Biz ya limitləri aşacağıq, ya da istehsal qabiliyyətimizi itirəcəyik

Ötən ay xarici mediada “ChatGPT” süni intelektinin imtahanlarda yüksək bal topladığı, müasir proqram təminatı hazırladığı və insanlar arasında olan münasibətlərlə bağlı dəyərli məsləhətlər verdiyinə dair xəbərlər var idi.

Süni intellekt vasitələrinin yalnız insanların bacardığı mürəkkəb tapşırıqları yerinə yetirmək qabiliyyəti olduqca heyranedicidir. Lakin süni intellekt həyatımızı asanlaşdırmaq üçün bir çox imkanlar təqdim etsə də, özü ilə bərabər bəzi risklər də gətirir.

Bu gün əsas müzakirə mövzularından biri də məhz süni intellektin iş həyatında oynayacağı rolla bağlıdır. Bu barədə ABŞ-ın apardığı yeni bir araşdırma nəticəsində gələcəkdə süni intellektlə əvəz olunma riski yüksək olan peşələrin adları məlum olub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Prinston Universiteti bu barədə araşdırma aparıb və süni intellektin insanları əvəz edə biləcəyi 20 peşənin adını açıqlayıb.

Bu peşələr arasında çağrı mərkəzlərindəki operator vəzifəsi birinci sırada qərarlaşıb. İkinci və ortadakı yerlərdə müxtəlif fənn müəllimləri, sonrakı sıralarda isə büdcə təhlili, mühasibatlıq və hakimlik kimi, yüksək təhsil bacarığı tələb edən peşələr yer alıb.

Siyahıda ən çox diqqət cəlb edən peşələrdən biri müəllimlikdir. Həqiqətən də süni intellekt hər hansı bir fənni müəllimdən daha yaxşı tədris edə bilərmi?


“Müəllimlər daha yaxşı nəticələr əldə etmək üçün süni intellektlə düzgün əməkdaşlıq etməlidirlər”

Bu barədə “Usight Software”, Süni İntellekt Texnologiyaları Qurucusu professor Şebnem Özdemir bildirib ki, müəllimlər daha yaxşı nəticələr əldə etmək üçün süni intellektlə düzgün əməkdaşlıq etməlidirlər: “Gələcəkdə bu peşənin məşğulluq potensialı əvvəlki qədər yüksək olmayacaq. Bunun səbəbini anlamaq üçün bəzi suallara cavab vermək lazımdır. Müəllim hansı vəzifələri yerinə yetirir? Bunun nə qədərini süni intellekt icra edə bilər?

Biz illərdir fərdi təhsil və təlim fəaliyyətlərindən danışırıq, lakin bunu təmin edəcək mühit və avadanlıqlar istənilən səviyyədə deyil. Həmişə deyirik ki, müəllimlər özlərini təkmilləşdirsinlər. Amma bir çox imkanların olmadığı siniflərdə müəllim özünü nə qədər təkmilləşdirsə də, nəticə istədiyimiz kimi ola bilməz. Süni intellekt insana mövzunu tez öyrənmək, təkrarlamaq, anlamadığınız mövzularda doğru mənbələrdən məlumat almaq və ya həmin mənbələrin xülasəsini oxumaq kimi imkanlar verir”.

“Biz ya limitləri aşacağıq, ya da istehsal qabiliyyətimizi itirəcəyik”

Ekpsert qeyd edib ki, süni intellekt artıq müxtəlif şirkətlərdə satış, marketinq və ünsiyyət kimi prosesləri öz üzərinə götürməyə başlayıb: “Generativ süni intellektdən istifadə etmək istəyənlərin qarşısında yol ayrıcı yaranacaq. Biz ya limitləri aşacağıq, ya da istehsal qabiliyyətimizi itirəcəyik.İndi “insan-“ağıllı maşın” işbirliyi reallığa çevrilir. İndiyə qədər “ağıllı maşın”lar insanlaın əmrlərinə uyğun hərəkət edirdilərsə, bundan sonra əmrləri müstəqil şəkildə icra edəcəklər”.

“Süni intellektin biznes mühitinə müsbət və mənfi təsirləri olacaq”

İnsan Resursları Məsləhətçisi Tuba Karagöz süni intellektin insan həyatına böyük üstünlüklər və rahatlıq gətirəcəyinə dair yanaşmaların olduğunu xatırladaraq, bu texnologiyaların iş həyatına müsbət təsirlərini sadalayıb:

- İş proseslərində səmərəlilik;

- Səhvlərin azaldılması;

- Müştəri təcrübəsinin təkmilləşdirilməsi;

- Bir peşə olaraq yeni imkanların inkişafı;

- Problemin həllinə yanaşmaların təkmilləşdirilməsi;

- Koqnitiv funksiyalar və daha yaxşı alqoritm yanaşması.

O, həmçinin bildirib ki, süni intellekt təlim və insan faktoru olmadan fövqəlbəşəri zəka səviyyələrinə sahib olsa da, yaxın gələcəkdə bundan zərərli şəkildə istifadə oluna biləcəyi ehtimallarının olması böyük narahatlıq doğurur.

Ekspert süni intellektin mənfi tərəflərini də sadalayıb:

- Daha çox texnologiya və avtomatlaşdırma səbəbindən insanlar tənbəlləşəcək;

- İşsizlik səviyyəsi artacaq;

- İnsanlara məlumatları hazır şəkildə əldə etdiyindən, cəsarət və yaradıcılıqları azalacaq;

- Texnoloji rəhbərlər ön planda olduğundan, fərdlərdə insani hisslər azalacaq.

Elvin

“AzPolitika.info”