RUSİYA SƏFİRİNİN “QUBERNATOR İRADI”... – Boçarnikovun “təəccübü” əsaslıdırmı?

Bizi solovyovların, skabeyevaların, simonyanların verilişlərində, Duma dəhlizlərində və s. hədələyənlər, təhdid edənlər, daxili işlərimizə, suverenliyimizə qarışanlar, bizə “yol göstərənlər”, “necə yaşamalı olduğumuzu öyrədənlər” az idi, Rusiyanın Azərbaycandakı səfiri də bir yandan çıxdı.

İlk baxışdan “abırlı adam” təsiri bağışlayan Mixail Boçarnikov iki gün öncə qubernator, canişin ədasıyla öz naziri Sergey Lavrovdan, dünyanı nüvə silahı ilə hədələyən BMT-dəki səfirindən və digər rus diplomatlarından heç nə ilə fərqlənmədiyini göstərdi: “Azərbaycan mediasında Rusiyanın mövqeyini və rəhbərliyini qərəzli tənqid edən materialların çoxluğu bizi təəccübləndirir. Dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini yerli mediada tüğyan edən anti-Rusiya isterikasına cəlb etməli olduq. Ümid edirik ki, bu proses dayandırılacaq”.

Xatırladaq ki. Ukraynaya qarşı təcavüzdən əvvəl Qərb və dünya mediası, eləcə də bir sıra dövlət başçılarının “Rusiya Ukraynaya qarşı təcavüzə hazırlaşır” xəbərdarlıqlarına da Rusiya rəhbərliyi, o cümlədən Lavrov “anti-Rusiya isterikası” deyirdi. 

Sonradan bu “isterika”nın dəhşətli bir həqiqət olduğu üzə çıxdı, lavrovlar və digərləri isə həyasızcasına “isterika söhbəti”ni unudub, işğala haqq qazandırmağa başladılar. İndidə Azərbaycandakı səfir eyni dildən və üslubdan istifadə edir...

Əslində, bu, müharibəyə müharibə deməyin qadağan olunduğu, cəmiyyətinin böyük bir hissəsi orta əsrlərin imperiya zehniyyətinə yuvarlanmış bir ölkənin Azərbaycanın daxili işlərinə, suverenliyinə, media siyasətinə açıq-aşkar müdaxiləsidir. Səfir bilməmiş deyil ki, qanunla hakimiyyət medianın fəaliyyətinə müdaxilə edə bilməz və Azərbaycanda pis-yaxşı buna müəyyən həddə qədər riayət olunur. Yəni, vəziyyət Rusiyadakı qədər acınacaqlı deyil. İstənilən halda, yad bir ölkənin səfirinin Azərbaycan mətbuatına qarşı “ölçü götürülməsini” tələb etməyə, hakimiyyətə mətbu orqanların cəzalandırılmasına dair göstəriş verməyə ixtiyarı yoxdur!

Səfirin işlətdiyi “anti-Rusiya isterikası” ifadəsi isə Azərbaycan mətbuatına qarşı aşağılayıcı münasibətin göstəricisidir ki, buna da heç kim icazə verməyib və bu, bir diplomata, səfirə yaraşan ritorika deyil. Zatən Ukraynaya qarşı işğaldan sonra əvvəlcə uzun müddət “Ukraynaya müdaxilə olmayacaq” deyə bütün beynəlxalq aləmə və öz xalqına ucuz yalan satan, sonra isə bu işğalı uğursuz şəkildə əsaslandırmağa çalışan Rusiya diplomatiyasının bütün dünyada bir qara qəpiklik hörməti, nüfuzu qalmayıb. Bir yandan da hər zaman Azərbaycanda hörmət və ehtiram görmüş səfirin, buna baxmayaraq, Azərbaycan mətbuatına və hakimiyyətinə göstərdiyi bu hörmətsizlik şəxsən onun da rus diplomatiyasının miskin obrazının bir parçasına çevrildiyinin göstəricisidir...

Həmin bu səfir bircə dəfə Rusiya mətbuatında və televiziyalarında Azərbaycana qarşı kütləvi hal alan üfunət dolu açıqlamalara, təhdidlərə, hədə-qorxulara münasibət bildiribmi ki, bu gün də Azərbaycan mətbuatında haqlı olaraq Rusiya işğalını pisləyən münasibətə bu cür isterik münasibət göstərir? Əsl isterika, özü də anti-Azərbaycan isterikası 44 günlük müharibə dövründə Rusiya televiziyalarında və mətbuatında yaşanırdı. İndi də öz suveren ərazilərimizdəki Fərrux dağı istiqamətində ordumuzun yerdəyişməsinə eyni isterik münasibət sərgilənir.

Təkcə Ermənistandakı Rusiya səfiri ilə bizdəki səfirin davranışları və açıqlamalarına fikir vermək kifayətdir ki, Qafqazdakı rus diplomatiyasının iç üzünü görəsən. Ermənistandakı səfir bəzən ermənilərin maraqlarını o dərəcədə müdafiə edir ki, anlamaq olmur, danışan rus səfiridir, yoxsa daşnak partiyasının siyasi bürosunun üzvü. Azərbaycandakı səfir isə göründüyü kimi, bizə hədə-qorxu gəlməklə məşğuldur...

