MOSKVADAKI PARADIN SƏRHƏDDƏKİ ƏKS-SƏDASI - Son təxribatın Paşinyanın Moskva səfərindən dərhal sonra baş verməsi təsadüfdürmü?

Xəbər verildiyi kimi, dünən axşamdan başlayaraq, Ermənistan tərəfi Azərbaycan ordusunun sərhəddəki mövqelərini intensiv şəkildə atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin yaydığı son məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Təxribat bu gün səhər də davam etdirilib. İrəvanın bu xain təxribatı nəticəsində Şəhid olan və yaralanan əsgərlərimiz var.


Ermənistanın növbəti hərbi təxribatı maionetka Baş nazir Nikol Paşinyanın Moskva səfəri, Vladimir Putinlə görüşü və 9 may paradında iştirakından dərhal sonra baş verməkdədir. Bunun təsadüf olduğunu düşünmək təbii ki, sadəlövhlük olardı.

Təkcə onu qeyd etmək kifayətdir ki, Paşinyan Moskvadan qayıdar-qayıtmaz güc strukturlarının rəhbərlərini, nazirləri, nazir müavinlərini toplayaraq, qapalı iclas keçirib. Həmin iclasda iştirak edən Xarici İşlər nazirinin müavini Manatsakan Safaryan gündəlikdəki məsələləri şərh etməkdən yayınıb və sadəcə, “işgüzar müzakirələr” aparıldığını bildirib.


Görünür, sərhəddəki növbəti təxribat xarakterli gərginlikdə həmin “işgüzar müzakirələrin” xüsusi rolu var...

Məlum məsələdir ki, rəsmi Moskva hər nə qədər Ukraynadakı işğalçılıq müharibəsinin bataqlığında ilişib qalsa da, Cənubi Qafqaza təsirindən, buradakı imperiya maraqlarından əl çəkmək niyyətində deyil.

Bu işdə onun əsas “köməkçisi” isə həmişəki kimi Rusiyanın forpostu olan Ermənistandır və dünəndən başlayan təxribat da bunun bariz nümunəsidir.

Yeri gəlmişkən, ikiüzlü siyasətçi kimi tanınan Paşinyanın Moskva səfəri ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, hazırda KTMT öz missiyasını Ermənistanda yerləşdirmək üçün İrəvandan təşəbbüs gözləyir: “Biz erməni tərəfdaşlardan KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üzrə əsaslı işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyirik. Rusiya tərəfi belə bir işə hazırdır ki, bu da İrəvana yaxşı məlumdur”.

Belə görünür ki, Paşinyan Moskvadan qayıdan kimi, Zaxarovanın dediyi “təşəbbüsü” göstərməyə başlayıb...


Məlum olduğu kimi, Moskvadakı son 9 may paradında iştirak edən dövlət başçıları bütünlükdə Qərbin və Ukraynanın kəskin tənqid hədəfinə çevrilib. Hazırda işğalçılıq müharibəsi aparan bir dövlətin başçısı ilə birgə işğalçı ordunun təntənəli sıra keçidini alqışlamaq əlbəttə ki, heç bir ölkə başçısına müsbət xal qazandırmır. Bu sırada yalançı “qərbyönümlü” adı çıxarmış Ermənistan başçısının durması isə bir daha bu ölkənin, dövlətin, xalqın gerçək mahiyyətini ortaya qoyur.

Paşinyandan və MDB üzvü olan digər dövlət başçılarından fərqli olaraq, Azərbaycan Prezidenti tam haqlı olaraq, həmin paradda iştirak etmədi. Yəqin ki, bunun Moskvanı qətiyyən qane etmədiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Sovet respublikalarından Pribaltika ölkələrini çıxmaq şərtilə, yalnız Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan rəhbərləri son 9 may paradında yox idi. Xatırladaq ki, bu ölkələr həm də GUAM təşkilatında bir yerdədirlər və nə KTMT-yə, nə də Rusiyanın nəzarətindəki Avrasiya İqtisadi Birliyinə qoşulmayıblar.


Parad qatılan dövlət başçılarına gəlincə, Belarusun mövqeyi məlumdur. Son anda Moskvaya gəlməyə razılıq verən Orta Asiya respublikaları dövlət başçılarının isə onların üzərində olduqca böyük təsiri olan Çinin ”məsləhətinə” qulaq asdıqları barədə məlumatlar var. Qərb mətbuatında və müstəqil təhlilçilərin şərhlərində həmin ölkə başçılarına Moskvaya getmək üçün Çinin təsir göstərdiyi haqda rəylərə rast gəlinir.

“Bəs Ermənistanın orada nə işi vardı” sualına isə ən maraqlı cavablardan biri Ukrayna mətbuatında yer alıb. Bir çox ukraynalı təhlilçilər hesab edirlər ki, Paşinyanı 9 may paradında iştiraka “məcbur edən” İrandır. Bu fikirdə müəyyən məntiq olsa da, görünür çoxları hələ də Ermənistan dövlətinin və xalqının mahiyyətini yaxşı anlamırlar və onların hər nə qədər “qərbpərəst” donu geymələrinə baxmayaraq, heç bir kənar təsir olmadan da hər zaman işğalçının, imperiyanın qulbeçəsi olduqlarını dərk etmirlər.

Söhbət İrandan düşmüşkən, son təxribatda Ermənistanın İranın kamikadze dronlarından fəal şəkildə istifadə etdiyi barədə məlumatlar var.

Bütün bunlar belə qənaət yaradır ki, ortada Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi quraşdıran və bununla təkcə Ermənistan deyil, İran və Rusiya qarşısında da öz siyasi iradəsini ortaya qoyan Azərbaycana qarşı Türkiyənin başının seçkilərə qarışmasından və digər amillərdən istifadə edərək, Ermənistan-Rusiya-İran üçbucağının növbəti təxribatı var. 

Ancaq bunu edənlər Azərbaycanın geri çəkilməyəcəyini və bu cür çirkin ssenarilərə cavab vermək qüdrətində olduğunu da bilməmiş deyillər...

C.Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar