“Putinin bunkerlərindən biri Kremlin altındadır” – “Onların heç də hamısı uzun müddət gizlənməyə yaramır”

“Vladimir Putinin bunkerlərinin sayı az deyil. Lakin onların heç də hamısı uzun müddət yaşamaq üçün nəzərdə tutulmayıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya DTX-sı və xarici kəşfiyyatının sabiq əməkdaşı Sergey Jirnov Ukrayna mətbuatına açıqlamasında bildirib.

Jirnov deyib ki, belə bunkerlər demək olar, bütün Rusiya ərazisi boyunca səpələnib. Hətta onlardan biri Kremlin altında yerləşir: “Hələ Stalinin dövründə Kremlin altında xüsusi bunker hazırlanıb. Oraya xüsusi metro xətti də çəkilib və onun vasitəsilə istənilən vaxt Stalin Kremldən uzaqlaşa bilərdi”.

Sabiq DTX əməkdaşı bildirib ki, Moskva ərazisindəki ikinci bunkerin adı “Ramenki-43”-dür: “Bundan əlavə, DTX-dan digər xüsusi xidmət orqanlarına, həmçinin Baş Qərargaha qədər əksər strukturların bu cür obyektləri var”. Bununla yanaşı, Jirnov iddia edib ki, Putin üçün Novo-Oqarevoda xüsusi bunker hazırlanıb: “Ümumiyyətlə, onun bütün iqamətgahlarında yeraltı bunkerlər var. O başqa məsələdir ki, onların neçəsi daha dərindədir, yaxşı təmin olunub və uzun müddət avtonom şəkildə yaşamağa imkan verir. Belə bunkerlərin sayı çox deyil”.

Bundan əvvəl isə sabiq DTX polkovniki və Duma üzvü Qennadi Qudkov bildirmişdi ki, nüvə zərbəsindən qorunmaq üçün Putinin bir neçə bunkeri var. O, iddia edib ki, hazırda da Putin yeraltı şəhəri xatırladan bunkerlərin birində yaşamaq məcburiyyətindədir.

Həmçinin, bir çox mətbu orqanlar iddia edirlər ki, Moskvadan Urala qədər ərazilərdə yeraltı bunkerlər mövcuddur və hazırda da onların tikintisi davam etdirilir.

Xatırladaq ki, Ukraynada və Qərbdə bir çox ekspertlər Rusiya Prezidentinin Ukraynada başlatdığı uğursuz işğalçılıq savaşı nəticəsində düşdüyü vəziyyəti “küncə sıxışdırılmış siçan”ın durumu ilə müqayisə edirlər. Onun bunkerlərdə yaşaması və gizlənməsi iddiaları isə bu bənzətməyə xeyli dərəcədə uyğun gəlir...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar