Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazilərinin Rusiya ilə bazarlıq predmetinə çevrilməsi ehtimalını rədd edib.
“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, NATO-nun Vilnüs sammitinin yekunlarına dair verdiyi mətbuat konfransında Zelenski sərt açıqlamalarla çıxış edib.
ABŞ və Almaniyanın Ukraynanın NATO üzvlüyünə qəbulundan yayınması səbəbləri barədə danışan Zelenski deyib ki, bunun Rusiya ilə gələcək danışıqlarda bazarlıq mövzusuna çevrilməsini qəbul edə bilməz.

O qeyd edib ki, Baydenlə Şoltsun Kiyevə qarşı satqınlıq edəcəyinə inanmır: “Əminəm ki, Bayden və Şolts satqınçılıq mövqeyi tutmayacaq, amma onu da deməliyəm ki, biz heç vaxt istənilən ərazimizi istənilən statusa dəyişməyəcəyik. Hətta bu, bircə qoca babanın yaşadığı bircə kənd olsa belə. Biz öz ərazilərimizi verməyəcəyik və heç vaxt onu dondurulmuş münaqişəyə dəyişməyəcəyik. Bu, heç zaman olmayacaq. Mənim mövqeyimi tərəfdaşlarımız yaxşı bilir”.
Qeyd edək ki, Qərb mətbuatında Ukraynanın NATO-ya qəbulunun gecikdirilməsini bu məsələnin Rusiya ilə gələcək bazarlıq predmeti kimi ehtiyatda saxlanması ilə əlaqələndirən yazılar dərc olunub. Qeyd edilib ki, Bayden və Şolts gələcək danışıqlarda işğal olunmuş Ukrayna ərazilərinin Ukraynanın NATO üzvlüyü ilə “barter” etmək niyyətindədirlər. Lakin göründüyü kimi, Ukrayna rəhbərliyi belə təklifləri qətiyyətlə rədd edir.
Cəlal
“AzPolitika.info”

Şərhlər