PRİQOJİN, KADIROV, SİMONYAN, SOLOVYOV... – Putinin çıxışına qatılmayanlar və dəvət edilməyənlər

Vladimir Putinin Rusiya Federal Məclisinə dünənki illik müraciəti bir çox maraqlı cəhətləri ilə yadda qaldı. Çıxışın baş tutduğu salonda təkcə Rusiya Duması və Federasiya Şurasının üzvləri deyil, hərbçilər, nazirlər, incəsənət və elm adamları, aktyorlar, tanınmış iş adamları, jurnalistlər və s. iştirak edirdi. Lakin maraqlıdır ki, Ukraynaya qarşı işğalçılıq müharibəsinin ən qatı tərəfdarları, təbliğatçıları və birbaşa iştirakçılarının bir qismi gözə dəymədi.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, tədbirdə Ukraynadakı müharibənin ən fəal və populyar iştirakçılarından biri olan “Vaqner”-in başçısı Yevgeni Priqojin, Çeçenistan rəhbəri Ramzan Kadırov, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov, Moskva meri Sergey Sobyanin, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Ukrayna ilə bağlı məsələləri kurasiya edən Sergey Kiriyenko, eləcə də digər müavin Dmitri Kozak, həmçinin, Kremlin ən qatı təbliğatçıları sayılan Vladimir Solovyov və Marqarita Simonyan iştirak etməyiblər.

Belə aparıcı fiqurların Putinin maraqla gözlənilən tədbirində görünməməsi bir çox mətləblərdən xəbər verir və fərqli motivlərlə izah olunur. Onların bir qisminin tədbirə qatılmaq istəmədikləri, əsas hissəsinin isə dəvət edilmədikləri qeyd olunur.

Məsələn, “Vaqner”-in başçısı Y.Priqojin tədbirə dəvət edilmədiyini bildirib. İncikliyini gizlətməyən Priqojin bunu şərh edərkən, “Vaqner”-in Baxmutda döyüşdüyünü xatırladıb və “bizim görəcək işlərimiz kifayət qədərdir” deyib. Mətbuatda onun bu münasibəti “daha vacib işlərimiz var” kimi izah olunur.

Qeyd edək ki, Putin çıxışında Rusiya qüvvələrinin Ukraynada döyüşən bir neçə hissəsinin adını çəksə də, “Vaqner”-in adını çəkməyib və bildirib ki, bütün döyüşən qüvvələrin adlarını səsləndirməmək qərarına gəlib. Çünki onların sayı çoxdur və hansılarınsa adını çəkməməklə, onları “incidə bilər”. Şərhçilər isə Putinin məhz “Vaqner”-in adını çəkməmək üçün bu cür “tryuk” işlətdiyini bildirirlər.

Maraqlıdır ki, Priqojinin tez-tez hədəfə aldığı və açıq şəkildə tənqid, hətta təhqir etdiyi Baş Qərargah rəisi V.Gerasimov da tədbirdə olmayıb.

Ramzan Kadırova gəlincə, onunla Kremldəki müəyyən nüfuzlu qruplaşmalar arasında ciddi narazılıqlar olduğu artıq sirr deyil. Xüsusilə hərbi blok və güc strukturları üçün Kadırov arzuolunmaz fiqurdur. Priqojinlə eyni cəbhədə duran Kadırovun son zamanlar aktivliyinin azalması və gözdən salınması da təsadüfi sayılmır. Son olaraq isə Kadırov həmin qüvvələrə meydan oxuyurmuş kimi bildirib ki, vəzifəsini tərk edəndən sonra özəl hərbi şirkət yaradacaq.

M.Simonyan və V.Solovyovun tədbirə dəvət edilməməsi də maraq doğuran hadisə kimi qiymətləndirilir. Onların nədən Putinin “dahi çıxışını” canlı izləyənlər sırasında olmamasına dair hər hansı məlumat verilmir. Ancaq hər halda, bu fakt heç də yaxşı əlamət sayılmır…

Ümumilikdə isə tədbirə qatılanların tərkibi Rusiya hakimiyyəti daxilində çəkişmələrin və narazılıqların getdikcə dərinləşməsinə dair müəyyən təsəvvür yaradır.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar