PUTİNİ NÜVƏ ZƏRBƏSİNDƏN ÇƏKİNDİRƏN ÜÇ ƏSAS SƏBƏB AÇIQLANDI - “ABŞ hərbi rəhbərliyi ruslara dəfələrlə bildirib ki...”

Müharibə uzandıqca və Putinin ordusu Ukrayna bataqlığında daha çox ilişib qaldıqca, ağır zərbələr aldıqca, Rusiyanın taktiki nüvə silahına əl atması ehtimalı barədə söhbətlər də çoxalmağa başlayır. Çoxları Ukrayna Ordusunun Xerson istiqamətində əks-hücuma keçərək, bu vilayət mərkəzini ələ keçirəcəyi təqdirdə Kremlin vəziyyətinin ağırlaşacağı qənaətindədir.

Mütəxəssislər hesab edirlər ki, bu, müharibədə dönüş nöqtəsinə çevrilə və döyüşlər hətta Krım ərazisinə keçə bilər. Belədə isə Rusiyanın taktiki nüvə silahına əl atması ehtimalının artacağını düşünənlər var.

Lakin Putinin heç bir halda nüvə silahından istifadə etməyəcəyi, yaxud edə bilməyəcəyini deyən nüfuzlu mütəxəssislər və politoloqlar da olduqca çoxdur.

“AzPolitika.info” xəbər verir ki, ötən gün ABŞ-da yaşayan tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Ukrayna telekanallarının birinə açıqlamasında bu mövzuya toxunub və Putinin nədən nüvə silahına əl ata bilməyəcəyini izah edib.

Piontkovski bildirib ki, Rusiya uzun illərdir nüvə silahını şantaj alətinə çevirib: “Bu arqument hələ də masa üzərində şantaj vasitəsi kimi qalır. Bu şantaj 15 ildir ki, uğurla işləyir. Bu şantaja görə Ukrayna ilə Gürcüstanı NATO-ya qəbul etmədilər, Gürcüstan ərazilərinin və Krımın ilhaqına reaksiya vermədilər. Lakin bu, sonsuz qədər davam edə bilməz”.

Politoloqun fikrincə, ən azı üç səbəbə görə Putin nüvə silahından istifadə edə bilməyəcək: “Reallıqda düşünək ki, sabah Putin bu dəhşətli cinayətə əl atdı və 10 minlərlə insanın ölümünə səbəb olan taktiki nüvə silahından istifadə etdi. Bu, hərbi cəhətdən onun üçün nəyi dəyişəcək? Heç nəyi!

Yalnız Ukrayna xalqının və Ukrayna Ordusunun, həmçinin bütün dünyanın hiddətini artıracaq.

Deməli, birincisi, hazırda nüvə silahının tətbiqi heç bir hərbi hədəfə nail olmağa imkan verməyəcək.

İkincisi, bu, şəxsən Putinin fiziki məhvinə gətirib çıxaracaq. Bu məsələ ABŞ hərbi rəhbərliyinin Rusiya hərbi rəhbərliyilə danışıqlarında dəfələrlə bildirilib və qeyd olunub ki, bu addım cəzasız qalmayacaq. Onlar eynilə taktiki nüvə zərbəsi ilə cavb verəcəklər, o cümlədən bu zaman Rusiya hərbi-siyasi rəhbərliyi həmin zərbələrin qanuni hədəfi olacaq.

Nəhayət, üçüncü səbəb odur ki, bu qərarı texniki cəhətdən həyata keçirmək elə də asan deyil. Nüvə zərbəsi sadəcə, Putinin masanın üzərindəki düyməni basması demək deyil. Taktiki nüvə silahını tətbiq etmək çətindir.

Bu silah Müdafiə Nazirliyinin anbarlarında yerləşir. Ora sorğu göndərilməli, daha sonra bir neçə mərhələ keçilməlidir. Sonra bu silahları hansısa nüvə daşıyıcısının yanına çatdırmaq lazımdır. Bütün bu proseslərə amerikalılar ciddi nəzarət edirlər. Onlar zaman-zaman bildirirlər ki, bu istiqamətdə hələ ki, heç bir hərəkətlilik yoxdur və bu açıqlamalar heç də əbəs yerə verilmir.

Beləliklə, bu üç səbəb – hərbi cəhətdən istifadəsinin mənasız olması, şəxsən Putinin həyatına olan təhlükə və texniki səbəb, eləcə də bu prosesdə iştirak edən onlarla insanın əmrə tabe olmaması ehtimalı nüvə silahının tətbiqini demək olar, mümkünsüz edir”.

Qeyd edək ki, Rusiya tərəfindən nüvə silahı tətbiqi ehtimalını mükünsüz edən arqumentlər bununla da bitmir. Əksər ekspertlərin fikrincə, nüvə silahına əl atacağı təqdirdə Rusiya cavab zərbələri almaqla yanaşı, hazırda ona qarşı az-çox loyal münasibət göstərən Çin, Hindistan kimi ölkələri də itirmiş olacaq və hər mənada dünyada birdəfəlik təklənəcək.

Həmçinin, həm cavab olaraq endiriləcək nüvə zərbələrinin, həm də Ukraynada tətbiq olunacaq nüvə silahının mənfi təbii effektləri Rusiyaya və Belarusa da yayılacaq.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Elmira 2022-07-31 14:17:39

Sağolun, Ceyhun bəy!

Turan 2022-07-31 12:08:34

Putini mentiqle hereket etmeye 2 esas sebeb var.Birincisi o öz silahlarinin texniki hazirligina əmin deyil , Ikinici esas mesele ise, nuvə zerbelerine cavabın birbaşa onun bunkerinə endiriləceyi qorxusudur.

Vuqar Memmed.oglu 2022-07-30 20:44:46

Piontkovski məntiqi fikirlər səsləndirir amma onuda yaddan çıxarmaq lazım deyilki Putin heç zaman məntiqlə hərəkət etmir!

B.Qarabağlı 2022-07-30 15:08:46

Müsahibənin məntiqi nədir-üç əsas ki, ətraf sakit olsun, Kreml nüvə hücumuna əl atmaz!? Deməli, Ağ Ev və Kreml gedişatla razıdırlar? Kreml müharibədə həlak olan ruslara və məhv edilən Ukraynalılara acıması olsaydı qərblə siyasi-hərbi rəqabət naminə müharibələr etməzdi? Baş günahkar BMTdır ki, hansı əsasla və onun razılığı olmadan bir dövlət nəinki, digəri ilə müharibə edir, eləcə də azı üç tərəfli icazəsiz daxil olur?

Eli 2022-07-30 14:00:28

Mence bu fikirler güclü mentiqe söykenir ve doğrudur.Yene de ryslara başda Putine inanmaq qet olmaz çünkü onlarda - rehberlikde bir nefer de olsun ağıllı ve qetiyyetli şexs görünmür

Son yazılar