"QONŞU ÖLKƏLƏRDƏ AZƏRBAYCANA QARŞI DİVERSANT QRUPLAR YARADILIB!" - "Müharibə təhlükəsi var, vəziyyət hərbi qarşıdurmaya doğru gedir"

Ərəstun Orucludan sensasiyalı açıqlamalar: "Azərbaycanda həmin o Qazaxıstan ssenarisi istisna deyil..."

"Azərbaycanın daxilindəki  təxribatçı 5-ci kolonun təşəbbüsü, qızışdırılması, təhrikçiliyi ilə hansısa pozucu əməllər baş verə bilər"

Bu yaxınlarda siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun internet televiziya kanallarından birinə verdiyi müsahibədə dediyi fikirlər sosial şəbəkələrdə sensasiyaya çevrilmişdi. Həmin müsahibəsində Ərəstun Oruclu bildirirdi ki, Rusiyada Azərbaycana qarşı diversant qruplar hazırlanır və həmin qruplar İranda təlimlər keçirlər. Siyasi şərhçi qeyd edirdi ki, Azərbaycan hədəfdədir.

Sensasiya yaradan bu açıqlamanın əsasını öyrənmək üçün ASTNA Ərəstun Oruclu ilə söhbət edib.

Sual: Ərəstun bəy, müsahibələrinizin birində Azərbaycana qarşı qonşu ölkələrdə diversant qruplar yaradıldığını bildirmisiz. Konkret olaraq Rusiyanın adını çəkmisiz və üstəlik həmin qrupların həm də İranda xüsusi təlimlər keçidyini qeyd etmisiz. Bu məlumat nə dərəcədə etibarlıdır?

Cavab: Bəli, mən müsahibələrimin birində deyil, bir neçəsində demişəm ki, qonşu ölkələrdə Azərbaycana qarşı diversant qruplar yaradılıb və bu sadəcə hansısa bir qeyri-ciddi məlumata söykənən bəyanat deyil. Bu barədə mənim çox ciddi və çox əsaslı məlumatım var. Hətta bu işlərlə kimlərin məşğul olduğu, hansı keçmiş azərbaycanlı yüksək vəzifəli hərbçilərin Rusiyada azərbaycanlıları diaspor fəaliyyəti adı altında əməkdaşlığa cəlb edərək müəyyən təlimlər keçməsi haqda məlumatlarım var. Rusiyada yaşayan azərbaycanlılar arasından kimlərin İrana keçməsi, Tehranda, Təbrizdə, Qumda oturaraq Rusiyada yaşayan azərbaycanlı gəncləri təhsil adı ilə İrana aparması və xüsusi təlimlərə cəlb etməsi haqda çoxsaylı faktlar və kifayət qədər etibarlı məlumatlar var. Məndə bu işlə məşğul olan, bu işə azərbaycanlıları cəlb edən insanların adları var. Burda söhbət heç də yaxşı niyyətdən, yaxşı məqsəddən getmir, gedə də bilməz.

Sual: Həmin yaradılmış diversant qrupların məqsədi nədir? Onlar Azərbaycanda hansı əməliyyatlar keçirə bilərlər?

Cavab: Diversant qrupların məqsədi hər zaman ölkənin daxilində destabilizasiya yaratmaqdır. Hansısa ictimai-siyasi prosesləri onların xidmət etdiyi dövlətlərin və ya orqanların məqsədinə və arzusuna uyğun istiqamətə yönəltməkdir. Və eyni zamanda cəmiyyətdə qarşıdurmalar yaratmaq, pozuculuq aktları həyata keçirməkdir. Təxminən vaxtilə, Qazaxıstanda olduğu kimi. Bu ilin yanvar ayında Qazaxıstanda məhz həmin ssenaridən istifadə olunmuşdu. Sosial tələblər fonunda birdən iğtişaşlar yaradan qruplar peyda oldu və həmin qruplar heç də təsadüfən peyda olmadı. Son nəticədə onlar elə bir vəziyyət yaratdılar ki, Qazaxıstan hökuməti Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, ölkədə sabitliyi və hakimiyyəti qorumaq üçün onlardan qoşun yeritməyi xahiş etməyə məcbur oldu. Bunun arxasında dayanan niyyətləri və planları ancaq ehtimal etmək olar. Mənsə ehtimalla danışmaq istəmirəm. Amma Rusiyanın və KTMT-nin buna operativ reaksiya verməsi göstərirdi ki, əslində bu vəziyyətə əvvəlcədən hazırlıq olub. Yəni əvvəlcədən gözlənilən olub. Azərbaycanda da bunlar eyni şeyi edə bilərlər. Yəni Azərbaycanda həmin o Qazaxıstan ssenarisi istisna deyil.

