PUTİN ƏSL MƏQSƏDİNİ ETİRAF ETDİ, ANCAQ... – Özünü I Pyotra bənzədən Rusiya Prezidenti hansı tələyə düşüb?

Putin Pyotrun ayaqqabısını geyinsə də onun yerişini yeriyə bilmir

Putin ötən “gənc sahibkarlar”la görüşdə növbəti dəfə tarixə baş vurub. Artıq Rusiya başçısının tarixi ekskursları sivil dünyanın əksər hissəsində ironiya ilə qarşılansa da, Putinin son “tarixi” açıqlaması bir daha bu böyük əraziyə və atom silahına malik ölkənin başında duran şəxsin psixoloji durumu barədə düşünməyə ciddi əsaslar verir.

Putin bu dəfə ya Ukraynada törədilən cinayətlərin fonunda yaşadığı cəzasızlıqdan ruhlanaraq, ya da rus ordusunun uğursuzluğundan yaranan aqoniyanın nəticəsi olaraq, özünün imperiya və imperatorluq iddiasını daha çılpaq çəkildə və qətiyyən utanmadan ortaya qoymağa başlayıb.

Putinin bu halı hər nə qədər özünü Napoleon hesab edən psixi xəstəyə aid lətifələri xatırlatsa da, eyni zamanda dünyanın gələcəyi üçün həyəcan siqnalı təsiri bağışlayır.

Rusiya başçısı yuxarıda qeyd edilən görüşdə deyib: “Heç nə dəyişməyib. I Pyotr Şimal müharibəsini 21 il davam etdirib. İsveçlə savaşırdı. Torpaqları qaytarırdı... Qaytarırdı və gücləndirirdi. Belə görünür ki, bizim də payımıza torpaqları qaytarmaq və gücləndirmək düşüb”.

Özünü I Pyotra bənzədən Putinin bu cür açıqlamalarından sonra bəzi Qərb KİV-lərinin onda şizofreniya əlamətlərinin mövcudluğuna dair iddialarına daha ciddi yanaşmaq məcburiyyəti yaranır. Bu əcaib və axmaq məntiqdən belə çıxır ki, Makron da özünü Napoleona, Şolts özünü Hitlerə, Monqolustan Prezidenti isə özünü Cingiz xana bənzətməli və ətrafa savaş elan etməlidir...

İlk öncə, bu açıqlama şəxsən Putin tərəfindən Ukraynada başladılan işğalçılıq müharibəsinin onun özünün elan etdiyi “Ukraynanın denasifikasiyası və demilitarizasiyası”, Donbasdakı rusdilli əhalinin müdafiəsi və sair bu kimi bəhanələrlə heç bir əlaqəsinin olmadığının, bunun sadəcə rus imperiyasının bərpası istəyindən irəli gələn işğalçılıq savaşı olduğunun etirafıdır.

Etiraf olunur ki, Ukraynada həlak olan on minlərlə günahsız insanın qanı da məhz bu yırtıcı, xəstə təxəyyülün yolunda axıdılır, evlər, kəndlər, şəhərlər buna görə dağıdılır, uşaqlar yetim, ailələr ev-eşiksiz qalır...

Əlbəttə, Putinin Pyotr kimi 21 il müharibə aparmağa nə vaxtı, nə də imkanı var və bu sarıdan bəşəriyyətin bəxti bir qədər gətirib. 


Ancaq ömrü boyu heç bir siyasi opponenti ilə debata çıxmayan və yalnız monoloq deməyə vərdiş edən Putinə sual verən lazımdır ki, barəsində fəxrlə danışdığı 21 illik müharibədə geri çəkilən İsveçin bugünkü əhalisinin yaşayışı yaxşıdırmı, yoxsa onun başçılıq etdiyi dövlətin əyalətlərində səfalət içində, adi məişət şəraiti, kanalizasiyası belə olmadan yaşayan, daha doğrusu, sürünən və hara baxsa korrupsiya, rüşvət, özbaşınalıq görən, normal sivil iqtisadi və siyasi münasibətlər sistemindən təcrid olunan, nəinki İsveç, bir vaxtlar Rusiyanın işğalı altında olan Şərqi Avropa ölkələri xalqlarından da çox-çox geri qalan rusların yaşayışı?

Əlbəttə, bəşəri dəyərlər, ədalət və s. baxımından I Pyotr da xüsusi rəğbət bəslənəcək, hörmət-izzət göstəriləcək bir tarixi fiqur olmayıb. Ancaq hər halda maraqlıdır, görəsən, Pyotr da Putin kimi dost-aşnasını başına yığıb, onların dövlətin xəzinəsini çapıb-talamasına, rus xalqının olan-qalan var dövlətini sümürməsinə, milyarderlərə çevrilməsinə imkan vermişdim? Özü xarici ofşorlarda milyardlar saxlayırdımı, ailə üzvlərinə Avropada böyük malikanələr almışdımı? Yaxud o da canının qorxusundan başqa dövlətlərin elçilərilə və başçıları ilə görüşlərdə 50 metr məsafə saxlayıbmı, bunkerdə, orda-burda gizlənibmi? Bilmirik. Amma ən azından bir şey məlumdur ki, Pyotr amansız müharibələr aparsa da, Rusiyanı Qərbdən, sivil dünyadan, mədəniyyətdən və s. təcrid etməyə yox, əksinə, pis-yaxşı, mümkün qədər Avropaya yaxınlaşdırmağa çalışırdı...

