“BU, HƏMİN PAŞİNYANDIR...” – “Nədən 2019-cu ildə Paşinyan Putini aeroportda qarşılamamışdı?”

KTMT-nin İrəvanda keçirilən sammiti ətrafında müzakirələr davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın təşkilatın fəaliyyətindən narazılığını əks etdirən çıxışı, eləcə də yekun bəyannaməni imzalamaması bir növ süni ajiotaja səbəb olsa da, bunun arxasında onun şəxsi siyasi maraqlarının durduğu, özünü xüsusilə Qərbin gözündə guya müstəqil düşüncəyə, mövqeyə və iradəyə malik biri kimi göstərməyə xidmət etməsi şübhə doğurmur.

Hansı ki, nəticə olaraq yenə də onun nə KTMT-dən ayrılmağa, nə də Rusiyanın himayəsindən imtina etməyə nə cəsarəti, nə də imkanı çatır...

“AzPolitika.info” xəbər verir ki, Paşinyanın KTMT-nin İrəvanda keçirilən son sammitindəki çıxışı və mövqeyi Ermənistanın daxilində də birmənalı qarşılanmayıb.

Müxalifəti təmsil edən deputat Aqnessa Xamoyan, özü hər nə qədər revanşist siyasi qüvvənin nümayəndəsi olsa da, erməni mətbuatına açıqlamasında kifayət qədər aydın və dolğun şəkildə Paşinyanın siyasi portretini cızıb: “Onlar(Paşinyan hakimiyyəti-red.) deyirlər ki, müharibənin başlanmasında günahkar deyillər, danışıqların iflasa uğramasında günahkar deyillər, Azərbaycan qoşunlarının Ermənistan ərazisində olmasında günahkar deyillər. Onlar heç nədə günahkar deyillər. İndi elə vəziyyət yaranıb ki, KTMT-də Ermənistandansa Azərbaycanın dostları daha çoxdur...”

Deputat Paşinyanın o vaxtkı KTMT-nin erməni Baş katibi Yuri Xaçaturova qarşı qaldırtdığı cinayət işini xatırladıb və qeyd edib ki, bununla da o, təşkilatın imicinə, nüfuzuna ağır zərbə vurub. İndi isə həmin təşkilatdan yardım istəməsi məntiqə uyğun deyil. Deputat Paşinyandan soruşub ki, nədən Ermənistan KTMT-yə başçılıq edəndə bu cür danışmırdı və niyə həmin təşkilatda Azərbaycan əleyhinə qərarların qəbuluna nail ola bilmirdi?

A.Xamoyan Paşinyanın son sammitdə aeroportda Putinin qabağına qaçmasına, onu şəxsən qarşılamasına eyham vuraraq, deyib: “Bu, həmin Paşinyandır ki, 2019-cu ildə “qəhramanlıq” göstərərək, Putini aeroportda qarşılamağa getməmişdi. Onun bütün addımları öz hakimiyyətini qorumağa hesablanıb. Bunun üçün(onun hakimiyyətdə qalmasına) Rusiya təminat versə, o, Ermənistanı Rusiya ilə inteqrasiya yoluyla aparacaq, əgər Qərb təminat versə, Ermənistanı qərbə yönəldəcək...”

Doğrudan da Ermənistan Baş nazirinin istər Azərbaycanla sülh müqaviləsinin imzalanması, istərsə də ümumilikdə Ermənistanın xarici siyasətilə bağlı tez-tez dəyişən və çox zaman qeyri-adekvatlığı ilə seçilən mövqeyi onu deməyə əsas verir ki, Paşinyanı ilk növbədə rəhbərlik etdiyi ölkənin maraqları və gələcəyi yox, öz bəsit siyasi maraqları və gələcəyi maraqlandırır. Çünki vaxt uzatmağa və məsuliyyətdən yayınmağa hesablanan bu qarmaqarışıq siyasət nəticədə regionda gərginliyi artırır və zəif Ermənistanı daha böyük təhlükələrlə üz-üzə qoyur...

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar