İstər Qarabağdakı separatçıların, istərsə də Ermənistan rəhbərliyinin Azərbaycan əhalisinə qarşı qətliamlarda iştirak etdiyi heç bir şübhə doğurmayan Vaqif Xaçaturyanla bağlı vay-şüvən qoparmalarının ayrı-ayrılıqda öz səbəbləri var. Bu səbəblər barədə mülahizələri bir qədər sonra nəzərinizə çatdıracağıq.
Lakin təəccüb və heyrət doğuran ermənilərin artıq çoxdan öyrəşdiyimiz həyasızlıqları yox, bizdəki adlarını “liberal”, “demokrat” və s. qoyanların mövqeyidir. Hərdən elə gəlir ki, bu adamlar hansı səbəbdənsə Azərbaycana qarşı istənilən ittihamı, iddianı, iftiranı dəstəkləməyə, millətimizin qanını içənləri belə müdafiə etməyə hazırdırlar. Bunlar hazırda az qala ermənilərdən də fəal şəkildə sözügedən qatilin müdafiəsinə qalxıblar, onun hüquqlarının pozulmasından, Azərbaycanın onu həbs etməsinin sülh prosesinə mənfi təsirindən, Qarabağdakı erməniləri Azərbaycanla inteqrasiyadan soyutmasından və s. danışırlar.
Onların gətirdikləri arqumentlərdən biri Azərbaycan hüquq-mühafizə orqanlarının məlum “iş prinsipləri”, məhkəmə-hüquq sisteminin qeyri-obyektivliyidir. Doğrudan da Azərbaycanın məhkəmə-hüquq sisteminin böyük islahatlara ehtiyacı var və bu gün Qarabağda hərbi cinayətlər törətmiş Vaqifdən fərqli olaraq, Azərbaycanda bizim hüquq mühafizə orqanlarının hüquqlarını əzib-tapdaladığı saysız-hesabsız “vaqiflər” var. Ancaq bu, heç cür əsas vermir ki, azərbaycanlıları məhz milli mənsubiyyətinə görə qətlə yetirən, onlara divan tutan, yurd-yuvalarından didərgin salan birisinin Azərbaycan dövləti tərəfindən həbs edilməsinə, ona qarşı rəsmi ittihamlar irəli sürülməsinə qarşı çıxasan.

Bu adam hansısa xırda xuliqanlıq, yaxud vergidən yayınma əməlinə görə tutulmayıb. Vaqif Xaçaturyana aid olduğu bildirilən məlum fotonu bir kənara qoyaq və hesab edək ki, bu məsələni araşdırmaq lazımdır. Ancaq hələ 2001-2003-cü illərdə Meşəlidəki qətliamın şahidi olan vətəndaşlarımız bu adamın adını çəkərək, ona qarşı ifadə veriblər. O vaxt onların bəlkə heç ağlına belə gəlməzdi ki, həmin bu qatil nə vaxtsa Azərbaycanın əlinə keçəcək. Yəni, burada hansısa qərəzdən söhbət belə gedə bilməz. İfadələrində onlar “Vaqif adlı erməni”nin vəhşiliklərini xüsusi vurğulayıblar. Həmin adamın hazırda ələ keçirilən Vaqif Xaçaturyan olduğu heç bir şübhə doğurmur.
Separatçıların öz etiraflarını da bir kənara qoysaq, ən azından Vaqif adı ermənilərdə nadir rast gəlinən addır. Sadəcə, vaxtilə ermənilərlə dostluq etmiş azərbaycanlılar öz övladlarına həmin dostlarının adını qoyduqları kimi, ermənilər tərəfindən də bu cür hallara rast gəlinib. Ehtimal ki, sözügedən Xaçaturyana da Vaqif adı bu səbəbdən qoyulub.
Bir sözlə, bu adamın əlinin doğrudan da günahsız, silahsız azərbaycanlıların qanına bulaşdığına dair təkzibedilməz faktlar var. Təbii ki, törətdiyi cinayətin ağırlığından asılı olmayaraq, ona qarşı bütün hərəkətlər Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməlidir. Lakin beləsinin hüquqlarının müdafiəsinə qalxmaq, onu məzlum birisi kimi təqdim etmək cəhdləri riyakarlığın, mənəvi satqınlığın açıq təzahürüdür ki, bunu da bizdəki bəzi “liberallar” və “demokratlar” nümayiş etdirməkdədirlər...
