Qarabağdakı qondarma separatçı qurumun başçısı Araik Arutyunyan bir neçə gün əvvəl erməni mətbuatına müsahibəsində Nikol Paşinyan hakimiyyətini sərt tənqid etmişdi. O, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını və qondarma quruma lazımi səviyyədə dəstək göstərməməsini pisləmişdi. Bu, separatçıların hazırkı Ermənistan hakimiyyətinə qarşı ilk demarşı deyildi və müxtəlif səviyyələrdə buna bənzər ittiham və iradlar dəfələrlə səsləndirilib. Baxmayaraq ki, qondarma rejimin büdcəsi hələ də böyük ölçüdə məhz Ermənistan tərəfindən təmin olunur...

Ancaq qeyd edək ki, Paşinyan hakimiyyətinin ayrı-ayrı təmsilçiləri də separatçıların ittihamlarını cavabsız qoymurlar. Xüsusilə də hakim partiyanı parlamentdə təmsil edən deputatlar tez-tez Qarabağ ermənilərini “sancan” açıqlamalarla çıxış edirlər. Məsələn, bir müddət əvvəl Ermənistan parlamentinin hakim partiyadan olan üzvü Qurgen Arsenyan Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağla bir yerdə tanımasını dəstəkləyərək demişdi ki, Qarabağdakı ermənilərlə Gürcüstanın Cavaxetiya bölgəsindəki, yaxud Beyrutdakı, Qlendeyldəki ermənilərin heç bir fərqi yoxdur və hökumət ilk növbədə Ermənistanın özünün maraqlarını təmin etməlidir, nəinki xaricdəki ermənilərin. Onun bu açıqlaması separatçılar və Ermənistandakı millətçilər, revanşistlər tərəfindən hiddətlə qarşılanmışdı.

Lakin bununla yanaşı, Paşinyan hakimiyyətinin üzvləri Qarabağdakı separatçıların “könlünü xoş edən” addımlar da atırlar. “AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağdakı qondarma qurumun “parlamentinin” yeni “sədri” David İşxanyanı “seçilməsi” münasibətilə təbrik edib. Əlbəttə ki, Ermənistan parlamenti sədrinin bu addımı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz xarakteri daşıyan hərəkətdir. Azərbaycanda nə “artsax” adlı ərazi vahidi, nə də onun parlamenti var. Ermənistan Baş naziri Nikol Paşinyanın dəfələrlə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını elan etməsinin fonunda onun komandasının aparıcı fiqurlarından biri və de-fakto hakimiyyətdə ikinci şəxs olan Simonyanın separatçılara bu “jesti” kifayət qədər ziddiyyətli təsir bağışlayır. Bir tərəfdən Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq, digər yandan isə oradakı qondarma qurumun “parlament sədrini” təbrik etmək və növbəti dəfə bu separatçı rejimi siyasi vahid kimi təqdim etmək cəhdi siyasi riyakarlıqdır. Bu, eyni zamanda Ermənistandakı hakimiyyətin hələ də qondarma rejimlə “evcik-evcik” oyunlarını davam etdirdiyinin və Paşinyanın özünün qeyri-ciddi siyasi fiqur olmasının göstəricisidir.

Belə oyunların nəylə nəticələnə biləcəyi 2020-ci ildəki 44 günlük müharibədə açıq-aydın göründü və məntiqlə Ermənistan rəhbərliyi bundan dərs çıxarmalı idi. Ancaq belə görünür ki, çıxarmır və bu gedişlə elə də uzaq olmayan keçmişdə baş verənləri yenidən əməli şəkildə, döyüş meydanında xatırlatmağa ehtiyac yaranacağını qətiyyən istisna etmək olmaz...

C.Məmmədov

“AzPolitika.info”