Vasif Talıbovun Naxçıvanın faktiki idarəçiliyindən uzaqlaşdırılmasına hazırlıq gedir.
“AzPolitika.info”-nun mötəbər məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın vaxtlarda Prezidentin Naxçıvan MR üzrə xüsusi nümayəndəsinin təyin olunacağı gözlənilir. Bu təyinatla V.Talıbov faktiki olaraq MR-in idarəçiliyindən uzaqlaşdırılmış olacaq.
Məlum olduğu kimi, xüsusi nümayəndəlik institutu artıq işğaldan azad olunmuş ərazilərdə tətbiq olunub. Belə ki, Prezidentin işğaldan azad olunmuş rayonlar üzrə xüsusi nümayəndələri bu ərazilərdə tikinti-quruculuq və digər işlərə rəhbərliyi həyata keçirir.
Naxçıvandan “AzPolitika.info”-ya daxil olan məlumatda isə bildirilir ki, iki gün əvvəl MR-i tərk edən Vasif Talıbov “uzunmüddətli məzuniyyətə” göndərilib. Onun hazırda harda olduğu, Naxçıvana nə vaxt qayıdacağı haqda yerli hakimiyyət nümayəndələrində heç bir məlumat yoxdur. Bilinən odur ki, “sədr uzunmüddətli məzuniyyətdədir”.

Xatırlatmaq yerinə düşər ki, V.Talıbov Ali Məclis sədri vəzifəsini tutduğu 27 ildə bir dəfə də olsun rəsmi məzuniyyətə çıxmayıb. O, hətta bazar günlərini belə çox vaxt iş kabinetində keçirib. İndi birdən-birə “uzunmüddətli məzuniyyətə” göndərildiyi barədə məlumatlar Naxçıvanda DTX əməliyyatları ilə başlayan prosesin dərinliyindən xəbər verir. Dekabrın 12-də axşam saatlarında Bakıya uçan və hazırda burda nə işlə məşğul olduğu bilinməyən Vasif Talıbovun yaxın günlərdə elə Bakıda istefa qərarını açıqlayacağı da istisna olunmur. Ola bilsin ki, Prezidentin xüsusi nümayəndəsinin təyinatı bundan sonra elan olunacaq.
Yada salaq ki, dekabrın 13-də Səbail Rayon Məhkəməsi Vasif Talıbovun ətrafından daha bir iri məmurun - Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlunun barəsində müstəntiqin vəsatətinə baxıb. Məhkəmə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçib. O, 212 milyon manat dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Bununla da V.Talıbovun komandasından rəsmən həbsə göndərilən məmurların sayı üçə, talanan dövlət vəsaitinin miqdarı isə 500 milyon manata çatıb.
Bu səviyyədə talançılıq ittihamlarından sonra V.Talıbovun vəzifəsində qalacağı ehtimalı isə sıfıra yaxınlaşır. Lakin MR Ali Məclisinin sədri vəzifəsi seçkili vəzifə olduğundan onu Prezident sərəncamı ilə vəzifəsindən uzaqlaşdırmaq və yerinə başqa bir təyinat həyata keçirmək mümkün deyil. Görünür, elə bu səbəbdən MR-ə Prezidentin xüsusi nümayəndəsinin təyin olunması praktikasından istifadə olunacaq.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər
Heç kes tutulmayib.Heç tutulmayacaqda. Bu milleti qoyun yaşasin.......
ALLAHIMA şükürlər olsun həm də ona görə ki, məni vasif, fazil, ziya olaraq yaratmayıbdır. Özümə ikinci ayaqqabını almıram ki, mənasız yerə məsrəfçilik edərəm ALLAHA ağır gedər.
Vallah, Azerbaycandaki butun memurlara yazigim gelir. Bu ne rezalet,ne dehshet; lblisemi uymush besheriyyet...!
Vasib Talıbov Bakıdakı villasında üeyş-işarət içində gününü keçirir.Axşamlar da məclisində İsa Həbibbəyli və digər ... iştirak edirlər.
İki dost, iki ....., Ariflə İsa nə vaxt AMEA-dan uzaqlaşdırılacaqlar?
Ömrünün qürub vaxtı ölənlərinə rəhməti öz qulagı ilə eşitmək nəsib oldu. Həmişəki kimi, cox cəkməz. Kim olacağından aslı olmayaraq "bir illik performans şou" bitəndən sonra .
Doğurdanda biz analoqsuz dövlət ,analoqsuz millətik .Vəzifədə olan ,vəzifədə olarkən tutulan , hətta cıxandan sonra öləndədə əhalinin 70-80 faizi onlara nifrət edir ,hətta leksikonumuzda olan -olmayan bütün sözlərdən istifadə edərək onları lənətləyirik .Maraqlısı odur ki , yeni təyin olunanlarda onların aqibəti ilə üzləşir ,deyirlər ki indi bu gəlib talayacaq . Bu insanlar dövlət məmuru sözünü nifrətə çevirdilər , Bu bəladan ancaq seçki yolu ilə qurtara bilərik , ,seç -xoşun gəlməsə ikinci dəfə seçmə vəssalam