“PUTİNİ Sİ CİNPİN QƏDƏR İZLƏYƏN LİDER YOXDUR...” – “Çin rəhbəri rus ordusunun zəif nəticələrindən narazıdır”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) rəhbəri Uilyam Börns Corctaun Universitetindəki son çıxışında Ukrayna savaşı və beynəlxalq arenada baş verən digər hadisələr, eləcə də ABŞ-ın əsas təhlükəsizlik prioritetlərilə bağlı olduqca önəmli tezislər səsləndirib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “CBS News” kanalının dərc etdiyi həmin tezislər ABŞ kəşfiyyatının Ukrayna müharibəsinə baxışı və üstünlük verdiyi istiqamətlərlə bağlı müəyyən təsəvvür yaradır. “CBS News” U.Börnsün fikirlərini aşağıdakı kimi qruplaşdırıb:

- Növbəti 6 ay Ukrayna savaşında kritik dövr olacaq. Putin hələ də Qərbin “siyasi yorğunluğuna” stavka edir. Moskva danışıqlara ciddi yanaşmır.

- Çətin ki, Putinin nələr etdiyini Si Cinpin qədər diqqətlə izləyən başqa bir dünya lideri olsun. O, Rusiya ordusunun zəif nəticələrindən narahatdır. 

- Si Cinpin Rusiyaya silah tədarükünə hələ də könülsüz yanaşmasına baxmayaraq, Putinlə tərəfdaşlığa sadiq olaraq qalır. 

- Çin ABŞ üçün on illərlə öncədən ən böyük çağırış və MKİ üçün əsas prioritet olaraq qalır. Çinlə rəqabət öz miqyasına görə unikaldır və intensivliyinə görə hətta SSRİ ilə rəqabəti üstələyir.

- Si Cinpinin ambisiyalarını qiymətləndirməmək doğru deyil. Biz bilirik ki, Si Cinpin öz ordusunu 2027-ci ildə Tayvana uğurlu hərbi müdaxilə üçün təlimatlandırıb. Ancaq bu o demək deyil ki, Si Cinpin artıq bu qərarı verib.

- İran rejiminin ölkə daxilindəki etirazlarla bağlı narahatlığı artır. Ölkə daxilində baş verənlər İranı xarici müstəvidə daha aqressiv davranışlara sürükləyir. Rusiya ilə İranın hərbi əməkdaşlığının dərinləşməsi böyük narahatlıq yaradır.

- İsrail və Fələstin rəhbərləri ilə son danışıqlar məndə böyük narahatlıq yaratdı. Perspektivlər çox kövrəkdir. Orada baş verənlər 2000-2005-ci illərdəki İkinci Fələstin İntifadası(üsyanı) ərəfəsindəki durumu xatırladır. 

Göründüyü kimi, ABŞ MKİ-si az qala Ukraynadakı qanlı savaşdan, Rusiya işğalından daha çox Çin məsələsini özü üçün prioritet hesab edir. Hətta son günlər Qərb mətbuatında dərc edilən bir sıra materiallarda qeyd olunur ki, U.Börns və Co Baydenin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ABŞ Prezidentini Ukrayna savaşını nə yolla olursa-olsun, hətta Rusiyaya güzəştlər hesabına tezliklə bitirməyə və daha çox Çinlə məşğul olmağa çağırırlar. Lakin ABŞ Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin bununla razı deyil. Onlar Ukraynanın qələbəsi və ərazi bütövlüyünün bərpası üçün ABŞ-ın və bütünlükdə Qərbin daha qətiyyətli addımlar atmasına tərəfdardırlar.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

N.Seyfeli. 2023-02-22 02:06:53

Ukrayna meselesinde rusiyaya guzeshte getmek boyuk sehf olar, bu rusiyani heveslendirer ve Amerika ile qerbi nufuzdan salar. Kitayin ise bu meseleye mudaxilesi helelik gozlenilmir.

Son yazılar