Sual: Sizcə, Azərbaycan hakimiyyətinin bundan xəbəri varmı? Hansısa ehtiyat tədbirləri görülürmü? Və həmin ehtiyat tədbirlərinə hansı addımlar daxildir?

Cavab: Güman edirəm ki, Azərbaycan hakimiyyətinin bundan xəbəri var. Ən azından davranış göstərir ki, belə məlumatlar Azərbaycan hakimiyyətində də var. Atılan adekvat addımlar, pereventiv, profilaktik tədbirlər nə dərəcədə effektivdir, bu artıq başqa bir mövzunun predmetidir. Məsələn, quru sərhədlərinin bağlı saxlanmasının COVİD-in artma təhlükəsi ilə izah olunması qeyri-ciddi əsaslandırmadır. Əslində elə məqsəd məhz bu cür diversant qruplarının ölkəyə daxil olmasının qarşısını almaqdır. Amma bu ona görə effektiv deyil ki, quru sərhədlərinin bağlı saxlanması ona gətirib çıxarır ki, ölkənin daxilində gərginlik artır. Və o artan gərginlikdən də məhz həmin o diversantları idarə edən, onları yönləndirən dövlətlər elə ölkədaxili resurslar hesabına yararlana bilərlər. Onların bu imkanları da var, kifayət qədər genişdir və hər şeyə əl ata bilərlər. Onların təsir dairəsi - Azərbaycanda son vaxtlar çox populyar olan kəlmə ilə desək, yəni 5-ci kolonu təkcə diversant qruplardan ibarət deyil. Demək olar ki, ölkənin ictimai-siyasi həyatının bütün spektrlərini əhatə edir, bütün qurumlara, strukturlkara yerləşdirilir. Və onların fəaliyyəti konkret şəkildə koordinasiya olunur. Azərbaycan hakimiyyəti bunun qarşısını almaq üçün hansısa addımlar atırmı? Bunu deyə bilmərəm. Bu barədə məlumatım yoxdur. Amma hələlik atıldığı görünən addım – quru sərhədlərinin bağlı saxlanılması kontur-produktivdir.

Sual: Cəmiyyətdə son dövrlər bir müharibə eyforiyası var. 44 günlük müharibədən öncə də belə söhbətlər var idi və rəsmi olaraq heç bir açıqlama verilmirdi. Ehtiyyatda olan hərbçilərin bir çoxunun təlim adı ilə yenidən çağırıldığının şahidi oluruq. Bu kimi məlumatlar sosial şəbəkələrdə də yayılır. Ola bilərmi, müharibə söhbəri, təlimlər məhz bu məqsədlə baş verir?

