“MÜTLƏQ ƏRDOĞANLA MƏSLƏHƏTLƏŞƏCƏM...” – Putin nədən peşman olub?

“Bu marşrut üzrə taxıl və digər ərzaq məhsullarının daşınmasının məhdudlaşdırılması üzərində düşünmək lazımdır. Mən mütləq bu mövzu ilə bağlı Türkiyə Prezidenti Ərdoğanla məsləhətləşəcəm...”

“AzPolitika.info” xəbər verir ki, bunu Vladimir Putin Vladivostokda keçirilən iqtisadi forumdakı çıxışında bildirib. Söhbət Ukraynanın Qara dəniz limanlarından taxıl və digər ərzaqların daşınmasına dair 22 iyul tarixində əldə olunmuş “taxıl razılaşması”ndan gedir. 

Məlum olduğu kimi, həmin razılaşma Ukrayna, Türkiyə, BMT və Rusiya arasında Rəcəb Tayyib Ərdoğanın böyük səyləri sayəsində əldə edilmişdi. Lakin belə görünür ki, Putin bu razılaşmanı imzaladığına görə peşman olub. Kreml sahibinin əsas bəhanəsi də budur ki, Ukraynadan çıxarılan taxılın böyük hissəsi kasıb Afrika və Asiya ölkələrinə deyil, Qərb dövlətlərinə daşınır: “Vasitəçi ölkə olan Türkiyəni çıxsaq, praktiki olaraq, Ukraynadan çıxarılan taxılın hamısı inkişaf etməkdə olan, kasıb ölkələrə yox, Avropa İttifaqı ölkələrinə daşınıb”. 

Onun dediyinə görə, indiyə qədər bu marşrut üzrə Ukraynadan ərzaq daşıyan 87 yük gəmisindən yalnız ikisi kasıb ölkələrə yönəlib.

Putin deyib ki, 22 iyul razılaşması əsasında fəaliyyət göstərən dəhlizin məhdudlaşdırılması məsələsini mütləq Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcək. Ancaq bəri başdan demək olar ki, Ərdoğanın özünün böyük səyləri nəticəsində ərsəyə gələn və onun imzası yer alan sənədin qüvvədən salınması təklifinə müsbət yanaşacağı heç də inandırıcı görünmür...

Təbii ki, Putinin Ukraynadan daşınan taxılın guya yalnız Avropa ölkələrinə çatdırıldığı barədə dedikləri sadəcə, bəhanədir. Yaxşı olardı ki, Putin Kremlin işğal etdiyi Ukrayna ərazilərindəki anbarlardan oğurlayaraq, Rusiyaya daşıdığı milyonlarla ton taxıl barədə hesabat versin. 

Digər yandan, Ukraynanın özünün istehsal etdiyi taxıl və digər ərzaq məhsullarını hansı ölkəyə satması onun öz işi, suveren hüququdur. Dənizdə və quruda işğal etdiyi Ukrayna ərazilərinə öz ərazisi kimi yanaşan Kremlin bununla da beynəlxalq hüququ açıq şəkildə heçə sayması bəs deyilmiş kimi, hələ özünə Ukrayna taxılının daşınması marşrutuna nəzarət etmək hüququ tanıması da Moskvanın bütün əndazələri aşmasının daha bir göstəricisidir.

Rusiyanın özünün imzaladığı beynəlxalq sənədləri ayaq altına alması adi haldır və bu səbəbdən beynəlxalq aləmdə onun imzasına qoyulan “hörmətin” hansı səviyyədə olduğu barədə danışmağa belə dəymir. Lakin hər halda cəmi ay yarım əvvəl imzalanan sənəddən belə tezliklə imtina olunması cəhdi maraqlı görünür.

Əlbəttə ki, Putinin bu qərarı təsadüfi deyil və Afrikadakı kasıb ölkələrə canıyananlıqdan irəli gəlmir. Sadəcə, Putin “taxıl razılaşması”na Ukrayna hakimiyyətini danışıqlar masasına oturtmaq və işğal olunmuş əraziləri hansısa formada legitimləşdirmək prosesində tramplin kimi baxırdı. Yəni ki, “taxıl üzrə razılaşa biliriksə, müharibənin dayandırılması üzrə də razılığa gələ bilərik”. 

Lakin Volodimir Zelenski administrasiyasının sərt mövqeyi və Ukraynanın bir qarış torpağının da güzəştə gedilməyəcəyinə dair bəyanatları, eləcə də danışıqlara oturmaq üçün Rusiyanın bütün işğal olunmuş ərazilərdən çıxması tələbi göstərir ki, “taxıl razılaşması” qətiyyən Putinin gözlədiyi effekti vermədi. 

Ona görə də yenidən Ukrayna taxılının daşınması marşrutunu bağlamaq və dünyanı “ərzaq böhranı” ilə şantaj etmək cəhdinə əl atılır. Necə ki, eyni üslubdan işğal olunmuş Zaporojye AES ətrafında yaradılan təhlükəli durumdan istifadə olunur və Avropa nüvə şantajı ilə üz-üzə qoyulur. Həmçinin də, Avropaya qaz nəqli dayandırılmaqla “qoca qitə”yə qarşı “qaz şantajı” həyata keçirilir.

Təbii ki, bütün bunlar Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğundan qaynaqlanan çarəsizlik addımları və Putinin adət etdiyi təzyiq vasitələridir. Lakin belə görünür ki, nə Ukrayna, nə də ona birmənalı dəstək verən ABŞ və Böyük Britaniya kimi Qərb ölkələri, hətta Fransa və Almaniya kimi “ikibaşlı oyun” aparan müttəfiqlər belə Rusiyanın şantajlarına boyun əymək niyyətində deyillər. Çünki Putin onun qarşısından bircə addım belə çəkilməyin sonradan hansı bəlalara gətirib çıxardığını Ukraynada öz işğalçı ordusunun “əməlləri” ilə sübuta yetirib...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

N.Seyfeli. 2022-09-13 00:49:20

Rusiya meselesi zerger deqiqliyi ile hesablanib,putin xeste ve sersem fikirler soyleyir, xeyri yoxdur!

Milli balta 2022-09-07 17:58:23

Ukraynanın özünün istehsal etdiyi taxıl və digər ərzaq məhsullarını hansı ölkəyə satması onun öz işi, suveren hüququdur?! Bu nə cümlədir? Hüquq qalıb?! Putinin bir bildiyi var, ikincisi gücsüzlüyünün etirafıdır. Üçüncüsü də düşmən düşməndir.

Son yazılar