ERMƏNİDƏN ÇOX ERMƏNİLİK EDƏN ŞOLTS... – Almaniya kansleri “köhnə bayatıları” niyə gündəmə gətirməyə cəhd edir?

Almaniyanın kansleri Olaf Şolts növbət dəfə həddini aşaraq Ermənistan-Azərbaycan münaqişəsinin Qarabağda qalan ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu nəzərdə tutan dinc həllinə tərəfdar olduğunu arzuladığını ifadə edib.

“AzPolitika.info” xəbər verir ki, Şolts bunu martın 2-də Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib.

O, Ermənistan-Azərbaycan sərhədində hansısa “sabitsizlikdən” və Xankəndində qalan ermənilərin humanitar vəziyyətin “pisləşməsindən” narahat olduğunu ifadə edib. Ardınca da mövcud status- kvonun davam edə bilməyəcəyini, uzunmüddətli həllə ehtiyac olduğunu söyləyib.

Almaniya kanslerinin bu bəyanatı təəssüf doğursa da, bir çox Qərb siyasətçilərinin ikiüzlü mövqeyini ifadə etdiyindən təəcüblü deyil.

Ancaq onun regionda 44 günlük müharibədən sonrakı vəziyyəti ifadə etməyən bu gülünc ritorikası hətta Nikol Paşinyanı da təəccübləndirib. Çünki erməni Baş nazir son 2 il yarımda Rusiyada, Avropa və ABŞ-da belə bəyanatlar eşitməyib. Ümumiyyətlə “dağlıq Qarabağ” ifadəsi ilə rastlaşmayıb.

Uzun illər Almaniya Avropa İttifaqında Azərbaycan-Ermənistan münaqişəsinə ədalətli yanaşması ilə seçilən ölkə idi. Keçmiş kansler Angela Merkel Azərbaycanla münasibətlərə xüsusi önəm verirdi və Qarabağla bağlı problemin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmasını dəstəkləyirdi. Eləcə də Almaniya Bundestaqı məhz suverenlik prinspinin dəstəklənyən bir neçə qətnamə qəbuil edib və orada işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi vurğulanıb. Şoltsun açıqlamasından belə məlum olur ki, o özündən əvvəlki hökumətin mövqeyindən, Bundestaqın qətnamələrindən ya xəbərsiz olub, ya da Almaniyanın Cənubi Qafqaz ölkələri ilə bağlı beynəlxalq hüquqa, ədalətə söykənən siyasətini dəyişib.

Daha bir maraqlı məqam Şoltsun Avropa İttifaqının Qarabağ probleminə yanaşması ilə kəskin fərqlənən mövqeyidir.

Xatırladaq ki, 2021-ci ilin dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşlərinə start verilib. Bu günə qədər fasilələrlə 4 belə görüş keçirilib və Mişelin şəxsində Aİ-nin mövqeyi Azərbaycanı qane edib.

Söhbət nədən gedir?

Əvvala, Şarl Mişel hər görüşdən sonra yaydığı bəyanatda xüsusi ilə qeyd edib ki, tərəflər bir-birlərinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı olaraq tanınmasını dəstəkləyirlər. Avropa İttifaqı da bu irəliləyişi alqışlayır.

İkincisi, Mişel heç bir bəyanatda “ dağlıq Qarabağ” ifadəsi işlətməyib, Brüssel Azərbaycanın mövqeyi ilə razılaşır ki, bu məsələ artıq dövlətlərarası müzakirədən çıxaraq Bakının daxili məsələsinə çevrilib. Münaqişənin həlli heç bir halda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması hesabına həll edilə bilməz.

Hətta Ermənistan da Bakının bu tələbini qəbul edib. Bu həftə spiker Alen Simonyan bəyan etdi ki, müzakirə olunan sülh müqaviləsində Qarabağla bağlı bəndin salınması təklifindən geri çəkiliblər.

Üçüncüsü, ABŞ-ın da mövqeyi Şarl Mişelin bəyanatlarında ifadə olunan Avropa İttifaqının yanaşması tamamilə üst-üstə düşür. Münhendə dövlət katibi Entonu Bilinkenin moderatorluğu ilə keçirilmiş Əliyev-Paşinyan görüşündə ölkələrin suverenliyi, ərazi bütövlüyü məsələsinin prioritet olduğu təsdiqləndi.

Beləliklə, Qərbin moderatorluğu ilə kompromislərin tapılması, sülh müqaviləsinin yaxın gələcəkdə imzalanması perspektivi daha parlaq görünməyə başlayıb. Ermənistan destruktiv təkliflərinin bir neçəsindən geri çəkilib, habelə Azərbaycan Qarabağdakı erməni icması ilə özünün müəyyən etdiyi şərtlər daxilində müzakirələrə başlayıb. Bir neçə gün əvvəl Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə ilk görüş keçirilib.

Proseslərin sürətləndiyi bir vaxtda  Şoltsun reallıqla səsləşməyən, heç bir masada müzakirə belə olunmayan “köhnə bayatıları” gündəmə gətirməsi təəssüf doğurur. Əlbəttə, bu bəyanatdan uzağa gedən nətcilər çıxarmağa dəyməz, çünki Azərbaycan-Ermənistan sülh razılaşması ilə bağlı danışıqlar elə bir mərhələdədir ki, onun pozulması ağlabatn deyil.

Xatırladaq ki, ötən ilin noyabrında Fransa prezidenti Emmanuel Makronun destruktiuv mövqeyi, Paşinyanın da onunla həmrəylik nümayiş etdirməsi müzakirələri bir neçə ay dayandırsa da, proses yenidən başladı. Qərbə regionda sülh lazımdır, reallıqla səsləşməyən bəyanatlar yalnız onu gecikdirə bilər.

Şoltsun sözgedən açıqlaması həm də onun eyni xarakterli problemlərə ikili standartlara yanaşmasından xəbər verir. Bu gün Almaniya Ukraynanın ərazi bütövlüyünü bərpa olunmasını, işğalçı Rusiya qoşunlarının Krım daxil bütün ölkədən çıxarılmasını tələb edir. Bu məqsədlə Kiyevə milyardlarla dollar hərbi, iqtisadi yardım edir və bu mövqe dünya ictimaiyyəti tərəfindən təqdir edilir.

Qarabağ münaqişəsinin Ukraynanın Krım, Donbas regionunda Rusiyanın yaratdığı qondarma separatzimdən nə ilə fərqlənir? Hər iki situasiyada münaqişənin yaradıcısı Rusiyadır, ihlaq mexanizmləri də demək olar ki, bir-birindən fərqlənmir. Bu gün Ukraynanın şərqində Rusiya necə fəaliyyətdədirsə, cilalanmış formada Xankəndində eyni missiyanı həyata keçirir. Mütərəqqi dünya, eləcə də Almaniya icitimaiyyəti də bunu olduğu kimi qəbul edir. 

O zaman  Şoltsa nə olub, bu reallıqları niyə təhrif edir?! Demək çətindir...

E.Rüstəmli

“AzPolitika.info”  

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.



635x100

Şərhlər

Turan 2023-03-04 18:20:19

Səfirlikdən soruşmaq lazımdır

Son yazılar