RUSİYA QARABAĞDAKI AGENTİNİ İRƏVANA NİYƏ GÖNDƏRİB? - Bakıya qarşı hiyləgər ssenari var...

İrəvanda və Xankəndidə anti-Rusiya mitinqlərinin olduğu bir vaxtda Qarabağdakı saxta “rus icması”nın rəhbəri Aleksandr Bordov Ermənistana gedib. 

“Yeni Müsavat” məlumat verir ki, o, bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. Erməni mənbələrinin məlumatına görə, katolikos “erməni xalqı ilə birlikdə müharibədən sonrakı çətinlikləri yaşayan” “rus icması”na xeyir-dualarını çatdırıb. A.Bordov Qarabağdakı qondarma “rus icması” adından "son yüz ildə Qarabağda tikilmiş ilk rus pravoslav kilsəsi olan "Məsihin Doğuşu" şərəfinə inşa edilən kilsənin tikintisinə göstərdiyi mühüm dəstəyə görə" baş erməni keşişinə təşəkkür edib. Yada salaq ki, Bordov 2021-ci ilin iyununda Azərbaycan torpaqlarındakı saxta “rus icması”nın rəhbəri təyin edilib.

Caliber.az-ın araşdırmasına görə, əslində A.Bordov Bakıda anadan olmuş ermənidir. O, Rusiya FTX-nin akademiyasını bitirib. A.Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq “mədəni-maarif” layihəsinin, başqa sözlə, Azərbaycan üçün “Donbas ssenarisi”nin müəllifidir. Erməni kilsəsinin 44 günlük müharibədən sonra da revanşistlərin tərəfində olduğu məlum faktdır. Zaman-zaman “din xadimləri”nin müraciətində mürtəce çağırışlara da rast gəlirik. Ümumən Ermənistanda sülhə qarşı ciddi müqavimət göstərənlər həm də kilsə mənsublarıdır. Katolikos Qaregin şəxsən bu işdən “uzaq görünməyə” çalışır, amma şübhə yoxdur ki, erməni lobbisinin kisəsindən asılı olan Eçmiədzin bu müqavimətin əsas təşkilatçılarındandır. Rusiya FTX-sinin agentinin “rus icması” adı altında fəaliyyət göstərən rəhbərinin bölgədə həssas bir durumun yarandığı vaxtda Qareginin “xeyir-duası”nı alması haqlı suallar doğurur.

Yeri gəlmişkən, bir neçə gün idi ki, oyuncaq rejimin quldurbaşı Araik Arutyunyan da bir sürü “deputatla” Ermənistanda görüşlər keçirib. Eyni vaxtda “rus icması” rəhbərinin də İrəvanda peyda olması separatçı bölgədə hansısa hazırlıqlar aparıldığı şübhəsini artırır. Bura rus pasportunu ataraq Xankəndinə köçmüş erməni milyarder Ruben Vardanyanı da əlavə edə bilərik.

Görəsən, hansı proje işə düşür? Rusiya öz agentini - Bordovu hansı məqsədlə Xankəndidə saxlayır? Ermənilərin içində oturub, onları nəzarət etmək, yoxsa lazımi anda Azərbaycana qarşı hərəkət üçün?


Alp Arslan İmamqulu

Hərbi analitik Alp Arslan İmamqulunun “Yeni Müsavat”a bildirdiyinə görə, “rus icması” alternativ variantdır. Onun fikrincə, hazırda “erməni icması”, onun gücü Qarabağda rol oynamır: “Ermənistan da onlardan əl çəkir, hətta müəyyən mənada imtina edir. Artıq Araik də etiraf edir ki, ortada "status" və digər mövzularda heç bir sənəd yoxdur. Bununla Ermənistan deyir ki, biz sülhə razıyıq, razı olmayan kimdirsə onunla həll edin. Ona görə Rusiya buna uyğun mexanizmi həyata keçirmək üçün alternativ icma yaradır. Vaxtilə Gürcüstanda pasport payladı, Moldovada eyni addımları atdı. İndi isə Azərbaycan ərazisində bu işlər görülür. Hətta Rusiyada qanun çıxarılıb, ayrı-ayrı ölkələrdə rusdilli əhalini qorumağı qarşılarına prioritet qoyublar. Odur ki, bu cür addımlar, “rus icması” sabah üçün hazırlanan zəmindir".

Siyasi ekspert Xəyal Bəşirov hesab edir ki, “rus icması” və Qarabağda hansısa Donbas planını təkrarlamaq istəyi Rusiya dövlətinin siyasəti deyil: “Artıq iki ay sonra üçtərəfli sənədin imzalanmasının 2 ili tamam olacaq. Əgər Putin hakimiyyətinin belə niyyəti olsaydı, bu iki il ərzində Qarabağda hərəkətlərini geniş şəkildə reallaşdırardı. Sadəcə, Rusiyada ermənipərəst dairələr və lobbi qrupları var. Bu cür hiyləgər oyunlar onların addımlarıdır ki, "rus icması" yaradır, sülhə qarşı siyasət aparırlar. Bu “icma” Rusiyanın rəsmi mövqeyi deyil. Vardanyan da çox cəhd etdi ki, hansısa addımlar atsın, amma real bir iş görə bilmir".

Ekspertin sözlərinə görə, təkcə Rusiyada deyil, ABŞ-da, Fransada da ermənipərəst qüvvələrin təsiri altında olan siyasətçilər var ki, analoji addımlar atırlar: “Onlar bu cür fəaliyyətlə, separatizmi dəstəkləməklə sülhü pozmağa yönəlik addımlar atırlar. Amma rəsmi Kremlin bu arzuda olduğunu düşünmürəm. Çünki Rusiya ilə Azərbaycan liderlərinin Səmərqənd görüşü, həmin sammitə Ermənistan rəhbərinin getməməsi, İrəvanın Kremlə xəyanət edib Qərbi seçməsi göstərir ki, Moskva bizə qarşı rəsmi şəkildə "rus icması" ssenarisində, Qarabağda Donbas zəmini yaradılmasında maraqlı deyil, ikitərəfli münasibətlərin inkişafına zərbə vurmaq istəməzlər".

635x100

Şərhlər

xəyala 2022-09-23 18:37:44

Politoloq Xəyal sənin mülahizələrin tam səhvdir.Sonra görərsən bu "rus icması" başımıza nə oyun açacaq. "rus icması" -nın təşkilatçısı rusiyadır, sən kimi qandırırsan?

B.Qarabağlı 2022-09-23 12:31:09

Cənablar HE A.A.İmamqulu və SE X.Bəşirov, bəlkə xırda atmacaları nəzərə almadan Konstitusion dövlət Hüququndan danışaq! Üç əsr Qarabağda rus icmasına kilsə məhz işğalda lazım oldu və dünyanın məşhur *bezbilet*lərini Qarabağa buraxmayan Müzəffər dövjət Rubeni ora necə buraxdı? H.Hacıyev ABŞ və Fransa nümayəndələrinin nə vaxt Xankəndinə və tarixi daşnaq vəhşiliyi mərkəzi Xocalıya dəvət edə biləcək?

t.ədalət 2022-09-23 11:34:21

Ərazilərimizə hücumların başında Putin dayanır.Bunu yaxasına Putinin "dostluq" ordeni taxdığı casus şəbəkə istəsə,istəməsə də belədir.Bizim tarixi düşmənimiz,ancaq Rusiyadır.Biz,əsil düşmənimizi gizləyib ermənini qabartmaqla Putinə xidmət etmiş oluruq.

Son yazılar