Cavab: Müharibə təhlükəsi var. Xüsusilə Tehran görüşündən sonra məlum oldu ki, bir tərəfdən İran və Rusiya, digər tərəfdən Türkiyə heç bir anlaşma əldə edə bilmədilər. Çünki İran və Rusiyanın məqsədi Türkiyəni ən azı iki coğrafiyadan sıxışdırıb çıxarmaqdır. Bunun biri Suriyadır, digəri isə Azərbaycandır. Bu da alınmadı. Bu faktiki olaraq diplomatik səylərin tükənməsi deməkdir. Biz gördük ki, Tehran görüşünün ardınca və ya həmin ərəfədə Rusiya xarici kəşfiyyat idarəsinin rəhbəri Sergey Narışkinin Ermənistana və Azərbaycana səfəri oldu. Onun Azərbaycan səfəri yumşaq desək, çox qəribə keçdi. Hökumətə yaxın media demək olar ki, bu səfəri işıqlandırmadı. Baxmayaraq ki, o mətbuat konfransı keçirmişdi. Yalnız hansısa saytlarda və Rusiyaya bağlı informasiya resurslarında bu barədə məlumat verildi. Siyasətdə belədir ki əvvəlcə diplomatlar, sonra siyasətçilər, daha sonra isə kəşfiyyatçılar işləyir, ardınca isə ordu gəlib prosesə qatılır. Mənim gördüyüm budur ki, artıq ilk üç resursun imkanları tükənib. Qarabağın dağlıq hissəsində baş verənlər, Rusiya sülhməramlıları deyilən hərbi kontingentin nəzarət zonasında erməni silahlı qüvvələrinin aktivləşməsi, onların yeni istehkamlar, mövqelər qurmaq cəhdləri (eyni zamanda Ermənistan Müdafiə nazirliyi açıq bəyanatla göstərir ki, erməni silahlı birləşmələri hələ də ordadır) və 10 noyabr üçtərəfli bəyanatına əsasən Rusiyanın onların həmin ərazilərdən çıxarılmasını təmin etməməsi, buna heç bir reaksiya verməməsi göstərir ki, Azərbaycana qarşı elə həmin o amildən də istifadə oluna bilər. Yəni vəziyyət hərbi qarşıdurmaya doğru gedir. Belə bir təhlükə var, amma bu, hökmən müharibənin olacağı anlamına gəlmir. Azərbaycan tək deyil. Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi var. Şuşa bəyannaməsi çox əhatəli bir sənəddir. Ratifikasiya olunub və hüquqi qüvvəyə malikdir. Hər bir halda ehtiyatın əldən verilməməsi vacibdir. Hər bir situasiyaya hazır olmaq lazımdır. Rusiya Ermənistanda Azərbaycan sərhədlərinə yaxın ərazilərdə hərbi bazalar qurur. Xüsusən, Azərbaycan ərazisindən keçən kommunikasiyalara ən qısa məsafədə olan Tovuz kimi həssas bir nöqtədə, Kəlbəcərdə aktivləşmə görünür. Kəlbəcər, Tərtər istiqaməti yenidən hədəfdədir. Bu şəraitdə əlbəttə ki, müharibıyə hazır olmaq lazımdır. Bu hazırlıq təkcə ordu səviyyəsində deyil, ölkənin iqtisadiyyatı, ictimai-siyasi həyatı səviyyəsində həyata keçirilməlidir.

Sual: Son vaxtlar Azərbaycan xarici siyasətinin uğurlu həyata keçməsi ilə bağlı fikirlər var. Avropa Komissiyası ilə imzalanan enerji sahəsində anlaşma memorandumu, Avropa rəsmilərinin Bakı səfəri, səslənən bəyanatlar, eyni zamanda Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri Narışkinin Bakıya gəlişi və digər məsələləri buna misal gətirmək olar. Və mediaya da nəzər salsaq, son vaxtlar Azərbaycanın hansısa ölkəni hədəf aldığı yazılara rast gəlmirik. İran istisna olmaqla. Əgər belədirsə, Azərbaycan niyə hədəfdədir?

