PREZİDENT ADMİNİSTRASİYASINDA İKİ ALİMİN SÖHBƏTİ... - Elxan Şükürlünün yazısı

Ədalət Partiyasının sədri İlyas İsmayılov müavini Elxan Şükürlü ilə birlikdə dünən Prezident Administrasiyasında olublar. Onlar Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüblər. Bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü öz "facebook" səhifəsindən paylaşdığı yazıda məlumat verib. "AzPolitika.info" həmin yazını təqdim edir:

"Bu gün partiyamızın sədri, görkəmli hüquqşünas alim İlyas İsmayılovla birgə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyevlə çox maraqlı, yaddaqalan bir görüşümüz oldu.

Mənim üçün bu görüşü maraqlı edən təkcə iqtidar-müxalifət münasibətlərində indiyədək rastlaşmadığımız rəftar və mövcud olmayan yeniliklərin tətbiqini müşahidə deyildi, həm də ölkənin gələcəyinə, milli maraqlarımızın təmininə baxışda olduqca aydın təsəvvürə malik və əksər prinsipial məsələlərdə də mövqeləri tamamilə üst-üstə düşən iki dəyərli alimimizin, ziyalımızın çox səmimi, məzmunlu və faydalı söhbəti idi.

Hər ikisi zəngin həyat və idarəçilik təcrübələrindən, elmi-siyasi biliklərindən yararlanmaqla ölkənin problemlərinə o qədər açıq, həssas və fundamental yanaşma ortaya qoyurdular ki, səlahiyyətli iqtidar təmsilçiləriylə müxalifət liderlərinin belə müzakirələrini indiyədək təşkil etməməklə, bir-birimizi dinləməməklə ökəmizin, xalqımızın nə qədər itirdiyinin bir daha fərqində oldum.

Bəli, təəssüf ki, biz bir-birimizi dinləməməkdə də xeyli zaman itirmişik - ölkənin bütün ağıllı başlarını bir yerə toplamaq, onları yaxından tanımaq, fərqli fikirlərini eşitmək və üstün zəkalarından, qabiliyyət və bacarıqlarından dövlətimizin, xalqımızın nəfi naminə yararlanmaq işində çox fürsətləri, imkanları qaçırmışıq.

Və bu işdə də, açıq desək, Prezident Administrasiyasının uzun illər boyu ictimai-siyasi sektora cavabdeh əvvəlki adamlarının çox böyük təqsirləri var. Çünki onlar bu müzakirələri zamanında təşkil etməli, indi edilənləri, göstərilən münasibəti və görülən işləri vaxtında – münasibətlərdə dərin çatlar yaranmamış, düşmənçilik həddinə keçməmiş onlar etməliydilər.

Ancaq etməyiblər və tək bircə səbəbə görə - o adamları dövlət, xalq yox, yalnız öz şəxsi maraqları düşündürüb və tamahları idarə edib! Bu gün aşkarlanan, üzə çıxarılan sərvətlərinin həcmi, miqyası hər şeyi deyir, onların cinayətlərinin danışan şahidləridir və əlavə dəlil-sübut gətirməyə də ehtiyac yoxdur!

Özləri xalqı talayıb varlandıqca, onların bu talançılığına etiraz edən, bu davranışların cinayət olduğunu və dövləti zəiflətdiyini deyən müxalifət təmsilçilərini də bilərəkdən “dövlətin düşmənləri”, özlərini isə "dövlətin qoruyucuları" cildində xalqa və Prezidentə təqdim ediblər ki, çirkli, bulaşıq işlərini də rahatca davam etdirsinlər, əməllərinə göz yumulsun!

...İndi isə elə deyil. Baxın, həmin ağ mərmər bina və həmin Prezidentdir. Yalnız sahəyə cavabdeh adam və komandası dəyişib – yerlərinə dürüst, vicdanlı, öz şəxsi maraqları naminə Prezidentə yalan deməyən, öz maraqları naminə ölkənin ən qabiliyyətli adamlarını ləkələyib üstündən xətt çəkməyən, nankor və xəbis olmayan, peşəkar insanlar təyin edilib! Fərq, münasibət isə ortadadır! Görməyənlərə, bilməyənlərə deyim ki, bu şöbənin işindəki dəyişiklik fərqi də elə Vəliyevlə Həsənovun boylarındakı fərq qədərdir!

Hər şey münasibətdən başlayır. Əsas odur ki, artıq bizə - müxalifətə münasibət dəyişib. Və dəyişən bu münasibət mütləq öz bəhrəsini verəcək!

Professor Ədalət Vəliyevin İlyas müəllimlə söhbətindən sonra mən bir daha əmin oldum ki, Prezident İlham Əliyevin ölkənin daxili siyasətinin də fundamental şəkildə yaxşıya doğru dəyişidirilməsi istiqamətində ciddi planları, sarsılmaz əzmi, iradəsi var və bu işdə də xaricdən asılı olmayan, kənardan idarə olunmayan, xüsusən də 44 günlük savaş müddətində və ondan sonrakı dönəmdə özünü ləyaqətlə aparan müxalifət partiya rəhbər və təmsilçilərini də özünə rəqib yox, dost, müttəfiq kimi görür!

Bu, ölkəmizin gələcəyi üçün çox mühüm addım, yaxşı bir başlanğıcdır!"

635x100

Şərhlər

Oxucu 2022-05-24 11:40:27

Yaxınlarda sizə yaxşı iş verəcəklər!....

Ramil 2022-05-23 01:44:48

Görüşün məqsədi və nəticə maraqlı idi ki, o da yazıda açıqlanmır.

Müfəttiş 2022-05-22 15:30:47

Müxalifət ....

Son yazılar