Səfirin bu imperiya ədalı etirazında maraqlı olan həm də onun azərbaycanlıların Rusiyanın davranışlarına göstərdiyi mənfi münasibətə “təəccüb”üdür. Bəs, nə gözləyirdi görəsən, hörmətli səfir? Bu gün də erməniyə dayılıq edən, silahlandıran, separatizmi dəstəkləyən, eləcə də Ukraynada günahsız insanların qanını axıdan, ailələri, evləri, şəhərləri dağıdan, qarət edən Rusiyaya, özləri də işğaldan uzun illər əziyyət çəkmiş azərbaycanlıların münasibəti necə olmalıdır?

Bəlkə səfir elə bilir ki, Azərbaycan cəmiyyətində və mətbuatında çoxluq Rusiya kəşfiyyatının təsir agenturasının Azərbaycandakı “əsgərlərindən”, yəni vətəninin maraqlarını rus puluna, ”molodes”ə dəyişənlərdən, üzdə bizə oxşayıb, bizdən olmayanlardan, Azərbaycan pasportu daşıyıb, rus ağzıyla danışanlardan, ləyaqətini, milli kimliyini satanlardan ibarət olmalıdır?

Qısası, səfirin məntiqindən belə çıxır ki, Rusiya kanallarında başı-beyni Ukraynada dişi sınan imperiya iddialarından pozulmuş faşist mahiyyətli varlıqlar Azərbaycanın ünvanına gecə-gündüz təhdidlər və hədə-qorxular yağdırmalı, bizə qarşı açıq ermənipərəst, düşmən mövqe sərgiləməli, Azərbaycan mətbuatı isə müti şəkildə buna göz yummalı, susmalıdır. Xeyr!Səfir istəyir indidən sonra da min dəfələrlə “Azərbaycan hakimiyyətinin diqqətini Rusiyaya qarşı tənqidlərə” yönəltsin, xeyri yoxdur! Azərbaycan xalqının, cəmiyyətinin, elə dövlətin özünün də istənilən işğala, separatizmə, qətliamlara münasibəti necədirsə, vicdanını itirməyən mətbu orqanların, jurnalistlərin də münasibəti eyni olacaq!

Cəlal Məmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.


635x100

Şərhlər

XİN-de 5-ci koloniya 2022-04-08 17:06:38

bu rus sefirinin himayedarlari Azerbaycanin dövlet idarelerindedirler. Konkret olaraq, Azerbaycan Xarici Ishler Nazirliyini göstermek gerekdir. Buradakı nayir müavinlerinin hamisi bir nefer kimi rusiyaperestdirler, Xelefov, Azimov, Mammed-kuluyev ve digerleri... Taze nazir Bayramov temizlemeyi bacarmadi... xirda-para kosmetik addimlar atmaqla xalqi aldatmaga nail oldu.... Ceyhun Bayramovun Mammedyarovdan hec bir ferqi yoxdur, eshidin-bilin. Korrupsiya hemişekinden de beterdir... Kadrlar idaresinde İranın ve Rusiyanın koloniyaları öz işlerini görmekdedirler... Kadrların reisi Raman Memmdov ise nominal-formal heç neye tesir ede bilmeyen oyuncaq fiqurdur.

korrektor 2022-04-05 17:47:09

yerin yiyəsi olmayanda donuz təpəyə çıxar!

c 2022-04-04 21:22:37

Həmin dalğa-həmin koordinat...Eyni mərkəzdən hürdürülən solovyov, simonyan....biri də bu oldu. Sirkə tündləşir, qabının dağilması prosesi gedir...

Elmira 2022-04-03 08:14:27

Həmişəki kimi parlaq məqalə. Cəlal bəy təşəkkür edirik!

Eko 2022-04-03 04:47:55

Qovmaq lazimdi s..... burdan !!!! Poladda ordan !!!!

Sadiq 2022-04-02 19:57:03

Cəlal bəyə təşəkkürlər,hər zaman oldugi kimi…

TT 2022-04-02 17:00:01

bocarnikovdu nedi, burda onun kûcûyleri coxdu !!!! Rus pulu ile kishi olmaq isteyenner coxdu bizde, Belelerne veten xaini deyilir! inshallah Allah brlanizi verecek purtilyerle bir yerde !

t.ədalət 2022-04-02 15:54:45

Təəssüf ki,biz,hələ də "Azərbaycan pasportu daşıyan" rus ifrazatı yeyən satqınların əlini qısalda bilmirik..........

lala metin 2022-04-02 15:33:42

Nə yaxşı səfirin bizim ruslara mənfi münasibətdən xəbəri var yoxsa elə bilərdilər hamı 5 ci kolondur.

rasim quliyev 2022-04-02 14:54:01

48 saat vaxt verilmeli getsin.Simoyanana tulalig elesin

Son yazılar