PREZİDENT GEOSİYASİ SAVAŞDA AZƏRBAYCANIN STRATEJİ SEÇİMİNİ ELAN ETDİ – “Bunu açıq bəyan edirik, ağacın arxasında gizlənmirik...”

Azərbaycan hökuməti tərəfindən ilk addım Qarabağ nizamlanması ilə bağlı atıldı...

Rusiyanın iki aydan artıqdır Ukraynada apardığı işğalçı müharibənin dəhşətləri üzə çıxdıqca dünya Kreml rəhbərliyinin əsl mahiyyətini görür və onun qalib gəlməməsi üçün əlindən gələni edir. ABŞ başda olmaqla kollektiv Qərbin Ukraynaya tammiqyaslı hərbi, siyasi və iqtisadi dəstəyi işğalçı ölkənin məğlubiyyətini qaçılmaz edir.

Əlbəttə, qələbə asan olmayacaq və çox təəssüf ki, qarşıda Ukrayna hələ çox qurbanlar verə bilər. Təsəlli odur ki, bu qurbanlar dünyanın Putin rejiminin qaranlıq istibdatından qurtulması üçün verilir və yeni mütərəqqi dünya düzəni onların canı-qanı bahasına inşa olunur.

Rusiya iqtisadiyyatı sürətlə dünyadan təcrid edildiyi kimi, Putin hakimiyyəti də tək qalıb. Bu günlərdə xarici işlər naziri Sergey Lavrovun Afrika ölkəsi olan Eritreyalı həmkarı ilə məsləhətləşmə aparması bir zamanlar dünyaya meydan oxuyan Rusiyanın hansı vəziyyətə düşməsinin sübutudur. 

Ötən iki ayda Moskvaya iqtisadi, siyasi, hərbi bağlılığı olan ölkələr də ondan imtina ediblər. Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətlər Putin hakimiyyətinin yalnızlığını ört-basdır etməyə təşəbbüs göstərmirlər. Ukraynaya qarşı faşizmdə ittiham olunan Rusiya alman faşizmi üzərindəki qələbənin 77-ci ildönümünü Moskvada təkbaşına keçirməyə məcbur olub. Putin hakimiyyətinin işğalçı siyasəti bəşəriyyətin nifrət etdiyi faşizmi onun alnına möhürləyib.

Azərbaycan cəmiyyəti də bu savaşda beynəlxalq hüququn və haqqın, ədalətin yanında olduğunu ilk gündən ortaya qoyub. Dövlət də bu mövqeyi mümkün qədər aydın ifadə edib: Ukraynaya iqtisadi, humanitar yardımlar göndərir, həyati vacib qurumları pulsuz yanacaqla təmin edir. Prezident V.Zelenski bu dəstəkdən məmnundur, o bu yaxınlarda bildirmişdi ki, rəsmi Bakı mövcud şəraitə uyğun, imkanı çatdığı qədər Ukraynanı dəstəkləyir.

İki gün öncə Prezident İlham Əliyev bu dəstəyi birmənalı şəkildə elan etdi.

ADA Universitetində Cənubi Qafqazda təhlükəsizlik, iqtisadi əməkdaşlıq mövzusunda keçirilən beynəlxalq konfransda dövlət başçsının mesajlarını hazırkı geosiyasi savaşda strateji seçim kimi dəyərləndirmək də mümkündür: "Biz digər ölkələr kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bunu açıq bəyan edirik, ağacın arxasında gizlənmirik. Bəli, biz Rusiya ilə yaxşı münasibətlərimiz olduğunu inkar etmirik. Beynəlxalq hüququn prinsipləri heç bir halda siyasi üstünlük səbəbindən təhrif edilməməlidir;

Ukraynaya tövsiyə edirik ki, işğal faktı ilə heç vaxt barışmasınlar və ancaq öz resurslarına güvənsinlər;

Biz Gürcüstanın və Moldovanın da ərazi bütövlüyünü dəstəkləyirik".

