237 DOLLARLIQ GÖDƏKCƏ, 50 DOLLARLIQ AYAQQABI... – Zelenskinin geyimi müzakirələrə səbəb olub

Ukraynaya qarşı işğalçılıq savaşı başlanan gündən Prezident Volodimir Zelenskinin davranışları, çıxışları, bəyanatları ilə yanaşı, xarici görünüşü də daim diqqət mərkəzində olub. Bu baxımdan demək olar ki, o, istər Ukraynada, istərsə də ondan kənarda sadə geyimi və davranışları ilə böyük rəğbətlə qarşılanır.

“AzPolitika.info” xəbər verir ki, bu günlərdə yenicə işğaldan azad olunan Xersona səfər edən Volodimir Zelenskinin geyimi barədə Ukrayna və Qərb mətbuatında maraqlı məlumatlar dərc edilib. Məlum olub ki, həmin səfər zamanı Zelenskinin əynində olan gödəkcənin qiyməti cəmi 237 dollardır. Ukraynanın yerli istehsalı olan bu gödəkcə “M-TAS” firmasının məhsuludur. Onun pərakəndə satış qiyməti 8 min qrivnadır ki, bu da təqribən 237 dollar edir. Bundan əlavə, onun son 8 ayda geydiyi şalvar və futbolkalar Ukraynada hamı üçün əlçatan olan “5.11”, “Hallyard”, “281.z” kimi firmaların məhsullarıdır və onların qiyməti 400-600 qrivna aralığındadır ki, bu da təxminən 12-15 dollar edir.

Jurnalistlər Zelenskinin Buçaya səfəri zamanı geydiyi idman ayaqqabısının da hansı firmaya aid olduğunu müəyyən etmişdilər. Məlum olmuşdu ki, bu ayaqabı “Saucony” firmasına aiddir və onun qiyməti cəmi 50 dollardır. Məlumat üçün onu da bildirək ki, Ukrayna Ordusu hərbçilərinin NATO standartlarına uyğun üst geyim komplekti təxminən 1000-1300 avro aralığında qiymətləndirilir…

Qeyd olunur ki, Zelenski xüsusilə müharibə başlayandan sonra yalnız sadə və bahalı olmayan geyimlərə, qarderoba üstünlük verir. Bununla yanaşı, Prezident olmazdan əvvəl də maddi imkanları, gəlirləri kifayət qədər yüksək olan ölkə başçısı heç zaman xüsusi bahalı brendlərin ardınca qaçmaq, kübar həyat tərzi yaşamaq həvəsilə seçilməyib.

Müqayisə üçün qeyd edək ki, cari ilin mart ayında Krımın ilhaq edilməsinin növbəti ildönümü ilə bağlı “Lujniki” stadionundakı qısa çıxışı zamanı Rusiya başçısı Vladimir Putinin nitqindən daha çox, əynindəki gödəkcə müzakirələrə səbəb olmuşdu. Həmin vaxt məlum olmuşdu ki, Qərbi gecə-gündüz “baltalayan” və onun “çürüməkdə olduğunu” iddia edən Putin nədənsə, Rusiya məhsuluna yox, İtaliyanın “Loro Pianа” brendinə aid gödəkcəyə üstünlük verib. Həmin gödəkcənin qiyməti isə 1.5 milyon rubl, yaxud 12 min avrodur. Həmin vaxt bu məlumatı istehsalçı şirkət də təsdiqləmişdi. Bu, o deməkdir ki, Putinin gödəkcəsi Zelenskinin geyimindən azı 50 dəfə bahadır. Digər yandan, həmin 1.5 milyon rubla rusiyalıların böyük əksəriyyətinin arzuladığı, Rusiya istehsalı olan “LADA Granta” avtomobili düşür. Özü də biri yox, az qala ikisi.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2022-11-15 14:24:15

Putin də üzün şişirtməyə düzəltməyə bir neçə yüz milyon xərcləyir

kasıb 2022-11-15 14:22:30

görməmiş deyil ki bir sumkaya bir geyimə 1 neçə milyon versin

Son yazılar