Ermənilərin Vaqif Xaçaturyanla bağlı vay-şüvəninə gəlincə, xüsusilə Qarabağdakı separatçı rejim üçün bu, olduqca əhəmiyyətli siqnal və dərsdir. Bu, o deməkdir ki, azərbaycanlılara qarşı qətliamlarda iştirak etmiş, hərbi cinayətlər törətmiş şəxslər tez ya gec cəzalarını alacaqlar. Qarabağdakı separatçı “liderləri” də qorxudan budur. Çünki onların böyük əksəriyyətinin əli günahsız azərbaycanlıların qanına bulaşıb.

Digər yandan, Vaqif Xaçaturyan olduqca qiymətli şahiddir. O, bu qətliamlarda iştirak etmiş “silahdaşlarını” yaxşı tanıyır və sözsüz ki, istintaqa verəcəyi ifadələrdə onların adlarını çəkəcək. Bu adların böyük hissəsinin hazırda Qarabağda yaşadıqları və qondarma qurumun rəhbərliyində, “parlamentində” təmsil olunduqları isə heç bir şübhə doğurmur. Separatçı qurum rəhbərliyinin “Vaqif harayı” da məhz bu səbəblərdən irəli gəlir.
Ermənistan rəhbərliyinin vay-şüvən qoparmasına gəlincə, açıq görünən odur ki, Paşinyan hakimiyyəti hər nə qədər sözdə özünü sülhpərvər, razılaşmaya meylli göstərsə də, faktiki olaraq vaxt uzatmaqla, özü üçün daha əlverişli geosiyasi şəraitin yaranmasını gözləməklə məşğuldur. Odur ki, Azərbaycan tərəfinin istənilən qanuni addımını ermənilərə qarşı haqsızlıq kimi qələmə verərək, bunu danışıqlar prosesinə əngəl kimi təqdim etməyə çalışır.
Ancaq kimin nə deməsindən, nə cür yanaşmasından, hansı məqsəd güdməsindən asılı olmayaraq, Azərbaycan son 30 ildə bizə qarşı törədilmiş cinayətləri cəzasız qoymamalıdır və qoymayacaq. Vaqif Xaçaturyanın həbsi bu qətiyyəti ifadə edən önəmli siqnal oldu.
Heç bir sülh razılaşması, inteqrasiya prosesi, birgəyaşayış prinsipləri və s. Xocalıda və digər yaşayış məntəqələrimizdə dinc əhaliyə qarşı cinayət törətmiş şərəfsizləri məsuliyyətdən azad edə bilməz və etməyəcək.
Hamı, o cümlədən də bizim mərhəmətimizə, unutqanlığımıza ümid edən ermənilər anlamalıdırlar ki, belələrini hansısa bəhanə ilə məsuliyyətdən azad edən, əfv edən və Azərbaycan vətəndaşı kimi ölkəmizdə yaşamasına imkan verən istənilən hakimiyyət Azərbaycan xalqı qarşısında cavab verməli olacaq və əlbəttə ki, heç bir siyasi xadim, lider buna getməyəcək!
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Əski DQMV sovetinin daşnağları 1987-1994cü illərdə rəsmi Bakı və Kremlin müşahidəsi ilə 19 min nəfər azərbaycanlını soyqıırı edib, üç yüz mindən çox azərbaycanlı ailələrini öz evlərindən tarixin ən vəhşi-hərbi terroru ilə qovub? 2020ci ilin yarımçıq Zəfərindən sonra Azərbaycan hələ beş il də Qarabağa kənardan baxacaq? V.Ç.Xaçatryan bu tarixi Cinayətklarln ilk *qaraquşu*dur. Hələlik dərsləri *ONLAR* bizə və Rusiyaya VERİRLƏR!?
Ermeni canisine merhemet etmek,Xocalı qatliamına göz yummaqdır.
Cənab Yazar, beynəlxalq Liderimiz H.Ə.Əliyev *Mən fəxr edirəm ki, azərbaycanlıyam!* demişdi! *Liberal*, *demokrat*, *müxalif*, iqtidar*, *erməni*, azərbaycanlı belə vətəndaş fərqi olmamalıdır! Təəssüf ki, əksliklər daha çoxdur? V.Xaçatryan 32 il kifayət qədər aranmamış Cinayətkar, S.Hüseynov isə Vətəni Azərbaycanı nəyin bahasına olsun-daha tez azad etmək iddiasında olan zidd vətəndaşlardırlar!