Aprelin 7 və 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Abdullahian arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət ifadə ediblər. “Söhbət zamanı iki ölkə arasında narazılıq və anlaşılmazlığa səbəb olan məsələlərin ətraflı müzakirəsi aparılıb. Bu anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi qeyd edilib. İkitərəfli layihələrin həyata keçirilməsi üzrə işlərin davam etdirilməsi barədə razılıq əldə olunub. Ceyhun Bayramov Azərbaycanın müstəqil xarici siyasətinə və region ölkələri ilə əlaqələrinə hörmətin vacibliyini vurğulayıb. Nazirlər həmçinin qarşılıqlı təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - Azərbaycan tərəfinin bəyanatında deyilir. İran Xarici İşlər Nazirliyi xəbər verir ki, nazirlər cümə günü axşam və şənbə günü iki dəfə danışıblar.

“İranın xarici işlər naziri azərbaycanlı həmkarı ilə söhbətində sionist rejimin region ölkələrinin birliyi, təhlükəsizliyi və tərəqqisinə qarşı sui-qəsdini vurğulayıb”, - açıqlamada qeyd olunur.

Abdullahian və Bayramov ikitərəfli münasibətlərdəki inkişafı və bəzi regional məsələləri ətraflı müzakirə ediblər. “Səmimi danışıqlar zamanı mövcud problemlər və anlaşılmazlıqlar və mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib, fikir mübadiləsi aparılıb, tərəflər mehriban qonşuluğa, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətini vurğulayıb”.

“Abdullahian sionist rejimin region ölkələrinin birliyi, təhlükəsizliyi və tərəqqisinə qarşı sui-qəsdinə toxunaraq deyib: Region ölkələri arasında ixtilafların olması yalnız düşmənlərin xeyrinədir”, - İran tərəfi bildirir.

Politoloq Elxan Şahinoğlu bildirib ki, nazirlər arasında telefon danışığının baş tutması təbiidir. “İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq. Bu nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir”, - o əlavə edib.

Təhlilçi hesab edir ki, münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır:

“Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir. Həmçinin deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır”.

E.Şahinoğlu hesav edir ki, iki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azaldacağına inam azdır. “Çünki belə telefon danışıqları keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən, İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib: “Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir”.

Politoloq vurğulayır ki, iki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Onun sözlərinə görə, bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. “Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir. Eyni zamanda İranın ali dini lideri mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyə etməlidir”, - o qeyd edib.

Təhlilçi xatırladır ki, nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. “İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq”, - Elxan Şahinoğlu vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”