Hər halda, görünən odur ki, Putin Pyotrun ayaqqabısını geyinsə də onun yerişini yeriyə bilmir və biməyəcək də. Ən azından ona görə ki, dünyada qaba silahlı güclə haralarısa işğal etmək dövrü artıq çoxdan bitib. Silahlı, hərbi işğal effekt vermir. Təkcə Rusiyanın Gürcüstandan, Moldovadan, Ukraynadan qopardığı və Kremlin əlaltısı olan qondarma rejimlərin idarə etdiyi ərazilərdəki əhalinin durumuna, yaxud 30 ilə yaxın müddətdə Qarabağda mövcud olan Rusiya yanlısı separatçıların yaşayışına, hansı vəziyyətdə olduqlarına diqqət yetirmək kifayətdir.

İndi dünyada əsas sözü “yumşaq güc” - iqtisadiyyat, maliyyə, texnologiyalar, elm, mədəniyyət və s. deyir. İndi Pyotr dövrünün – yəni, 17-18-ci əsrlərin təfəkkürü ilə heç nəyə nail olmaq mümkün deyil. Rusiyanın elmdə, texnologiyada, iqtisadiyyatda, mədəniyyətdə, siyasi və istisadi azadlıqlarda və s. itirdiklərini, uduzduqlarını isə hərbi yolla qaytarmaq istəyi ilk başdan məğlubiyyətə məhkum idi.

Tanınmış Rusiya yazıçısı Boris Akunin Putinin Ukraynada başlatdığı müharibəni şərh edərkən çox maraqlı fikir işlətmişdi. 

O, demişdi ki, Putin də tarixdəki bir çox hökmdarlar kimi “qısa və uğurlu savaş” adlı tələyə düşüb. O, hesab edib ki, Rusiyada getdikcə ağırlaşan sosial-iqtisadi durum, reytinqinin kəskin enməsi və hakimiyyətinə təhlükə yaranması reallığından ən yaxşı çıxış yolu qısa müddətli və qalibiyyətli müharibə olar. Əyanları da onun bu fikrini dəstəkləyiblər.

Ancaq özünü I Pyotra bənzədən Putin nəticədə 1904-1905-ci illərdəki Rus-Yapon müharibəsində məğlub olan II Nikolayın vəziyyətinə düşüb. Onu da unutmaq lazım deyil ki, Nikolay Rusiyasının dünya iqtisadiyyatındakı payı, gücü daha böyük idi. Putin Rusiyasının iqtisadiyyatı isə ABŞ-ın təkcə Texas ştatının iqtisadiyyatından kiçikdir!

Hər nə qədər “hər şey plan üzrə gedir!” desə də Ukraynada Putinin düşündüyü qısa və uğurlu müharibə alınmadı. Bunun nəticəsidir ki, bu gün o, qısa sürən və qalibiyyət gətirən savaşdan yox, 21 illik müharibədən danışmaq məcburiyyətində qalıb. Belə çıxır ki, ilkin plana görə Ukraynada müharibə 21 il davam etməli idi?...

Yeri gəlmişkən, Putinin açıq imperiya və imperatorluq iddialı fikirlərini bizdəki “rusbaşlar” da qulaqlarına sırğa etsələr pis olmaz. Görəsən, onların sevib, öpüb gözləri üstünə qoyduqları Putin Rusiyası daha nələr etməlidir ki, bu dövlətin mahiyyətinin, yürütdüyü siyasətin, niyyətlərinin və maraqlarının müstəqil Azərbaycanın varlığı və gələcəyi ilə qətiyyən uzlaşmadığını anlaya bilsinlər...

Nəhayət, Putinin bu son çıxışı bir daha göstərir ki, Putin Rusiyası özü boyda böyük, köhnə, primitiv, kobud bir keçmişdir! Keçmiş isə əvvəl-axır gələcək qarşısında məğlubiyyətə məhkumdur!

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

GƏNCƏ 2022-06-17 15:45:50

O gorbagor pyotr 1-ci idi ,sən gorbagor putin sonuncusan ay küçə gədəsi.

Bozqurd 2022-06-13 12:18:18

Gələn ilə qədər ruslar nüvədən istifadəni düşünəcək Allah köməyimiz olsun!!

Rəcəb 2022-06-13 11:28:25

Rusiyanın Birinci Pyotr dövründki kimi nə iqtisadi,nə də hərbi potensialı var,əhalisi isə azalır.O ki,qaldı rusların pis yaşamasına,bu onlar üçün adi həyat normasıdır.

Müəllim 2022-06-11 22:34:28

Allah rusun və rusbaşlarin cəzasın versin Amin

korrektor 2022-06-11 19:35:08

putin Pyoirun atının nalı da ola bilməz.

Türk Turan 2022-06-11 16:19:03

Müharibənin uzanmasını putlerə əmr edən güclər var. Avropa və Çin Amerikadakı imperialist güclərə boyun əymədikcə bu müharibə 21 il də, 21 ay da davam etdiriləcək. Putler və zelenski sadəcə və sadəcə əmr quludurlar, məsum insanlar isə qurban.

Eli 2022-06-11 14:14:02

Eger özünü demokratik,İnsan Haqqlarının mğdafieçşsi hesab eden Dünyznın aparıcı sivil dövletleri Rusiya Ukrayna mğharibesinden sonra Rusiysnı layiq olduğu yerde oturtmasalar bu Dünyanın geleceyi şübhe altındadır.Alkaş bir millet ve dövlet ne etdiyimi. mesuliyyetini hiss etmez ve dünya hemişe felaketlerle çalxalanar.

Eli 2022-06-11 14:00:03

Pyotr “Beyin” heç olmasa yalandan da olsa bir bığı var idi ki “ kişiye” oxşayırdı, bir o sifilisden ölmüşdü,yeni axırıncı pozğun kimi.Bu bedbext Putinin ne bir bığı var ki özünü kişiye oxşatsın , ne de melum deyil ki bu hansı xestelikden cehenneme vasil olacaq.Çox pis qeyri müeyyen bir tale gözleyir bu Faşisti.

Son yazılar