"İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək!".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

Dövlət başçısı deputat Fazil Mustafaya qarşı terror aktının arxasında İranın dayandığını açıq şəkildə bəyan edib: "Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. Hesab edirik ki, bu terror hökumət səviyyəsində təşkil olunub. Bu əməlin kiminsə törətdiyi ilə bağlı verilmiş hər hansı bəyanatı biz tamamilə yersiz hesab edirik. Xeyr".

Ölkə başçısı vurğulayıb ki, buna görə, biz tələb edirik: birincisi, Azərbaycandan olan və İranda özünə sığınacaq tapmış bəzi terrorçuların ekstradisiyası baş tutsun: "Biz səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edirik. Beləliklə, təsəvvür edə bilərsiniz ki, Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir. Proqnozlaşdırma çox mürəkkəbdir. Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”. 

Prezident İlham Əliyevin fikirlərini şərh edən politoloq Elxan Şahinoğlu "musavat. com"-a bildirib ki, dövlət başçısı Şuşadakı çıxışında Azərbaycanın İranla münasibətlərinin indiki vəziyyətini analiz edib: “Dövlət başçısı gərginliyə Tehranın Azərbaycana qarşı təxribatçı siyasətinin rəvac verdiyini bildirdi. Həqiqətən Tehran İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təxribatların miqyasını artırıb, sanki torpaqlarımızın işğaldan azad olunması İranın maraqlarına cavab vermirdi. İlham Əliyevin qərarıyla Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Başqa cür ola da bilməzdi. Dövlət başçısı məlum terrordan sonra diplomatlarımızın və onların ailələrinin təhlükəsizliyini düşünərək səfirliyinin fəaliyyətini dayandırmaq barədə qərar verib. Səfirliyin yenidən açılması üçün hələ əsas yoxdur. Çünki Tehranın terrorla bağlı araşdırması barədə məlumat yoxdur, tələbəmiz orada itib, ondan da məlumat yoxdur. İlham Əliyev İrandan Bakıya edilən zənglərə də toxunaraq bildirdi ki, münasibətlərin normallaşması barədə fikir mübadiləsi aparılıb. Azərbaycan münasibətlərin normallaşmasını istəyir. Ancaq bunun üçün Tehran addım atmalıdır, bu addmlar yoxdur. İlham Əliyev onu işarə etdi ki, zəruri addımlar atılmadan münasibətlərin normallaşması mümkün deyil. Seçim Tehranındır”

"AzPolitika.info"