Cavab: Həmin uğurlar nisbidir, hələlik ortada nəticəsi yoxdur. Məsələn, Ermənistanla aparılan sülh danışıqları Avropa Birliyinin vasitəçiliyi ilə həyata keçirilir. Belə bir formatda danışıqların aparılması və sülh anlaşmasının əldə olunması Rusiyanı qane etmir. Məhz o səbəbdən də Narışkinin və digər Rusiya rəsmilərinin Azərbaycana səfərini müsbət hal kimi qəbul etmək yanlış olar. Rusiya bu konflikti və ümumiyyətlə, postsovet məkanındakı konfliktləri öz nəzarətində saxlamağa çalışır. Bu konfliktlər ona geosiyasi vəziyyətə nəzarət imkanı verir. Bundan başqa Azərbaycanla Avropa Birliyi arasında əldə olunmuş enerji anlaşması əlavə risklər doğurur. Avropa Birliyi Rusiyaya tətbiq olunmuş sanksiyalar fonunda Rusiya enerji daşıyıcılarından imtina etməyə çalışır. Azərbaycanın bu məsələdə alternativlərdən biri kimi seçilməsi Rusiya tərəfdən hədəfə gəlməsinə rəvac verir. Uğurlu diplomatiya hır zaman uğurlu nəticələrə aparmır. Uğurlu diplomatiya bəzən qarşı tərəflərdə əks reaksiya doğurur.

Sual: Son olaraq, yaxın vaxtlarda Azərbaycanda hansı proseslər baş verə bilər?

Cavab: Azərbaycanda istənilən hadisələrin baş verməsi mümkündür. Istər daxili sabitliyin pozulması, istər bu məqsədlə hansısa pozucu əməllərin (məsələn, hansısa siyasilərə, jurnalistlərə, tanınmış ictimai-siyasi xadimlərə sui-qəsdlərdən tutmuş, sosial tələblərlə başlayan, sonradan iğtişaşlara çevrilən proseslər) baş verməsi mümkündür. Qarabağ cəbhəsində aktivləşmə mümkündür. Azərbaycan- Rusiya sərhəddində hansısa münaqişə mümkündür. Yəni burda spektr olduqca genişdir. Konkret nə baş verəcəyini söyləmək çox çətindir. Bir neçə mümkün saydığım variantı səsləndirdim. Amma daha çox, daha fərqli və daha çeşidli hadisələr baş verə bilər. Bu təkcə Rusiya tərəfindən deyil, İran tərəfindən də baş verə bilər. Bu Azərbaycanın daxilindəki həmin o təxribatçı 5-ci kolonun təşəbbüsü, qızışdırılması, təhrikçiliyi ilə də baş verə bilər. Bu mənada situasiya kifayət qədər mürəkkəbdir. Belə olması gözlənilən idi. Lavrovun Ceyhun Bayramova son zəngində Şimal-Cənub dəhlizinin işə salınması müzakirə olunub. Dəhlizlər məsələsi bu günki geosiyasətdə ən önəmli məsələdir. Rusiya üçün Şimal-Cənub dəhlizinin əhəmiyyəti Şərq-Qərb (Çin-Avropa) dəhlizinin nəzarətə götürülməsi üçün həyati əhəmiyyət kəsb edir. Bu isə qlobal oyunçu deməkdir. Rusiya belə bir iddiasından heç zaman imtina etməyəcək. Bütün vasitələrlə çalışacaq ki, buna nail olsun. Bu mənada Azərbaycan üçün risklər artacaq. Bundan qaçmağın yeganə yolu ilk olaraq ölkənin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməkdir. 

635x100

Şərhlər

B.Qarabağlı 2022-07-26 20:03:42

Məncə, dünyanın heç bir vətəndaşı və dövləti belə halları müzakirəyə çıxarmır? Operativ və ətrafli müşahidə edir. Məsul rəhbərə kəskin reaksiya üçün raportunu verir? Sərhəddə atəş açılması və ya Qarabağda özgə silahlıların peyda olmasını artıq uzaq 3cü tərəflə deyil, birbaşa atəş tərəfi və silah ötürən, ya silahlılarla birbaşa həll etmək gərəkdir! Digər həll yolu qalmayıb!

Asif beye 2022-07-25 19:17:04

Asif bey bu Elmira xanım İranlı deyil ,ele beşinci kolondur ,tanımadığı adam haqqında esassız fikir döylemek ele qeyri ciddilikden xeber verir.İnsan gikrini deyir qalır yazını oxuyanların aglına ve derrakesine ki,netice çuxarıb qiymet vermeyi bacarsın.

