“Sərhədçilərimizin atəş altına alınmasına çox sərt şəkildə cavab verilməlidir”
Xəbər verildiyi kimi, bu gün Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini intensiv şəkildə atəşə tutub. Məlumata görə, təxribat səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) bir hərbçisinin yaralandığı bildirilir.
Qeyd edək ki, son bir neçə gündür Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət yenidən gərginləşib. 12 iyun tarixində başlayan bu gərginlik fonunda Ermənistan tərəfi müxtəlif isiqamətlərdə atəşkəsi pozaraq, ordumuzun mövqelərini atəşə tutub.
12 iyun - Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutulub
Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
13 iyun - Şuşa istiqamətindəki mövqelərimiz atəşə tutulub
13 iyun tarixində də düşmənin təxribatçı hərkətləri davam edib. Həmin gün saat 19:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
14 iyun - Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub
İyunun 14-də isə düşmən Naxçıvan istiqamətində vəziyyəti gərginləşdirməyə çalışıb. Saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Əslində düşmənin təxribatçı hərəkətlərinin məhz 12 iyun tarixində başlaması heç də tasadüfi deyil. Xatırladaq ki, həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. 13 iyun tarixində isə R. T. Ərdoğan Bakıda Prezident İlham Əliyevlə geniş tərkibdə görüş keçirib.
Ərdoğan görüş zamanı Türkiyənin istənilən zaman Şuşada Baş Konsulluğ açmağa hazır olduğunu bildirib. Türkiyə lideri qeyd edib ki, əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq.
Görünür Ərdoğanın Azərbaycana səfəri, eləcə də Bakıda verilən mühüm açıqlamalar Ermənistan və onun havadarlarını xeyli narahat edib. Ancaq şübhəsiz ki, Ermənistan hakimiyyətinin cəbhədəki təxribatları daha öncə dəfələrlə əl atdığı uğursuz üsullardan biridir. Təbii ki, rəsmi İrəvanın vəziyyəti gərginləşdirməklə, Azərbaycan və Türkiyəni bu qətiyyətli mövqeyindən döndərmək cəhdi heç bir perspektivi olmayan boş bir addımdır.
Elə hərbi ekspertlərdə hesab edirlər ki, Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdləri Türkiyə liderinin regiona səfəri ilə bağlıdır.
Bu barədə hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, tərəflər arasında sülh sazişi imzalanmadığı müddətcə şərti sərhəddəki vəziyyət artan gərginlik fonunda davam edəcək.

Ekspert qeyd edib ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri, ölkə başçısı ilə birgə mətbuat konfransındakı açıqlamaları ermənilərdə və onları dəstəkləyən qüvvələrdə çox böyük aqressivlik yaradıb: “Hazırda bu aqressivlik həm şərti sərhəddə, həm də Qarabağdakı qeyri-qanuni birləşmələrlə təmas xəttində atəşkəsin pozulması ilə nəticələnib. Burada maraqlı olan qüvvələr də var. Xüsusən də Rusiya bölgədə vəziyyətin gərginləşməsinin tərəfdarıdır. Çünki Rusiyanın Ermənistanda mövcudluğunun, həmçinin Qarabağda sülhməramlı qismində fəaliyyətinin əsas məqsədi bu münaqişənin davam etməsindən ibarətdir”.
E. Şıxəliyev qeyd edib ki, sərhədçilərimizin atəşə tutulmasına çox sərt şəkildə cavab verilməlidir: “Atəşkəsin pozulma halları erməniləri bir qədər də cəsarətləndirəcək. Onlar bu yolla rus sülhməramlılarının bölgədə qalma müddətini uzatmağı hədəfləyirlər. Əslində Ermənistanın Laçındakı sərhəd-keçid məntəqəmizi atəşə tutması çox böyük konfliktlə nəticələnə bilər. Düşünürəm ki, Azərbaycan tərəfi sərhədçilərimizin atəş altına alınmasına çox sərt şəkildə cavab verməlidir”.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz da “AzPolitika.info”-ya şərhində bildirib ki, Ermənistanın sonuncu təxribatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən nə qədər narahat olduğunu göstərən bir reaksiya idi.

Ekspert xatırladıb ki, şərti sərhəddəki gərginliyin ikinci bir səbəbi isə 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün tamam olmasıyla bağlıdır.
Y. Karauz hesab edir ki, bu təxribatı yalnız Ermənistanla əlaqələndirmək məsələyə dar prizmadan baxmaq anlamına gəlir: “Ermənistandakı seperatçı qüvvələrə, əli qanlı terroçulara göstəriş verən xarici dövlətlər var. Bu cür sifarişlər xaricdən gəlir. Ermənistan bu cür reaksiya verərək atəşkəsin sülh sazişi ilə əvəz olunmasını əngəlləmək istəyir. Xatıralayırsınızsa, ötən ilin 21 oktaybr tarixində Zəngilan hava limanının açılış günündə də İran və Ermənsitan Qafan rayonunda konsulluq açmışdılar. Təbii ki, bu, özündə mesajı ehtiva edən bir addım idi”.
“Şuşada Türkiyə konsulluğunun açılması Ermənistan başda olmaqla, İrana və Fransaya verilən bir mesajdır. Artıq bundan sonra bu bölgədə sülh, sabitlik, əmin-amanlıq olmalıdır. Bunun üçün Şuşa Bəyannaməsində də qeyd olunduğu kimi, Zəngəzur dəhlizi dərhal açılmalıdır. Buna istər Ermənistan, istərsə də onun havadarları qarşı çıxsın. Türkiyə ilə Azərbaycan arasında Zəngəzur dəhlizi açılmadığı müddətcə Azərbaycan ilə Ermənistan arasında sülh sazişi, eləcə də Türkiyə ilə Ermənistan arasında normallaşma ola bilməz. Ermənistanın bu cür təxribatçı hərəkətləri Azərbaycana heç nə edə bilməz, amma Ermənistan bu məsələdə çox şey itirə bilər. Ermənistan tərəfi ağıllı və öz milli maraqlarına uyğun şəkildə davranmağı öyrənməlidir”,-deyə o, bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməklə, həm də bunu ən qısa zamanda gerçəkləşdirməklə əslində dünyaya növbəti dəfə mesaj verib. O, Bakıda olarkən həm regional, həm qlobal proseslərlə, həm də konkret Qarabağla bağlı mühüm açıqlamaları ilə də dünyaya - dostlara, bədxahlara ismarışlarını çatdırmış oldu.

Bunlardan ən mühümü Ərdoğanın “Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq” söyləməsi oldu. Ərdoğan konsulluğun açılması işlərinin sürətləndirilməsi üçün XİN başçısı Hakan Fidana da tapşırıq verdi.
“Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq” söyləməsi oldu: “Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla, bütün dünyaya bir mesaj olacaq” – deyə, Türk dünyasının lideri bildirdi.
Ərdoğanın “Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq” söyləməsi də təsadüfi deyil. Bu sözlərin arxasında böyük bir məna var. Söhbət ondan gedir ki, bugünədək bəzi Avropa səfirləri Şuşaya səfər etməkdən yayınıblar, revanşist ermənilər yenə də Şuşanın adını təhrif edərək yazırlar və s. Ərdoğan konkret olaraq bütün bunlara son qoyulmasıyla bağlı ismarışını çatdırıb.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər