“STRATEJİ SAVAŞA HAZIR OLMALIYIQ...” – “Soyuqqanlı olmalı, “dövlət ağlı” ilə hərəkət etməliyik”

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin verdiyi bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin son bir ay ərzində dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdiyi təxribatlar, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistanın Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi düşmənin genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi”.

“AzPolitika.info” xəbər verir ki, Azad Demokratlar Partiyasının (AzDP) Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşma ilə bağlı bəyanatında belə deyilir. Sənəddə xatırladılır ki, günlərlə davam edən gərginliyin ardında, nəhayət, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bu genişmiqyaslı hərbi təxribatı həyata keçirməyə başlamışdır.

“Dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanması ilə yanaşı, ordumuzun və DSX-nin bu rayonların ərazisindəki mövqeləri müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulmuşdur. Düşmənin bu genişmiqyaslı qanlı hərbi təxribata nəticəsində silahlı qüvvələrimiz “atəşkəs dövrü”ndə cəmi bir neçə saat ərzində 50 şəhid vermiş, çox sayda yaralımız var. Əlbəttə, hərbi infrastrukturumuza da ciddi ziyan dəymişdir”.

Partiyanın bəyanatında daha sonra deyilir: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin bu hiyləgər təxribatına qanuni, adekvat, qəti və sərt cavab verərək, şəhidlərimizin qanını yerdə qoymasa da itkilərimiz çox, acımız böyükdür. Üstəlik, beynəlxalq ictimaiyyətin çağırışlarına və dünən səhər atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir. 

Bütün bunlara rəğmən, baş verən hadisələrə bütün genişliyi və dərinliyi ilə baxmalı, sağlam düşünməli, rasional, düzgün qərarlar verməli və soyuqqanlı davranmalıyıq. Açıq düşmənimizin, onun açıq və gizli havadarlarının, ələlxüsus da “Ukrayna bataqlığı”na saplanmış neoimperialist Putin Rusiyasının məkrli oyunlarına getməməli, başda strateji müttəfiqimiz qardaş Türkiyə olmaqla, bütün müttəfiq və tərəfdaşlarımızla, eyni zamanda strateji əməkdaşlıq etdiyimiz dost ölkələrlə intensiv siyasi dialoq başlatmalı, məsləhətləşmələr aparmalı, kollektiv ağılla, eyni zamanda “dövlət ağlı” ilə hərəkət etməliyik.

Bu genişmiqyaslı qanlı hərbi təxribatın Brüssel prosesində sülhə doğru kiçik addımların atıldığı, müəyyən razılaşmaların əldə edildiyi, imperiyanı bərpa etmək xülyası ilə yaşayan Putin Rusiyasının Ukraynada kollektiv Qərbin strateji tələsinə düşdüyü, ağır sanksiyalara məruz qaldığı, inkişaf etmiş ölkələrdə, ABŞ, BB, G7 və AB ölkələrində bazarlarını, xüsusən də enerji bazarlarını itirdiyi, yolların üzünə bağlandığı, davamlı güc itirməklə zəiflədiyi, üstəlik “dünyanın II ordusu” sayılan ordusunun Xarkov istiqamətində əks-hücuma keçən Ukrayna ordusu qarşısından qaçdığı, dünyada əvvəlki nüfuz və təsirini itirdiyi, eləcə də öz yaxın ətrafının və tərəfdarlarının belə, tələbkar gözlərinin bütün bunlara görə ilk növbədə şəxsən məsuliyyət daşıyan Putinə qarşı çevrildiyi, onun ölkəsi daxilində də nüfuz və təsirini itirməyə başladığı, əksinə, enerji ehtiyatları ilə zəngin olan, üzərindən sanksiyalara məruz qalmış Rusiya və İrandan yan keçən nəqliyyat, enerji, ticarət və kommunikasiya yolları, eləcə də “Orta dəhliz” və onun bir parçası olan “Zəngəzur dəhlizi” keçən, Avropanın enerji təhlükəsizliyində daha önəmli rol oynamağa başlayan Azərbaycanın strateji önəminin artdığı bir vaxtda baş verməsi diqqəti ilk növbədə artıq 30 ildən çoxdur ki, ölkəmizə qarşı vəkalət müharibəsi aparan Rusiyaya yönəldir.

Rusiyanın yaratdığı bu süni münaqişə ilə bağlı siyasi-diplomatik təşəbbüsü öz əlindən vermək istəməməsi, istənilən “yad” təşəbbüsünə çox qısqanc və ağrılı yanaşması, bu səbəblə, bənzər durumlarda daima “səbəbkar olan bütün tərəflərə” diş göstərməsi, öz gücünü xatırlatması, ümumiyyətlə regionda sülh və sabitlikdə maraqlı olmaması, regionu itirmək qorxusu yaşamağa başlaması, xüsusən də Kremlin diqqətləri “Xarkov biabırçılığı”ndan yayındırmağı olduqca çox istəməsi də nəzərə alınarsa, bu genişmiqyaslı qanlı hərbi təxribatın arxasında həqiqətdə kimin durduğunu müəyyən etmək çətin olmaz.