Elmira - ya 2022-07-25 15:09:46

Bu meqalede , siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu qeyd edir : Azərbaycan üçün risklər artacaq. Bundan qaçmağın yeganə yolu ilk olaraq ölkənin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməkdir. Sual olunur : TECILI HANSI TEDBIRLERI GORMEK LAZIMDIR ki, ölkənin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirmək mumkun olsun ? Suala cavab : Azerbaycanda ilk novbede, ehalinin SOSIAL - IQTISADI problemleri , HELL OLUNMALIDIR ki, kuchelerde ETIRAZCHILARIN SAYI 0 ( SIFIR ) OLSUN. Hokumet HUMANIZM prinsiplerine istinad ederek, siyasi motivlerle ittiham olunmush ve hebsxanalara salinmish butun vetendashlari, DERHAL AZAD ETMELIDIR ki, Azerbaycanda ICTIMAI - SIYASI veziyyet TAM SABIT OLSUN . Azerbaycanda her bir insan bilir ki, hakimiyyetde , Ordu - da , Milli Meclisde , butun yuksek vezifelerde, boyuk selahiyyetlere malik olan memurlar , zabitler, deputatlar var ki, Iran ve Rusiya maraqlarina xidmet edirler ve bunlarla ciddi mubarize aparmaq asan deyil, HOKMEN LAZIMDIR CESARET , IRADE ve XALQA ARXALANMAQ .

Asif 2022-07-25 13:12:15

Elmira xanım, sən deyəsən iranlısan? Bizdə içməyir yox içmir deyirlər.

Elmira 2022-07-25 09:41:55

Bu Ərəstun Oruclunu yaxşı-yaxşı yoxlamaq lazımdır. Gözümüz ondan su içməyir!

Amon 2022-07-25 04:02:30

Israil kimi dostumuz var bir sey olmaz.ermenistanla muharibeye baxmayin eger cenubdan farslar bize hucum etse rusiya ve suriyani cixmaqla butun dunya bizim arxamizda duracaq ve yene biz qalib geleciyik molla rejimide dagilacaq

dadaşyev 2022-07-25 00:57:40

Rus “əksikməramlıları”nın xüsusilə son vaxtlardakı əcaib davranışları hansısa əcaibliklərin baş verə biləcəyindən xəbər verir əlbəttə.Odur ki son dərəcə ayıq olmaq hər bir kəsin borcudur.Rusiya dünyanın diqqətini Ukraynadan çəkmək üçün farsla erməniylə birləşib Vətənimizdə tufan qopartmaq üçün fürsət axtarır.Ruspərəstlərdən və farspərəstlərdən başqa ərəbpərəst saqqallılar da potensial təhlükədir.Bu arada saqqallılar xüsusi nəzarətə alınmalıdırlar,çünki rusa ən uyğun fitnə sünni-şiə qarşıdurması yaratmaq ola bilər,çünki bu halda İran da barmaq soxmağa bəhanə tapar şiələri qorumaq adı altında.Belə qarşıdurma bütün regionu bəlaya soxar,çünki Türkiyə və Pakistan mütləq şəkildə məsələyə qarışar Azərbaycan tərəfində durmaqla.Rusun dostu Hindistan da məqamdı deyib Kəşmir müharibəsini başlar,amma Çin də Pakistanı dəstəkləyər Hindistana qarşı.ABŞ da məqamdı deyib Tayvanı qoparmağa çalışar,bu yandan da Yunanıstanı salar Türkiyə üstünə,Fransa da Yunanıstanı qorumağa çalışar.Zəncirləmə gedər bu toqquşmalar və üçüncü dünya müharibəsi başlar.Rusun onsuz da itirəcəyi heç nə yoxdur,bilir ki bəşəriyyət artıq onu Ukraynaya görə bir daha normal qəbul etməyəcək.

Son yazılar