Prezidentin mühüm bəyanatlarından biri də Ermənistan-Azərbaycan münaqişəsinin Rusiyasız, amma Qərbin vasitəçiliyi ilə həllinə üstünlük verməsidir. Dövlət başçısı dedi ki, mayın əvvəllərində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var. Bu açıqlama rəsmi Bakının Avropa İttifaqının münaqişənin həlli təşəbbüsünə davamlı dəstəyini, əksinə, müharibədən sonra Rusiyanın apardığı nəticəsiz prosesdən imtinanı ehtiva edir.

Dövlət başçısı çıxışında 44 günlük müharibə zamanı Rusiyanın Ermənistana Xəzəryanı ölkələr vasitəsi ilə silah daşıdığını təsadüfən xatırlamadı. Bu, Azərbaycan rəhbərliyinin bir sıra vacib qərarlar verməsinin göstəricisi sayıla bilər.

İlk növbədə Bakı müharibədən sonra Qarabağ məsələsinin tam nizamlanması prosesində artıq Kremlin vasitəçiliyinə ehtiyac duymur. Çünki kifayət qədər müddət keçməsinə baxmayaraq, nə 10 noyabr bəyanatının, nə də ondan sonrakı üçtərəfli razılaşmaların icra olunması istiqamətində işlər görülüb. 

Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması işindən saxlaya bilməz. Alternativlər həmişə mövcuddur və Avropa İttifaqı dərhal Azərbaycanı qane edən müzakirə atmosferi yarada bilib. Bu müstəvidə Azərbaycanın bir neçə vacib şərti qəbul edilib:

Sülh danışıqları üçün 5 bəndlik əsas baza prinsiplərinin qəbul edilməsi;

Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı olaraq tanınması;

Qarabağda qalan erməni azlığına yüksək status verilməyəcəyi barədə Azərbaycanın mövqeyinin qəbul edilməsi.

Moskva prosesi pozmaq üçün əlindəki təzyiq rıçaqlarını işə salıb və ilk növbədə Ermənistanda daxili siyasi gərginlik yarada bilib. Baş nazir Nikol Paşinyanın Moskvaya çağırılması və qayıtdıqdan sonra onun Kremlin tezislərini təkrarlaması bu təzyiqlərin bariz sübutudur.

Hazırda rusiyayönlü müxalifət, onların media orqanları var gücü ilə Paşinyanın Qərbin vasitəçiliyi ilə aparmağa başladığı prosesi pozmağa çalışır. Hələlik onlar zəif görünür, amma irəlidə proqnozlaşdırılmayan hadisələr də baş verə bilər.

Rusiya Azərbaycana da təzyiq göstərməyə cəhd edir, biz bunun müxtəlif təzahürlərini görürük. Amma onun əlindəki alətlər Ermənistana qarşı tətbiq etdiyi vasitələrlə müqayisədə xeyli məhduddur.

Eyni zamanda güclü Türkiyə ilə  üst səviyyəyə çatdırılan müttəfqilik də Kremlin əl-qolunu bağlayır. Amma bu da arxayınlaşmaq üçün əsas deyil. Azərbaycana qarşı istər daxildə, istərsə də sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə təxribatlar mümkündür. Rəsmi Bakı qardaş və müttəfiq Türkiyə ilə , eləcədə tərəfdaş Qərb ölkələri ilə təhlükəsizlik istiqamətində aparılan işləri daha da artırması məqsədəuyğun olardı.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Akifə Hacı Amil 2022-05-02 12:27:05

Bəli, Zəfərdən bəri və sonrakı Bayramlarımız mübarək olsun!

B.Qarabağlı 2022-05-01 19:01:27

Bəli, Qarabağ erməni vətəndaşlarımızın və Ermənistanın müsbət mesajlarına əsasən Kremlə barışığa dəstək üçün sülhməramlılara təşəkkür edib, yola salmaq olar7 Kreml vasitəçi 3cü dövlət idi! Qalan hüquqi hərəkətləri beynəlxalq təşkilat-Avropa İttifaq icra etməlidir.

Vuqar Memmed.oglu 2022-05-01 16:28:33

PREZİDENT çox düşünülmüş və zamanında vacib siyasi gedişlər edir! ƏHSƏN!

Akif m 2022-05-01 14:22:07

Prezidentimizin məntiqli və qətiyyəyyətli siyasətini dəstəkləyirik. Bizim Prezidentimiz quruculuq və Sülh Lideridir.

Son yazılar