, taktikasının, silahının, texnologiyasının Rusiya hərb maşınından qat-qat üstün olduğunu göstərmək, eyni zamanda da Şimali Atlantika Blokunun daha sıx birliyinə, hərbi büdcəsini artırmasına, Şərqi Avropa ölkələrinə daha ürəklə müasir silahlar yerləşdirməsinə nail olmaq olub.

Deməli, “plan” Rusiya iqtisadiyyatını, maliyyə-bank sistemini, biznesini, işgüzar mühitini müasir dünyadan uzaqlaşdırıb, “daş dövrü”nə qaytarmaq, uzun illər boyu rusların boğazından kəsilib toplanan 100 milyardlarla dollarlıq rəsmi ehtiyatların, eləcə də rusiyalı iş adamlarına aid eyni miqdarda varidatın bir günün içində “başına daş salınmasına” nail olmaq, rublu və dövlətin qiymətli kağızlarını öldürmək, öz əhalisini müflisləşdirmək, işsiz qoymaq, böyük müəssisələri qapatmaq, istənilən iqtisadiyyatın inkişafının əsas təməllərindən olan investisiyaların, o cümlədən də xarici investisiyaların yolunu bağlamaq olub.

Deməli, “plan” Rusiya mədəniyyətini, incəsənətini, ədəbiyyatını, idamanını bütün dünyadan təcrid etmək, xaricə ayaq basan hər bir rus vətəndaşına həmin ölkələrdə açıq nifrət və ittiham dolu münasibət qazandırmaq olub.

Deməli, “plan” Rusiyanın dünyanı nüvə silahı ilə təhdid edəcək bir barbar, vəhşi, geridə qalmış zehniyyətlə idarə olunduğunu bütün planetə göstərmək olub.

Deməli, “plan” “təcrübəsiz və təlxək” Zelenskinin özünün rusiyalı “dahi və təcrübəli” opponentindən qat-qat üstün cəsarətə, xalq dəstəyinə, mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu, eləcə də beynəlxalq birlik tərəfindən indiyə qədər tarixdə misli görünməmiş dəstək qazanmasına nail olmaq olub.

Nəhayət, deməli, bu “plan” Rusiyanın yeni SSRİ, yaxud Rusiya imperiyası qurmaq ideyasının nə qədər təhlükəli, qəddar, qaniçən və eyni zamanda da mənasız, puç və heç zaman reallaşması mümkün olmayan avantüra olduğunu ortaya qoymaq olub!

Əgər Putinin və ətrafının “planı” bu idisə, o zaman doğrudan da “hər şey plan üzrə gedir” və “xüsusi əməliyyat” davam edir!

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

NİZAM 2022-03-18 22:48:42

PENTAQON MDB də bioıoli labaratoriyalar qurub

Seyid ƏNHU 2022-03-18 22:34:16

Cəlal bəy, icazə verin analitik təhlilinizi rus-dilinə tərcümə edib rus saytlarına təqdim edək.. Bu bizdən çox rus cəmiyyəti üçün lazımdır.

heydər 2022-03-18 19:56:32

çox gözəl analiz vermisiz Cəlal bəy

İsmayıl 2022-03-18 17:40:21

Hələ bilmək olmaz bu işlərin axırı necə olacaq,Putin hələ ki yolun başlanğıcındadır.O hələ Adolf Hitlerin qət elədiyi yolun 1 faizini qət etməyib,hər şey göründüyü kimi sadə deyil.Hələ bilmək olmaz Sovet imperiyası yenidən qurulacaq ya yox.Şəxsən mən bunu uzaq ehtimal olaraq görmürəm,Allahın izni ilə yaxın zamanlarda həqiqət ortaya çıxacaq

Elşad 2022-03-18 16:08:15

Tamamilə doğru! !Bu konfliktdə uduzan yalnız Rusiya. Putin rus dövlətini məhvə aparan yeni Qorbaçov oldu.

Türk Turan 2022-03-18 12:42:22

Təşəkkür edirik Cəlal bəy, çox gözəl yazmısınız. Əliniz, qolunuz var olsun. Allah Ukraynaya kömək olsun! Allah məsum insanları qətlə yetirənlərə lənət eləsin! Amin!

turan 2022-03-18 12:36:36

Müəllifə: Bu plan masonlar tərəfindən qurulub və son imperiyanın dağıdılmasına yönəlib

Vətəndaş 2022-03-18 10:50:03

ALLAH putlerin bəlasını versin bizim də canımız qurtarsın. Cənubu Azərbaycanı da Farslar rusun hesabına əsarətdə saxlayırlar

vidadi 2022-03-18 10:48:14

putin ve lavrov cox heyasiz mexluqdur

Senan 2022-03-18 09:58:10

Döğurdanda fikirləşirsiz ki, Putinə Ukraynani işgal etmək lazımdi?

t.ədalət 2022-03-18 09:35:12

Cəlal müəllim,nə yaxşı ki,bizim ziyalılar arasında sizin kimi milli hissləri olanlar var.Azərbaycan,ancaq vətənpərvər və milli təəssübkeş insanların çiynləri üstündə yaşayır.Rusiyanın çöküşü,hələ də Rusiyanın kasnalizasiyasına girib çıxa bilməyən,anti-milli duyğularla yaşayan əclafların da çöküşü olacaq.

Elmira 2022-03-18 09:12:40

Cəlal bəy, həmiçəki kimi çox aydın, ətrafll analiz. Halal olsun sizə, Eloğlu!

Son yazılar