PAŞİNYAN BRÜSSEL RAZILAŞMALARINA ARXA ÇEVİRİR - Putinlə görüşdən sonra ritorikanı dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Moskvada regional kommunikasiyaların açılması məsələsində mühüm razılaşmalar əldə olunub. "AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, Paşinyan hökumətin iclasında bu məsələdə Ermənistanın və Rusiyanın yanaşmalarının müəyyənləşdirildiyini bildirib.

Paşinyan İərvanın ən qısa zamanda Ermənistan ərazisindən şərqlə qərbi birləşdirən dəmir yolu və avtomobil yolunun tikintisinə başlamağa hazır olduğunu bəyan edib.

O, qeyd edib ki, görüşlər zamanı ikitərəfli gündəliyin ən əsas məsələləri müzakirə edilib və bu, birgə bəyanatda öz əksini tapıb: “Biz regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə xüsusi diqqət yetirdik”.

Baş nazir deyib ki, Ermənistan, Rusiya və Azərbaycanın Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu tezliklə kommunikasiyaların açılması prosesinə başlamaq üçün lazımi sənədləri hazırlaya biləcək.

Qeyd edəki, Paşinyanın bu açıqlamaları 6 apreldə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə əldə olunan razılaşmaları kölgə altına salır. Çünki Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 30-dək ikitərəfli komissiyanın yaradılması və xarici işlər nazirlikləri arasında sülh danışıqlarının başlanması barədə razılıq elan olunmuşdu. Paşinyan göründüyü kimi, Moskva səfərindən sonra bu razılaşmanı "unudub".

O, prosesin daha əvvəl Moskvanın iradəsi ilə qurulmuş, amma heç bir irəliləyiş əldə olunmayan üçtərəfli komissiya çərçivəsində aparılmasından bəhs edib. Moskva görüşündə V.Putin də nizamlanma prosesinin məhz üçtərəfli formatda aparılmasının zəruriliyini vurğulayıb.

Paşinyanın çıxışındakı ən “maraqlı” məqamlardan biri də yenidən Qarabağdakı separatçılar mövzusunu gündəmə gətirməsidir.

Belə ki, o, Qarabağdakı separatçıların razılığı olmadan hər hansı bir sülh müqaviləsi imzalamayacağını bildirib. Hansı ki, Brüssel görüşündən sonra belə bir yanaşma yox idi və əksinə, Paşinyan bütün beynəlxalq birliyin Qarabağ mövzusunda “plankanı endirməyi” tələb etdiyini bildirmişdi və Azərbaycanın irəli sürdüyü 5 şərtlə razılaşmışdı.

Ancaq göründüyü kimi, Putinlə görüşdən sonra ritorikasını dəyişib və yenidən müharibədən əvvəlki nağılları danışmağa başlayıb. Ona bu “cəsarət”in haradan və kimdən gəldiyini isə xüsusi qeyd etməyə ehtiyac yoxdur...

Görünür, Paşinyan Rusiyanın təzyiqi ilə növbəti dəfə Avropa İttifaqının vasitəçiliyi ilə start götürən danışıqları pozur.

Şübhəsiz ki, Baş nazir özünü Moskvanın təzyiqlərindən qorumağa, münaqişənin həlli mövzusunu qeyri-müəyyən müddətə uzatmağa çalışır. 

Onun növbəti şıltaqlığına Qərbin necə reaksiya verəcəyi məlum deyil, amma Azərbaycanın adekvat cavabı özünü çox gözlətməyəcək. Ölkə başçısı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Bakının təklif etdiyi 3 prinsip əsasında sülh müqaviləsini imzalamağın Ermənistan üçün son şans olduğunu bəyan edib: “Hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Sülh müqaviləsi imzalamaqdan imtina edəcəyi halda Ermənistanı nəyin gözlədiyini də Prezident Əliyev marionetka Paşinyana xatırldadıb: “ Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2022-04-23 11:51:22

pişikyanın arxası çox qucaqlar görüb, hara istidir arxa o qucaqdadır...

t.ədalət 2022-04-23 08:51:13

Sanksiyaların dalana dirədiyi Putin Paşinyan kartından istifadə edib Azərbaycanın üzərinə bəzi öhdəliklər yükləmək istəyir.İndi Putinə nə yolla olursa-olsun MDB məkanında əlinə keçən respublikalardan pul qoparmaq istəyir.Paşinyanın vasitəsi ilə bizi buna məcbur etmək,inanmıram ki,mümkün olsun.Çünki ABŞ və Böyük Britaniya kəşfiyyatı " iynənin ucu boyda deşikdən" belə kimin vəhşi Putinə dəstək olacağını izləyir..

Son yazılar