YENİ YOL DƏHLİZ STATUSUNDA OLACAQ, YOXSA?... - "Bu, sırf Azərbaycan-Ermənistan sərhədində olan yoldur və orada...."

Avqustun 23-də Xankəndindəki qondarma 5 “parlament fraksiyasının” rəhbəri general Aleksandr Volkovla görüşüblər. Bu son ay ərzində sülhməramlıların Qarabağ separatçıları ilə ikinci görüşüdür. Aydındır ki, ermənilərin əsas narahatlığı yeni yolun açılması ilə bağlıdır.

Erməni mediası yazır ki, görüşdə Rusiya sülhməramlı kontingentinin məsul şəxsləri “xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək”, yeni marşrutun dəhlizlə eyni hüquqi statusa malik olacağını, 5 kilometrlik təhlükəsizlik zonasından başlayaraq bütün təhlükəsizlik komponentlərinin, Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqələrinin saxlanacağını bildiriblər.

“Rusiya sülhməramlı kontingentinin komandanlığının nümayəndələri avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edərək, gələcəkdə bu cür pozuntuların qarşısının alınması üçün əlavə səylər göstərəcəklərinə və yerli əhalinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəklərinə əmin ediblər”, deyə xəbərdə bildirilir. 

Aleksandr Volkov

Maraqlıdır ki, elə həmin gün bir neçə yüz Xankəndi sakini küçələrə çıxaraq 100 metrlik Rusiya bayrağı ilə yürüş keçirib. Erməni KİV-lərinin yazdığına görə, “aksiya şəhər sakinləri tərəfindən təşkil olunub” və son müharibədən sonra Xankəndində keçirilən ən böyük rusiyapərəst mitinqdir. 

Qeyd edək ki, Rusiya bayrağı ilə keçirilən aksiya Ermənistanda Rusiya sülhməramlılarına qarşı etirazların artması fonunda baş tutub. Ötən il ermənilər Rusiya bayraqları ilə Xankəndidə aksiya keçirmiş, həmçinin Ukraynadakı separatçı qurumlara “yardım” göndərməklə Kremlin gözünə girməyə çalışmışdılar.

Ancaq Azərbaycan ordusunun “Qisas əməliyyatı” keçirməsindən sonra Rusiyaya qarşı etiraz aksiyaları genişlənmişdi. Hətta İrəvanda baş verən partlayışdan sonra ermənilər hadisədə “rus izi” axtarmağa başlamışdılar, bu isə Moskvanın İrəvana nota verməsi ilə yekunlaşmışdı. Daha sonra Xankəndində hətta Rusiya əleyhinə mitinqlər keçirilib, iştirakçılar rus sülhməramlılarını öz tapşırıqlarını yerinə yetirməməkdə ittiham ediblər. 

Oxşar aksiyalar İrəvanda da Fransa sülhməramlılarının Qarabağa göndərilməsi tələbi ilə keçirilib. Avqustun 21-də də Xankəndində növbəti mitinq keçirilib və orada Rusiya sülhməramlıları tənqid olunub. Onu yerli partiyalardan birinin lideri Artur Osipyan təşkil edib. Yüzlərlə tərəfdarı qarşısında çıxış edən Osipyan deyib ki, “sülhməramlıların hərəkətləri Rusiyanın maraqlarına ziddir”. Elə bu yazını yazarkən, 25 avqustda İrəvanın “Azadlıq” meydanında antirusiya aksiyası keçirənlərin bir qrupunun saxlandığı barədə xəbər yayıldı.

Bütün bunları nəzərə alsaq, Xankəndində rusiyapərəst aksiyanın arxasında sadə sakinlərin dayanması inandırıcı görünmür. Ermənilər adətən şantaj yolu ilə nələrsə əldə etməyə üstünlük verirlər və çox güman ki, bu da eyni oyunun tərkib hissəsidir. Bunlar məsələnin bir tərəfi və Azərbaycana o qədər də aidiyyəti yoxdur. Sadəcə, rus sülhməramlılarının Laçında inşa olunan yeni yolun “statusu” ilə bağlı Qarabağ separatçılarına vəd verməsi anormallıqdır.

Təbii ki, Azərbaycanın çəkdiyi yeni yolun statusu ölkəmiz üçün mühüm məsələdir. 10 noyabr sənədində yeni yolla bağlı (6-cı bənd) yazılır: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”. 

