“Bütün dünyanın diqqəti bu iki gündə Özəl Hərbi Kampaniya “Vaqner”in bir sutkalıq qiyamına yönəlib. Təsadüfi deyil, bir sutkada 23 illik Putin hakimiyyətinin sarsılmazlığı haqqında formalaşmış fikir sarsıdıcı zərbə aldı. Ukrayna müharibəsi başlanandan beynəlxalq aləmdə Rusiya təcrid dövlətə çevrilmişdisə, qısamüddətli “Vaqner” qiyamı onun lideri Putinin də ölkə daxilində nüfuzuna böyük zərbə vurdu”.
“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Rusiyada baş verən hadisələri şərh edərkən deyib.
Onun sözlərinə görə, qiyamın zərərsizləşdirilməsi Putini müvəqqəti xilas edə bilər, amma onun komandası arasında, generalların da qatılacağı siyasi hakimiyyət uğrunda daxili mübarizə şiddətlənəcək. Ekspert qeyd edir ki, Rusiyada baş verən qiyam 1991-ci il avqust “putçunu” xatırladır.
İ. İsmayıl qeyd edir ki, o zaman da “putç” uğursuz oldu. Amma Krımdan hakimiyyət kreslosuna qayıdan Qorbaçovun da cəmi dörd aydan sonra siyasi karyerası sona çatdı
“Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Putin erasının da sonu “Vaqner” qiyamından sonra sürətlənəcək”,- təhlilçi vurğulayıb.
“Vaqner” qiyamının Xankəndi ətrafında baş verənlərə təsiri ola bilərmi?
İ.İsmayıl deyir ki, təsir öz-özünə yaranmır, onu yaratmaq lazımdır: “Bu təsiri nə Moskva, nə İrəvan, nə də Xankəndi yaradası deyil, maraqlarımıza xidmət edən təsiri biz yaratmalıyıq. Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bərpa edilib və bu doğru addımdır. Rusiya hərbiçiləri yol bağlı olduğu müddətdə helikopterlərlə onsuz da kritik uçuşlar həyata keçirirdilər. Nəzarət yoxlaması keçirilməklə keçid məntəqəsinin fəaliyyətinin davam etməsi üçün isə Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir. Xəbərdarlıq erməni silahlı qüvvələrinin 10 gün ərzində Azərbaycan ərazisini tərk etməsi ilə bağlı olmalıdır. Vaxt təyin edib, həmin zaman çərçivəsində qanunsuz erməni silahlı qüvvələrin bütün arsenalı ilə Azərbaycan ərazisini tərk etməsi şərti irəli sürülməli, əks halda, yolun açılmayacağı bildirilməli və qanunsuz silahlı dəstələrə hərbi güc tətbiq ediləcəyi qarşı tərəflərə bəyan edilməlidir”.
Təhlilçi vurğulayır ki, Rusiyanın Ukrayna cəbhəsində hərbiçilərə ehtiyacı var. Buna görə də erməni silahlı qüvvələrinin bölgəni tərk edəcəyi halda Qarabağdakı sülhməramlıların sayının minimuma endirilməsi şübhə yaratmır. “Rusiyanın daxili gərginlik yaşadığı situasiyadan yararlanmaq lazımdır. Hətta, bu xəbərdarlığın Vaşinqton görüşündən əvvəl elan olunması daha məqsədəuyğundur. Moskvaya olunan xəbərdarlıq Vaşinqtonda sükutla qarşılanacaq və Rusiya bunu Vaşinqton görüşünün nəticəsi kimi qəbul etməyəcək. Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” adı altında səsləndirilən abstrakt şərtlər də səslənməyəcək”.
Ekspert hesab edir ki, Laçın yolunun tam açılması üçün bizim digər maraqlarımıza uyğun başqa şərtlər də irəli sürülməlidir.
Onun sözlərinə görə, Qarabağda daxili yollardakı maneələrin aradan qaldırılması artıq zəruri həddə çatıb.
“Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır. Reinteqrasiyaya xidmət edən bəzi məsələləri qarşılıqlı şərtlərlə müzakirəyə çıxarmağın da zamanıdır. Məsələn, Sərsəng su anbarına nəzarətin də Azərbaycana verildiyi təqdirdə Ermənistandan gələn elektrik xəttinin istifadəyə verilməsi, fasiləsiz qaz təminatı da qarşılıqlı razılaşmaların predmeti ola bilər. Ümumiyyətlə, qarşı tərəflərə Azərbaycanın siyasi şərtlərinin yerinə yetirildiyi halda humanitar məsələlərin də müzakirə olunacağını öncədən bildirmək lazımdır. Ermənilər imtina etdikdə yolun açılmayacağı və erməni silahlı qüvvələrin hərbi güc tətbiq etməklə ərazilərimizdən çıxarılacağı sərt şəkildə həm Rusiyaya, həm də Ermənistana çatdırılmalıdır”,- İlham İsmayıl qeyd edib
“AzPolitika.info”

Şərhlər
Dəyərli Azpolitika.info və Ekspert, BMT TŞnın ədalətli qətnaməsinin ardınca hansı tarixlərdə Azərbaycanın, Ermənistan və erməni millətçilərinin etnik deportasiya, terror və vəhşi-hərbi işğal cinayətlərinə qarşı rəsmi bəyanatlar verib? Hazırda Qarabağda qalmış separatçıların və silahlılarının Ermənistana adekvat son təxliyyə tarixi göstərilən dünyəvi bəyanat gecikir?
Çox doğru, düzgün təhlil, sağ olun İlham müəllim!!!