Azərbaycan Respublikası eyni zamanda bu məkrli təxribat baş verdikdən və Silahlı Qüvvələrimiz ona qanuni, adekvat, effektli və təsirli cavab verdikdən sonra 30 ildən çoxdur ki, bu açıq işğala göz yuman, bununla kifayətlənməyib işğalçıya siyasi, diplomatik, maliyyə, humanitar, mənəvi və s. dəstək verən, daha sonra onu “Minsk çətiri” ilə qoruyan ölkələrin davranışlarını, bir daha qeyri-dost münasibətləri göstərmələrini, bizə diş qıcamalarını, əslində, çoxdan ölmüş və Silahlı Qüvvələrimiz tərəfindən dəfn edilmiş məlum bədnam qrupu bərpa etmək istəklərindən vaz keçmədiklərini, asanlıqla vaz keçməyəcəklərini də nəzərə almalıdır”.

Azad Demokratlar Partiyası, başda düşmənin genişmiqyaslı hərbi təxribatı olmaqla, bütün bunları, ikili standartları, türkəfobiyanı və islamafobiyanı, çoxüzlü qeyri-etik davranışları, məkrli planları birmənalı və qəti şəkildə pisləyir, milli şüuru yüksəlmiş millətimizin artıq bütün bunları anladığını və qəbul etmədiyini bildirir, dünya birliyini, BMT, ATƏT, AŞ, AB və NATO-nu, xüsusən də bu ölkələri heç olmasa siyasi-etik baxımdan və öz praqmatik maraqları baxımından obyektiv, ədalətli, beynəlxalq hüquqa uyğun mövqe tutmağa çağırır, eyni zamanda Azərbaycan Respublikasının siyasi-hərbi rəhbərliyinin milli maraqlarımızın müdafiəsi istiqamətində atdığı bütün addımları dəstəklədiyini bir daha bəyan edir.

“Biz eyni zamanda ölkəmizin siyasi-hərbi rəhbərliyini yeni dünya nizamı quruculuğunun və bununla bağlı geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğunu, qlobal strateji savaşın başladığını, tarixin axışının və Ukrayna strateji meydanında gedən strateji savaşın və onunla bağlı gedən qlobal strateji prosesin inkişaf vektorunun bu savaşın qalib(lər)ini açıq göstərməyə başladığını, gələcək dünya nizamını da yenə qaliblərin müəyyən edəcəyini, bu səbəblə, qaliblər sırasında yer almağın nə qədər böyük strateji önəm kəsb etdiyini nəzərə almağa, strateji savaşa daima hazır olmağa, bu savaşda lazımi bütün ünsürləri, ələlxüsus da yenilikçi savaş və döyüş konsepsiyalarının, qabaqcıl hərbi texnologiyaların, peşəkar ordunun, xüsusi əməliyyat qüvvələrinin, kəşfiyyat və təhlükəsizlik qurumlarının, sosial-psixoloji gücün, onun əsasında dayanan milli şüur və birliyin, çoxyönlü strateji savaşı səmərəli idarə edə biləcək Milli Təhlükəsizlik Şurasının önəmini gözardı etməməyə çağırırıq.

Bizi tam və qəti qələbəyə aparacaq, milli maraqlarımızı təmin etməyə, ilk növbədə müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü, sərhəd toxunulmazlığımızı, konstitusiya quruluşumuzu tam bərpa etməyə, vətəndaşlarımızın, bütövlükdə millətimizin təhlükəsizliyini etibarlı təminat altına almağa lazımi imkan və şərait yaradacaq yol məhz budur. Bu yol milli birlikdən, milli mobilizasiyadan, milli ağıldan və milli-strateji gücümüzdən rasional, səmərəli və təsirli istifadə etməkdən keçir.

Tanrı milli birliyimizi qorusun. Tanrı qutlu ordu-millətimizi və dövlətimizi qorusun. Amin.

14 sentyabr 2022-ci il”


635x100

Şərhlər

B.Qarabağlı 2022-09-15 12:00:32

Azad Demokratlar Partiyası önəmli bəyanatını adları hallandırılan dövlətlərə mülayim dildə birbaşa ünvanlasa daha təsirli olardı? Daşnaqlar və Ermənistan azərbaycanlıların doğma-əzəli insan hüquqlarına qarşı qəddar MÜHARİBƏNİ de fakto 1987ci ilin ilk günlərindən başladıb, rəsmən 14.06.1988 tarixli fərmanı ilə təsdiqləyib! Bizlərsə, Kremlin tövsiyəsi ilə təxribat adlandırılan bu acı müharibə həlak olaraq, yenə ermənilər bizim ailəmizdir deyirik?

Türkə 2022-09-15 11:51:02

Bütün səbəb və günahları öz münasibətlərimizdə axtarmaq gərəkdir!

Türk 2022-09-15 10:58:33

Putinin ağlı ilə hərəkət edilsə bizi böyük faciələr gözləyir.

Son yazılar