Yeni yolda ermənilərin təhlükəsizliyinə təminat, əlbəttə ki, verilir, amma bu marşrutun taleyi, sonrakı statusu, Azərbaycanın sərhəddə nəzarət-buraxılış (gömrük) məntəqələri qurub-qurmayacağı Zəngəzur dəhlizi ilə birbaşa bağlı olacaq. O səbəbdən, erməni mənbələrinin yazdığına inansaq, general Volkovun 10 noyabr sənədinə istinad edərək yeni yolun statusunu müəyyənləşdirmək səlahiyyəti yoxdur.

Məlumdur ki, Rusiya sülhməramlıları 24 avqustdan etibarən Laçın dəhlizindəki postları sökməyə başlayıblar. Postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq. Həm ermənilərin qəfil Rusiya ilə bağlı mövqelərini dəyişib, 100 metrlik bayraqla meydana çıxması hansı məna kəsb edir? Həmçinin Volkovun yeni yola Laçın “koridor”u kimi status vədi erməniləri həvəsləndirib, bəs, bu məsələ necə həll olunacaq?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirib ki, yeni yol Zəngəzurdakı kimi dəhliz statusunda ola bilməz: “Çünki burada Ermənistanın bir hissəsindən digər hissəsinə keçib gedilmir, Ermənistandan Azərbaycanın haylar yaşayan şəhər və kəndlərinə gedilir. Zəngəzur dəhlizi isə məhz Azərbaycanın bir hissəsindən digər hissəsinə keçib getmək üçündür. Onun dəhliz statusu üçtərəfli bəyanata görə əbədi, Laçın yolunun indiki statusu isə müvəqqətidir. Rusiya hərbi kontingentinin Qarabağdakı missiyası başa çatan kimi o status da aradan qalxacaq. Bəli, yeni yola da, qeyd edildiyi kimi, Rusiya hərbi kontingenti nəzarət edəcək. Amma bir reallıq burada unudulur. Unudulur ki, Ermənistandan Qarabağa çəkilən qaz, elektrik, rabitə xətləri əvvəlki yolun ətrafından keçirdi və onlar artıq tam Azərbaycanın kontrolu altındadır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov də  yeni yolda sərhəd və gımrük postlarının qurulmasının nəzərdə tutulduğunu bildirir:  “General Volkovla separatçıların budəfəki görüşü əvvəlkilərdən onunla fərqlənirdi ki, indi ermənilərin ruslara daha çox ehtiyacı və qorxusu var deyə, onlar az qala dəridən-qabıqdan çıxırlar. Gah Rusiyanın əleyhinə etiraz mitinqi təşkil edilir, üstündən bir neçə gün keçəndən sonra isə tam fərqli bir formada yaltaqlıq və riyakarlıq elementləri ilə dolu bir başqa ”dəstək", minnətdarlıq tədbiri reallaşdırılır. Rusiya sülhməramlılarının komandanının səlahiyyətlərindən kənar məsələlərlə bağlı ermənilərə verdiyi bəzi vədlər separatçıları, sadəcə, sakitləşdirmək və onların narazılığını bir az azaltmaq məqsədi güdür. Bildiyim qədər, yeni yolda mənzərə əvvəlkindən fərqli olmalıdır və bu belə planlaşdırılmışdı. Orada artıq Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndələrinin də olması nəzərdə tutulur. Çünki bu, sırf Azərbaycan-Ermənistan sərhədində olan yeni yoldur və orada adlarını çəkdiyim qurumların olması həm qanunidir, həm də zəruridir. Bunun hansı formada həyata keçiriləcəyini isə yaxın bir həftə-on gün ərzində görəcəyik".

635x100

Şərhlər

Hadrutlu Yolçu 2022-08-26 18:00:06

Hay DEPUTAT, hay EKSPERT, yenə qarşıdurma səbəbkarı, quc-qucu həvəsində olan biz-azərbaycanlılar olacağıq!? Axı, sərhəddən o tərəfdə 35 ildir azərbaycanlı yoxdursa, bu tərəfində daşnaq, ya ermənini niyə zorla saxlayırıq-mina basdırmağa, meşə, ev yandırmağa?

Son yazılar