İşğalçılara meydan oxuyan Ukraynalı hərbçi kimdir? – Hərbi jurnalist açıqladı + FOTO

Rusiya işğalçıları tərəfindən güllələnərək qətlə yetirilən ukraynalı əsir hərbçinin kimliyi məlum olub.

Xatırladaq ki, bu vəhşi cinayətin videosu rus işğalçıları tərəfindən “Teleqram” kanalları vasitəsi ilə yayılıb və hiddət doğurub. Hərbçinin onu güllələmək istəyən işğalçı əsgərə “Slava Ukrayine!” şuarı səsləndirməsi onu qəhrəmanlıq simvoluna çevirib.

Ukraynalı hərbi jurnalist, “Senzor.net” portalının rəhbəri Yuriy Butusov sosial şəbəkədəki hesabında onun haqqında topladığı məlumatları açıqlayıb.

Jurnalist bildirib ki, vəhşi cinayətin qurbanı Ukrayna SQ-nin 119-cu briqadasının Nijin şəhərinin Ərazi Müdafiəsinin 163-cü batalyonunun əsgəri Oleksandr İqoreviç Matsievskidir: “Döyüşçülər Nijin şəhərində onun anasına baş çəkib və haqqında olan məlumatı dəqiqləşdiriblər. Fotoda onun sağ qaşının üzərində qaysaqlamış yara var. Oleksandr ölümündən təxminən iki həftə əvvəl vəhşicəsinə döyülüb. Məndə ölümündən əvvəlki fotosu da var. Fevral ayında dəfn edilməzdən əvvəl məhkəmə tibbi ekspertizası zamanı çəkilmiş fotoda da güllələrin dəydiyi yerlər dəqiq göstərilir”.

Y.Butusov daha sonra döyüşçü dostlarının onun haqqında danışıdıqlarını yazıb: “Oleksandr Matsievski 1980-ci il mayın 10-da Moldovanın paytaxtı Kişinyov şəhərində anadan olub. 2008-ci ildə ailəsi ilə birlikdə Ukraynaya, anasının yaşadığı Nijin şəhərinə köçüb. Oleksandrın hərbi xidmət təcrübəsi olmasa da, fevralın 24-də rus işğalı başlayandan dərhal sonra, könüllü olaraq Çerniqov vilayətini müdafiə edən 119-cu briqadanın 163-cü batalyonuna yazılıb. O, çox sərt xarakterli bir insan idi, lakin döyüş şəraitində yoldaşları və komandiri həmişə ona arxalana bilərdi. O, ilk növbədə özünə, həmçinin ətrafdakı hər kəsə qarşı sərt tələbkar idi.

Noyabr ayında onun bölməsi Baxmut şəhərinin müdafiəsini təşkil edən hərbi hissəyə köçürüldü və orada bir aya yaxın döyüş tapşırığını yerinə yetirdi. Oleksandr Matsievskyi və onun döyüş yoldaşları müəyyən səviyyədə hazırlığa malik idilər və onlar qısa müddətdə ən çox hücuma məruz qalan bölməyə çevrildilər. Soledar yaxınlığında müdafiə yarıldıqdan və şəhəri müdafiə etməyə davam edən yoldaşları xilas etmək lazım olduqda, 163-cü batalyon həyəcanla ayağa qalxdı.

Dekabrın 30-da səhər saatlarından etibarən Oleksandr Matsievskinin snayperçı dəstəsi Soledar şəhəri ərazisində mövqe tutdu. Onlar nəzarətsiz zonaya daxil olmalı, orada mövqe tutmalı və qoşunlarımızın həmin istiqamətdə hərəkətini təmin etmək üçün ərazi seçməli idilər. Düşmən yaxında idi, lakin onun yerini müəyyən etmək mümkün deyildi. Soledarda mühasirədə qalmış qoşunlarımızı xilas etmək üçün tez hərəkətə keçmək lazım idi. Macievskinin tağımına kolluqda bir-birini vizual müşahidə etməyə imkan verməyən ayrı-ayrı mövqelər verildi.

Döyüşçülərimizin vəziyyəti öyrənməyə, müdafiəni təşkil etməyə və kəşfiyyat aparmağa vaxtları yox idi, çünki dərhal şərqdən bölməmizin yerləşmə xəttinə qədər irəliləmiş düşmənin hücumuna məruz qaldılar. Burada bütün mövqe boyunca 12 saat davam edən döyüş başladı. Döyüş zamanı bir qrup hərbçi və Oleksandr Matsievski ilə əlaqə kəsildi. Onun tağımının hədəfdəki mövqelərə çatmaq cəhdləri düşmənin atəşi ilə qarşılanıb. O, snayperçi olsa da real şəraitə görə həmin döyüşə adi pulemyotla çıxmışdı”.

Butusov qeyd edir ki, video Oleksandr Matsievskii naməlum şəraitdə ələ keçirdikdən sonra çəkilib, çünki videoda onun üzərində heç bir silah yoxdur.

“Yoldaşlar əmindirlər ki, Matsievski hər şeyi düzgün etdi, təslim olmadı. Fevral ayında Oleksandr Matsievskyi və iki dostunun cəsədi evə gətirilib, lakin həmin vaxt onun ölümünün hansı şəraitdə baş verdiyi barədə məlumat yox idi. Məhkəmə-tibbi ekspertizanın nəticələri videoda görünən xəsarətlərə uyğun gəlir. Daha iki itkin əsgərin meyiti qaytarılmayıb, qardaşları onların taleyi ilə bağlı məlumat gözləyirlər. Fevralın 14-də Oleksandr Matsievskyi Nijin qəbiristanlığında dəfn edildi. Yoldaşları qəhrəmanın 19 yaşlı oğlu olduğunu bilirlər”, - o qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

ukraynalı 2023-03-07 20:59:57

Uca yaradan ona rəhmət eləsin!

Son yazılar