NAZİRLƏRİN VAŞİNQTON GÖRÜŞÜ NİYƏ TƏXİRƏ DÜŞDÜ? – “İrəvanın konkret addımlar atması gözlənilir...”

“Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

“Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”, - XİN sözçüsü əlavə edib.

Xatırladaq ki, nazirlərin iyunun 12-də Vaşinqtonda görüşəcəyi barədə ilk dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan Kişiniyovda açıqlama vermişdi. ABŞ Dövlət Departamenti də belə bir müzakirələrin razılaşdırıldığını təsdiqləyib.

Rəsmi Bakı XİN başçılarının görüş xəbərlərini təkzib etməsə də, konkret tarix açıqlamamışdı. Maraqlıdır, Vaşinqton görüşünün təxirə düşməsi nə ilə bağlıdır?

Politoloq Fərhad Məmmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, görüşün təxirə salınması daha çox texniki məsələlərlə bağlıdır: “Azərbaycan tərəfi bu görüşün yaxın gələcəkdə olacağını bildirmişdi. Səhv etmirəmsə, ABŞ tərəfi ötən gün bəyanat yaymışdı ki, sözügedən görüş ayın sonuna planlaşdırılır. Ehtimal olunur ki, bu görüş də bir neçə gün davam edəcək şəkildə planlaşdırılıb. Bunun üçün isə vaxt lazımdır. Bildiyiniz kimi, xarici işlər nazirlərinin tədbirlərdə iştirakı bir neçə ay öncədən planlaşdırılır. Ona görə də bu görüş ərəfəsində hər hansı səfərlərin, görüşlərin olmaması nəzərə alınır. Bu cür fors-major hadisələr baş verəndə isə görüşü ertələmək lazım gəlir”.

Politoloq qeyd edir ki, hazırda tərəflər siyasi baxımdan konkret məsələləri müzakirə edirlər: “Xarici işlər nazirimiz ATƏT-də Ermənistanla bağlı gözləntilərini dilə gətirib. Burada 3 əsas istiqamət var:

-Qarabağdakı erməni hərbçilərin bölgədən çıxarılması;

-Daxili işlərimizə qarşmamaq;

-Bakının Qarabağ erməniləri ilə dialoq qurmasına maneəçilik törətməmək.

Ehtimal edirəm ki, Ermənsitan tərəfinin bu istiqamətlər üzrə konkret addımlar atması gözlənilir.

İkinci bir məqam isə ABŞ-la bağlıdır. Vaşinqtonun mövqeyində qeyri-müəyyənlik var. ABŞ Dövlət Departamentinin rəsmiləri tərəflərə öz təkliflərini yollayıblar. Bu təkliflərə cavabın formalaşması müəyyən vaxt aparır.

Ola bilər, ABŞ və digər ölkələr hər hansı hadisənin baş verməsini gözləyirlər ki, öz mövqelərini aydınlaşdırsınlar. Çünki Ermənsitan tərəfi ərazi bütövlüyünün şərtlə tanınmasını istəyir. Azərbaycan isə ərazi bütövlüyünün daha aydın və şərtsiz şəkildə tanınmasının tərəfdarıdır”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar