“Louis Bono bölgəyə qayıtdı. Bu gün ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi İrəvana gəlib və bir-iki günə Bakıda olacaq (Artıq Bakıdadır-red.). Danışıqlar prosesinin hazırkı vəziyyəti ABŞ Dövlət Departamentini L.Bononu bölgəyə göndərməyə məcbur etdi. Vəziyyəti dəyişməyə ehtiyac var”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov ABŞ rəsmsinin səfərini və Vaşinqtonun danışıqlar prosesindəki mövqeyini şərh edərkən bunları deyib.

Onun sözlərinə görə, Laçın nəzarət-buraxılış məntəsənində (NBM) baş verənlər “həqiqət məqamıdır”, həm Azərbaycanın, həm Ermənistanın, həm də ABŞ, Aİ və Rusiyanın simasında vasitəçiliyin səmimiliyinin göstəricisidir: “Azərbaycan əldə olunmuş razılaşmaların “yerdə” möhkəmlənməsini ardıcıl xətlə irəli aparır. Əlbəttə, həmişəlik heç kimə daxili işlərə qarışmağa imkan verməmək şərti ilə. Ermənistan isə Paşinyanın Qarabağın və anklavların Azərbaycan ərazisi kimi tanınması ilə bağlı bəyanatından sonra cəmi bir-iki ay dözə bildi. Paşinyan “Euronyus” telekanalına müsahibəsində Laçın yolu üçün ekstraterritoriallıq tələb edib və Qarabağda separatizm üçün resursları təmin etmək arzusundadır”.

Bu şəraitdə ABŞ nə etməlidir?!

F.Məmmədov bir neçə variant irəli sürür: “Birinci variant təzyiq etməkdir. Amerika diplomatlarının ritorikası elədir ki, Paşinyan mümkün olanın maksimumunu edib. Yəni Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Onlar bunun həqiqətən cəsarətli bir bəyanat olduğunu düşünürlər, lakin bu, real işə gələndə dəstəklənmir. Azərbaycandan isə bildirilir ki, ABŞ öz iştirakı ilə Bakı ilə Qarabağ erməniləri arasında dialoq təşkil etməyə çalışır. Necə?

Bakıda anlaşma əldə etmək üçün ABŞ həm şifahi, həm də təsirli tədbirlər görməlidir. Təkrar etməkdən yorulmayacağam, ABŞ səfiri Azərbaycan tərəfinin dəvəti olmadan Şuşaya səfər etməlidir, sadəcə maşına minməli və getməlidir! Amma bu addım atılmayıbsa, deməli bu gün ABŞ səfiri Fransa səfiri ilə eyni mövqedədir. Görünür, Amerika diplomatlarının cəsarəti çatmır, Menendesdən (Ermənipərəst senator Robert Menendes-red.) qorxurlar. Dövlət Departamenti Rusiyanın Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin Azərbaycan ərazisi və qanunvericiliyi çərçivəsində həll olunmalıdır bəyanatını şifahi olaraq təkrarlamalıdır. Əks halda, irəli gedə bilməyəcəklər.

Yaxşı, siz, əlbəttə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə hədələyə bilərsiniz, kartlar sizin əlinizdədir, o zaman sınayın, görək nə olacqaq. Görək, ABŞ Ukraynadakı müharibə kontekstində bu qətnamədə Rusiya sülhməramlılarını necə qeyd edəcək? Bu təhlükə həm də ABŞ-ın vasitəçiliyini puç edəcək və Azərbaycanı özündən uzaqlaşdıracaq”.

Politoloq Luis Bonoya məsləhət görür ki, BMT Təhlükəsizlik Şurası haqqında belə kəkələməni yığışdırsın, onun əvəzinə ABŞ-ın iştirakı ilə aparılan danışıqlar prosesinin məntiqindən irəli gələn reallıqlar üzərində irəliləsin.

“ABŞ və Luis Bono üçün vəziyyət asan deyil, irəli getmək həm tərəflərin özlərindən, həm də vasitəçilərdən iradəli qərarlar tələb edir. Motivlər nə olursa olsun, biz bu iradəli hərəkətləri Rusiyadan gördük, ABŞ-dan təəssüf ki, görmürük”, - təhlilçi qeyd edib.

Politoloq daha sonra bildirib: “ABŞ artıq başa düşməli idi ki, Qarabağın demilitarizasiyası baş tutmayana, reinteqrasiya prosesi başlamayana qədər vəziyyət dinamik olacaq. Xankəndində Azərbaycan bayrağı status-kvonun göstəricisidir! Jurnalistlərimizə tövsiyə edirəm ki, Bonodan müsahibə almaq üçün ABŞ səfirliyinə müraciət etsinlər və bir sadə sual ünvanlasınlar: ABŞ Xankəndini, Əsgəranı, Xocalını, Xocavəndi Azərbaycanın ərazisi hesab edirmi?! Siz hətta cavab üçün seçim də göndərə bilərsiniz: Bəli və ya Xeyr”.

Rasim Əliyev

“AzPolitika.info”