Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib. 

Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, deputatın fikirləri qəbuledilməzdir:

“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir”, - XİN rəsmisi söyləyib.

Rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan M.Zaxarova deputatın bu çıxışını "məsuliyyətsiz" adlandırıb:

“Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək”, - M.Zaxarova vurğulayıb.

"Qovorit Moskva" Delyagin onun sözlərinin yanlış başa düşüldüyünü vurğulayaraq deyib ki, verilişdə televiziya şousunun formatına görə belə davranışa yol verib və hər kəsdən üzr istəyib. 

***

Rusiya ordusu Ukraynada ağır zərbələr aldıqca rus siyasətçilər aqressivləşir və ətrafa başlarından böyük təhdidlər yağdırırlar. Belələrindən biri də  Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyagindir.  O da  Azərbaycana qarşı təhdidlərlə çıxış edib. 

Belə ki, Mixail Delyagin Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinin yalanlarını təkzib etməsindən narazı qalıb. 

Rusiyanın dövlət kanalında, Kremlin əsas təbliğatçılarından olan Mariya Skabeyevanın verilişində çıxışı zamanı ordumuzun öz ərazimizdəki yerdəyişməsini həyasızcasına "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.

Deputat hətta həddini aşaraq Azərbaycan neft sənayesinə zərbə endirilməyin mümkün olduğunu da söyləyib.


"AzPolitika.info"