ERMƏNİ DİLİNDƏ DANIŞAN “SÜLHMƏRAMLI”... - Moskva yenə Bakının tələblərini eşitməzdən gəlir

Rusiya Müdafiə Nazirliyi yenə Qarabağdakı rayonlarımızı erməni adlarıyla çağırır

Bu gün Ermənistan mətbuatında Rusiya Müdafiə Nazirliyinin(MN) özünün Qarabağdakı “sülhməramlı” kontingentinin fəaliyyətilə bağlı növbəti hesabatı yayımlanıb. Hesabat Rusiya MN-in rəsmi saytından götürülüb. Təkcə bu cür rəsmi hesabatlara nəzər salmaq kifayətdir ki, Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində yerləşməsinin və onun fəaliyyətinin Konstitusiyamızla və suverenliyimizlə ziddiyyət təşkil etdiyi aydın görünsün.

Həmin hesabatdan bəzi hissələrə nəzər yetirək: “Mardakert, Martuni rayonları və Laçın dəhlizində üç marşrut üzrə patrul fəaliyyəti həyata keçirilib... Rusiya sülhməramlılarının avtomobil texnikası ilə Stepanakertə 232.3 ton humanitar yük çatdırılıb... “Biz bir yerdəyik” fondu ilə birgə Əskəran, Stepanakert və Martunidə məktəblərdə humanitar aksiyalar keçirilib...”

Nazirliyin saytından götürülmüş mətnə diqqət yetirsəniz, görərsiniz ki, Qarabağdakı yaşayış məntəqələrinin adları Azərbaycan yox, erməni dilində yazılıb. Bu da azmış kimi sanki acıqla Xankəndinin, Ağdərənin, Xocavəndin erməni dilində əks etdirilən adları bütünlükdə böyük hərflərlə yazılıb. Baxmayaraq ki, Azərbaycan rəsmi qaydada Rusiya MN-in bu cür hesabatlarına dəfələrlə etirazını bildirib. 

Məsələn, Azərbaycan Müdafiə Nazirliyinin ötən ilin sonlarında yayımladığı rəsmi etirazda deylir: “Təəssüflə bildiririk ki, Rusiya MN-in rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır. Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya MN, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib”.

Ancaq göründüyü kimi, Rusiya həmişəki şovinist imperiyaçı və ermənipərəst ədasıyla Azərbaycanın rəsmi müraciətinə məhəl qoymur və Azərbaycan Konstitusiyasını, qanunlarını kobudcasına pozur. Hətta özünün qondarma “vasitəçi” statusuna uyğun olaraq, heç olmasa, erməni adlarıyla yanaşı Azərbaycan adlarını da göstərməyi özünə rəva bilmir.

Eyni zamanda, Azərbaycanda qeydiyyatdan keçməyən hansısa “fond”la birgə “humanitar aksiya” da keçirir ki, bu da sülhməramlı missiyasına heç bir aidiyyatı olmayan fəaliyyətdir. Onu da qeyd edək ki, ötən gün Rusiya hərbi kontingentinin müşaiyəti ilə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin postlarına silah-sursat və digər yüklər daşınmasına dair yeni videogörüntülər yayımlandı.


Bütün bunlar Rusiyanın ərazilərimizdəki “şeytan barmağı”nın “fəaliyyətdə” olduğunu göstərir.

Hələ Rusiyanın Ukraynada törətdiyi açıq işğal aktını, beynəlxalq hüquqa və insanlığa zidd hərəkətlərini, bu dövlətin “izqoy” vəziyyətini, onun başçısının isə Haaqa Məhkəməsi tərəfindən ağır cinayətlərdə ittiham edilməsini bir tərəfə qoyaq, Azərbaycanın yer adlarını bizim dildə yazmağı, səsləndirməyi özünə yaraşdırmayan, bununla da bizimlə erməni dilində danışan, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, onun toponimlərini, deməli həm də tarixini, bugününü, gələcəyini şübhə altına alan bir dövlətdən nə “sülhməramlı”, nə də “vasitəçi” çıxar!

Rusiyanın ifasında bu iblisliklər həm də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının müzakirələri və 3 ölkə başçısının mayın 25-də keçiriləcək görüşü fonunda baş verir.

“Rusiyada keçirilən müzakirələrdən müsbət nəsə gözləməyə dəymir. Çünki Rusiya problemləri həll etmək əvəzinə, yenilərini yaradır... Rusiya daha çox problem yaradır, nəinki onların həllinə çalışır”.

Bunu ötən gün Ermənistan parlamentində Nikol Paşinyanın partiyasını təmsil edən depuatat Viqen Xaçatryan Ermənistanın maraqlarının təminatı kontekstində deyib. Ancaq nə qədər paradoksal olsa da, eyni cümlələri Azərbaycanın maraqlarının təminatı baxımından da demək olar – Rusiya problemləri həll etmir, əksinə, yenilərini yaradır. Çünki onun mahiyyəti, məqəsədi, məramı sülh, əminəmanlıq və s. yox, öz məlum hiyləgər, çirkin maraq və niyyətlərinin təminatına xidmət edir.

Cəlal Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Yetmalı 2023-05-20 22:07:01

rusları ora kim gətirib?Puşkin?

Roma 2023-05-20 16:11:21

Rusiyadan sülh gözləmək, necə deyərlər absurddur, o tarixən şovinizm, dağıntı, işğal, talançılığ, ölüm, qan və s...bunlarla tarixən formalaşıb...

Camal 2023-05-20 14:40:39

Bələ yerdə bunların öz dilində deyilir: что ты несешь?

Son yazılar